Partiyalar hökumətdən ofis istəyib – Pənah Hüseynin PA-dakı görüşünün sirrləri

Partiyalar hökumətdən ofis istəyib – Pənah Hüseynin PA-dakı görüşünün sirrləri

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn sosial şəbəkə hesabında bu gün Prezident Administrasiyasında görüşə çağırıldığını qeyd edib. 

 

O, Administrasiyanın siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə müzakirə aparıldığını vurğulayıb. Həmçinin partiya sədri bildirib ki, görüş bir neçə siyasi partiya ilə birgə siyasi partiya və dövlət münasibətləri, ofis və s. məsələlərlə əlaqədar əvvəllər etdikləri müraciətlə bağlı olub.

 

Pənah Hüseyn Modern.az-a açıqlamasında bildirib ki, həmin müraciət bir neçə ay əvvəl Azərbaycan Milli İstiqlal Partiyası, Ağ Partiya və Böyük Azərbaycan Partiyası adından ünvanlanıb. Onun sözlərinə görə, həmin partiyaların da bu görüş haqqında məlumatı var.

 

Məsələ haqqında adları çəkilən siyasi partiyaların da mövqeyini öyrənməyə çalışdıq.

 

AMİP-in vasitəçiliyə ehtiyacı yoxdur...

 

Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu bildirdi ki, Azərbaycan Milli İstiqlal Partiyasının hansısa məsələni hökumətlə müzakirə etmək üçün vasitəçiyə ehtiyacı yoxdur:

 

“Partiyamız Pənah Hüseynə təmsilçilik üçün hər hansı vəkalət verməyib və üzərinə hansısa missiya qoymayıb.  Dediyim kimi AMİP-in özünün sözü varsa, vasitəsiz şəkildə hakimiyyətə çatdırıb. Belə bir şey olsaydı, partiyanın kollegial qurumlarında, məlumat verilərdi.

Amma ümumi olaraq, ölkədə siyasi partiyaların vəziyyəti, siyasi proseslərlə əlaqədar müzakirə aparıbsa, bu müsbət addım olar”.

  

Siyasi partiyaların qərargahı yoxdur və dövlət bunu təmin etməlidir...

 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə birgə müraciət olunduğunu təsdiqləyib. Onun sözlərinə görə,  seçkilərdən öncə adıçəkilən 4 partiyanın birgə əməkdaşlığı mövcud idi:

 

“Pənah bəy mənə zəng edib, görüşə çağırıldığını bildirdi. Hələlik görüşün təfərrüatları barədə geniş söhbət etməmişik.

Prezident Administrasiyasında yaradılan yeni şöbənin işi siyasi təşkilatlarla əlaqələrin qurulmasıdır. Bu baxımdan, müraciətimizin də planda olduğunu düşünürəm.

Adları çəkilən siyasi partiyaların qərargahı yoxdur və dövlət bunu təmin etməlidir. Ona görə belə bir görüşün keçirilməsi normaldır”.