Patriarx Kirill Azərbaycan və Ermənistanı dialoqa çağırıb

Patriarx Kirill Azərbaycan və Ermənistanı dialoqa çağırıb

Moskva və bütün Rus Patriarxı Kirill Ermənistan-Azərbaycan münaqişəsi tərəflərini dialoqa çağırıb.

24Media xəbər verir ki, Rus Pravoslav Kilsəsinin rəsmi saytında yayımlanan açıqlamada patriarx hər dəfə vəziyyətin kəskinləşməsini şəxsi ağrısı kimi qəbul etdiyini dilə gətirib.

“12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədində yenidən silahlı qarşıdurma başlanıb və bu da hər iki tərəfdən insan tələfatına səbəb olub.

Əsrlər boyu yan-yana yaşayan xalqların qarşıdurması 33-cü ildir davam edir. 1989-cu ildən bu münaqişəni sülh yolu ilə həll etmək üçün daim işlərdə iştirak edirəm.

Ermənistan və Azərbaycanın dini icmaları belə dialoqun qurulmasında təcrübə qazanıblar və hazırda dialoqa çox böyük tələbatat var. Sizi Qafqazdakı artan gərginlikdən bəhrələnən qüvvələrin istəklərinə əməl etməməyə çağırıram. Qafqazda yeni müharibə istər-istəməz bölgəni uzun müddət sülh və əmin-amanlıqdan məhrum edəcək hər cür terrorçu və ekstremisti cəlb edəcək”, - açıqlamada deyilir.

“Rus Pravoslav Kilsəsinin Qarabağ münaqişəsinin həllində üçtərəfli dialoq şəraitində uzunmüddətli sülhməramlı fəaliyyəti mənə Azərbaycanın və Ermənistanın dini liderlərinə müraciət etməyə imkan verir. Sizdən xahiş edirəm, əziz qardaşlar, görüşlərimizdə əldə etdiyimiz nailiyyətləri qoruyub saxlayaq”, - Patriarx Kirill deyib.

Onun sözlərinə görə, Rus Pravoslav Kilsəsi münaqişənin ən qısa zamanda sona çatması üçün dua edir: “Ümid edirik ki, bizə qardaş olan Ermənistan və Azərbaycan xalqları düşmənçiliyi dayandırmaq, etimadsızlıq səviyyəsini azaltmaq və fikir ayrılığı yaradan problemlərin qarşılıqlı məqbul həll yolları ilə nizamlanması üçün özlərində güc və müdriklik tapacaqlar”.