Pyer de Kubertenin Olimpiya manifesti hərracda 8,8 milyon dollara satılıb

Pyer de Kubertenin Olimpiya manifesti hərracda 8,8 milyon dollara satılıb

Müasir Olimpiya Oyunlarının banisi Pyer de Kubertenin Olimpiya manifesti “Sotheby's” hərrac evi tərəfindən satılıb.

24media.az TASS agentliyinə istinadla xəbər verir ki, hərraclar dekabrın 18-də keçirilib və üç tərəf arasında 12 dəqiqədən çox çəkib. Lotun başlanğıc qiyməti 500 min dollar məbləğində müəyyən olunub. Ekspertlərin fikrincə, yekun məbləğ 1 milyon dollar olacaq, lakin manifest 8,8 milyon dollara satılıb.

Kuberten manifesti 1889-cu ildə yazıb. 14 səhifəlik əlyazmada müasir Olimpiya Oyunlarının əsasları şərh edilib. Kuberten yazır ki, “xalqlar arasında mübarizə yalnız idmanda olmalıdır”.

Kuberten Olimpiya Oyunlarının dirçəldilməsinin təşəbbüskarı olub. Oyunların andı, emblemi onun tərəfindən işlənib hazırlanıb, “Daha sürətlə, daha yüksək, daha güclü” şüarı onun tərəfindən təklif edilib. Olimpiya Oyunları zamanı nəciblik və sadiqlik təzahürlərinə görə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən təqdim edilən xüsusi mükafat onun şərəfinə adlandırılıb.