Paşinyan Moskvaya hansı üzlə və nə məqsədlə gedir?

Paşinyan Moskvaya hansı üzlə və nə məqsədlə gedir?

24Media xəbər verir ki, Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan öz protokol şöbəsinin müdiri Eduard Arutyunyanı Moskvaya ezam edib. Əldə olunan məlumata görə Eduard Arutyunyan Baş Nazirin RF-yə səfərini hazırlamaq məqsədi ilə göndərilib və onun ezamiyyət müddəti 30 noyabr 1 dekabr tarixlərini əhatə edir. Protokol şefinin Baş Naziri görüşlərdə müşayiət edəcəyini də nəzərə alsaq deməli yaxın iki-üç günə Nikol Paşinyan Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşəcək.

Rusiya tərəfindən  Paşinyanın səfəri və onun Putinlə görüşüb-görüşməyəcəyi haqqında məlumat verilmir. Mümkündür ki, Rusiya Prezidenti bu planlaşdırılmamış görüşün vaxtını təyin etməkdə çətinlik çəkir. Təbii ki, telefon zənglərində olduğu kimi bu dəfə də Paşinyanı yola verə bilmir. Putin bilir ki, Nikol Moskvaya gəlirsə görüşməmiş əl çəkməyəcək.

Digər tərəfdən, son iki ayda regionda baş verən hadisələr  fonunda Rusiya xarici siyasətində Ermənistanın Dağlıq Qarabağ müharibəsində məğlub olan tərəf kimi yerinin müəyyən olunması üçün  ciddi müzakirələrə ehtiyac var.

Ermənistanda  müxalifətin Paşinyanı istefaya göndərməklə bağlı mitinqlərin ardı-arası kəsilmir, əsgər anaları itkin düşmüş evladlarını tələb edir, Qarabağdan gələn qaçqınlar qalmağa yer tapmadıqlarına görə Ermənistan Parlamentinin qarşısında gecələyirlər. Vəziyyətin bu qədər ağır olması fonunda Nikolun Moskvaya səfəri onun tərəfindən olduqca riskli hərəkət kimi qiymətləndirilə bilər. Onun səfərdə olmasından istifadə edən bu sadaladığımız qüvvələr birləşib Baş Naziri hakimiyyətdən uzaqlaşdıra bilərlər. Belə olan halda onun belə tələsik Moskvaya səfər etməsinin səbəbi olduqca ciddi olmalıdır.

Təbii ki, hakimiyyət və yenə də Baş Nazir postunu itirmək qorxusu onu bu riskli səfərə çıxmağa məcbur edir. Paşinyan artıq başa düşür ki, istənilən halda onun hakimiyyətdən uzaqlaşdırılması məsələsi hər keçən gün ciddiləşir.Son hadisələr göstərir ki, müxalifət sona qədər gedərək  onu dəyişməkdə qərarlıdır.

Dağlıq Qarabağda atəşkəsin əldə olunması vəmüharibənin saxlanması üçün imzalanan üçtərəfli bəyanatın ardından Ermənistanın Baş Naziri bir neçə dəfə xalqa müraciət edib. Tərəfdarlarını köməyə çağırıb. Fransadan dəstək alıb. Altı aya həm Qarabağda , həm də Ermənistanda vəziyyəti düzəldəcəyi ilə əlaqədar 15 bənddən ibarət yol  xəritəsini xalqa təqdim edib.

Amma ermənilər və xüsusən, müxalifət Qarabağın itirilməsi müqabilində bütün bu təşəbbüslərin əhəmiyyətsiz olduğunu irəli sürür və torpaqların itirilməsinin indiki halda cavabı məhz Paşinyan və onun komandasının ilkin mərhələdə hakimiyyətdən uzaqlaşdırılması və sonradan cinayət məsuliyyətinə cəlb ediməsi olduğunu düşünürlər. Müxalifətdə artıq Paşinyanı əvəz edə biləcək şəxslərin siyahısını da müəyyən  ediblər. Bunlar Artur Vanesyan, Karen Karapetyan və Vazgen Manukyandır. Hər üçü ermənistanda ciddi vəzifələrdə çalışmış və Rusiya tərəfində hakimiyətə gətirilə biləcək şansları olan şəxslərdir. Digər tərəfdən də bu şəxslər Paşinyanın iddialarının əksinə olaraq, Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəsin yerinə yetirələcəyini artıq öhdələrinə götürüblər.

Vəziyyətin Nikol Paşinyan üçün bu qədər ümidsiz olduğu şəraitdə kömək əlini uzada biləcək yeganə qüvvə yenə də Rusiya və Putindir. Eyni zamanda, Putin son müsahibəsində erməni xalqına üz tutaraq ermənilərin məğlub olmasında Paşinyanın günahkar olmadığını bildirib və xəyanatkar damğasını onun üzərində götürməyə çalışıb. Deməli, Putin Paşinyanın hələ də hakimiyyətdə qalmasını qəbul edir. Amma görünür verdiyi dəstək yetərli deyil və Paşinyanı tərpədirlər.

Və elə Paşinyanın bu tələsikdə Rusiyaya  səfərinin məqsədi Putinin ona dəstəyinin daha da artırılması üçün xahiş etməkdir. Təbii ki,bu dəstək  Dağlıq Qarabağdakı müharibənin dayandırılması haqqında imzalanan üçtərəfli bəyanata düzəlişlər etmək hesabına baş verməyəcək. Çünki, Rusiya dəfələrlə  bəyanatın dəyişməyəcəyini bildirib. Digər tərəfdən Azərbaycan və Türkiyə bəyanata dəyişikliyə heç vaxt icazə verməyəcəklər.

Belə olan halda Rusiyanın edə biləcəyi yeganə kömək Qarabağdan qaçıb gələnlərə hümanitar yardımın artırılması, onların geri qaytarılmasına vasitəçilik və Paşinyana müxalifətdə dayanan qüvvələrin ipinin çəkilməsi ola bilər. Eyni zamanda Rusiya Prezidenti Paşinyanı dəstəkləməsi haqqında tezislərini yeniləyə və bu istiqamətdə daha ciddi mesajlar verə bilər.

Belə olan halda Paşinyanın bunun müqabilində  Rusiyaya nə verə biəcəyi maraqlıdır. Axı siyasətin  də qarşılıqlı maraqlar üzərində qurulması çoxdan məlumdur və Rusiyanın ermənilərə, xüsusən Paşinyana qarşılıqsız yardım göstərəcəyi ağlabatan görünmür.

Düşünürəm ki, Rusiya Prezideni Paşinyanın bu cür alçaldılmasını böyük təbliğat vasitəsinə çevirərək Soros və Qərbə sübut etməyə çalışacaq ki, onun nüfuz dairəsini soxulmaq mənasızdır və bu fikirlərindən əl çəksinlər.

Politoloq Əlimusa İbrahimov