Putin-Paşinyan görüşündən əldə edilən ən böyük nəticə

Putin-Paşinyan görüşündən əldə edilən ən böyük nəticə

Ermənistan Baş Naziri Nikol Paşinyan Moskvada  “ Erməni Vəkilləri Assosiasiyasının” üzvləri ilə keçirdiyi görüşdə Rusiya Federasiyası Prezident Vladimir Putinlə apardığı danışıqların son dərəcə məhsuldar olduğunu bildirib. Onun dediyinə görə üç saat yarım çəkən görüşdə gündəlikdə olan bütün məsələləri müzakirə etmək mümkün olmuşdur.  “Deməliyəm ki, ümumilikdə görüşün nəticələrindən çox məmnunam. Əlbəttə Rusiya Federasiyası Prezidenti Putinlə xüsusilə son dövrlər olduqca açıq münasibətlər yaranıb, görüşlər birbaşa səciyyə kəsb edib.

 Bu gün biz ikitərəfli gündəliyimizə daxil olan bütün məsələləri müzakirə etdik, regional və hətta beynəlxalq məsələlərə toxunduq.

Görüş məhsuldar keçdi. Biz heç bir sənəd imzalamadıq, amma təhlükəsizlik və əvvəllər imzalanmış, bundan sonra da həyata keçirilməsi ilə bağlı bir sıra ehtimallar olan sənədləri müzakirə etdik. Baxmayaraq ki, bu sənədlər bu gün də həyata keçirilir. Bilirsiniz ki, bizim birgə Rusiya-Ermənistan hərbi kontingenti, ümumi regional Havadan Müdafiə sistemi haqqında müqavilələrimiz var. Bu müqavilələrin yeni şəraitdə həyata keçirilməsi haqqında mexanizm və konkret plan müzakirə olundu.”

İki dövlət başçısının müzakirə etdiyi məsələlərə Ermənistan ordusunun və Silahlı Qüvvələrinin reforma olunması, Bakıda saxlanan ermənilərin qaytarılması, regional kommunikasiya xətlərinin açılması, Ermənistan-Türkiyə münasibətləri, Ermənistanda  müharibədən sonrakı yenidənqurma işlərində Rusiya şirkətlərinin iştirakı daxil idi. Bu məsələlərdən hansının müzakirə olunaraq həllini tapması ilə əlaqədar heç bir məlumat verilmir. Yəni düşündüyümüz qədər, onlardan heç birini Paşinyan Ermənistan ictimaiyyəti qarşısına çıxarıb nailiyyət kimi təqdim edə bilmir. Bəzi məsələlərin müzakirə olunması üzərindən isə sükutla keçir. Belə məsələlərdən ən önəmlisi heç şübhəsiz, iyun ayının 20-nə təyin olunmuş növbədənkənar parlament seçkiləridir. Qarşıdan gələn seçkilərin Putinlə hansı səviyyədə müzakirə olunması haqqında Paşinyanın bəyanatlında heçnə deyilmir.

İki dövlət başçısı arasında müzakirə olunacağı heç kimdə şübhə oyatmayan məsələlərdən biri də eks- prezident Koçaryanın seçkilərdə iştirakı məsələsidir. Paşinyandan bir gün əvvəl Moskvada olan və Putinlə telefon danışığı gerçəkləşdirən Koçaryana gələcək seçkilərdə hansı rolun ayrıldığı hələ də qaranlıq qalır.

Amma Paşinyanın görüş haqqında detalları vermədən bu cür yüksək pafosla danışması onun Putin tərəfindən mərhəmətə layiq görüldüyündən xəbər verir.

Moskvada yerləşən digər mənbələrdən verilən məlumata görə Putin-Paşinyan görüşündən əldə olunan ən böyük nəticə elə deyəsən COVİD-19 pandemiyası ilə birgə mübarizə aparmaq haqqında razılaşma olub. Belə ki, “Sputnik V” peyvəndinin  ilk partiyasının artıq aprel ayının 8-də Ermənistana gətirilib. Paşinyan ölkəyə 1 milyon peyvənd lazım olduğunu bildirib. Putin bu məsələdə yardım etməyi öhdəsinə götürüb, Rusiya peyvəndlə tam təmin olunduqdan sonra.

Görək bu dəfə Moskva görüşündən ruh yüksəkliyi ilə qayıdan Paşinyanı İrəvan necə qarşılayacaq?