Pandemiya avtomobil bazarına necə təsir edib? - QİYMƏTLƏR, PROBLEMLƏR

Pandemiya avtomobil bazarına necə təsir edib? - QİYMƏTLƏR, PROBLEMLƏR

Pandemiyanın yayılması bir çox biznes və fəaliyyət növləri kimi ölkədə avtomobil alqı-satqısı proseslərini də təsirsiz buraxmadı. Həyata keçirilən karantin tədbirləri çərçivəsində təkrar avtomobil bazarının fəaliyyəti dayandırıldı. Ölkəyə giriş-çıxışa tətbiq edilən məhdudiyyətlər xaricdən avtomobil gətirilməsində də özünü büruzə verdi. Bəs bütün bu proseslərin fonunda ölkənin avtomobil bazarının hazırkı mənzərəsi necə görünür?

Nəzərə alaq ki, avtomobil bazarının bağlanması maşın alverçilərini alqı-satqı saytlarına üz tutmağa vadar edib. “Report” olaraq ölkədəki alqı-satqı saytlarının birində bəzi avtomobil modellərinin qiymətləri ilə tanış olmuşuq. Məlum olub ki, alqı-satqı saytında 2000-ci il  istehsalı olan “Mercedes C 240” modelinin qiyməti 9 000-12 200 manatdır. 2012-ci il istehsalı olan “Hundai Elantra” modelinin qiyməti 16 300-19 200 manat, “Chevrolet Cruze” avtomobilinin qiyməti 10 500-13 500 manat, “Ford Fusion” avtomobilinin qiyməti 16 200 – 21 500 manat, “Kia Rio” avtomobilinin qiyməti  9 000-17 500 manat, “Toyota Prius” avtomobilinin qiyməti isə 16 800-22 600 manat arasında dəyişir.

24Media "Report"a istinadən xəbər verir ki, Avtomobil bazarının ümumi vəziyyətinə gəlincə isə, nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov  verdiyi açıqlamada bazarda vəziyyətin ürəkaçan olmadığını qeyd edib:

“Azərbaycanın ikinci əl avtomobil bazarında vəziyyət ürəkaçan deyil. Ötən il ərzində və 2020-ci ilin əvvəlində ölkəyə gətirilən avtomobillərin bir çoxu satılmayıb və sahibkarlar böyük zərər çəkib. Yeni avtomobil bazarında vəziyyət bir qədər dirçəlməyə doğru getsə də, ikinci əl avtomobil bazarında vəziyyət yaxşı deyil. Bunun da əsas səbəbi pandemiyanın yayılması və karantin qaydalarının tətbiqidir.

Yayın əvvəlində təkrar avtomobil bazarında qiymətlərin təxminən 20% enməsini müşahidə etdik. Hazırda bu bazarda qiymətlər stabilləşib. Qiymətlərdə nə kəskin enmə, nə də kəskin artım var”.