Özümüzü sevmək nə qədər vacibdir? 

Özümüzü sevmək nə qədər vacibdir? 

"Mən özümü nə qədər sevirəm?" Heç bu barədə düşünmüsünüz? Özümüzü sevmək nə qədər vacibdir? 

Çox vaxt özünə qarşı olan sevgini insanın həyatını istədiyi kimi yaşaması, özündən razılıq və hətta eqoizm kimi təsvir edirlər. Psixoloqlar isə bu hissin özündə çox sayda məna daşıdığını və ən vacib hisslərdən biri olduğunu qeyd edirlər.

Hər birimiz eşitmişik ki, özümüzü sevməliyik. Bəs bu həqiqətən nə deməkdir? Biz qidalanırıq, çünki bilirik ki, həyatda qalmaq üçün qida qəbul etməliyik. Bu instinktdir. Başqaları tərəfindən sevilmək üçün, "səni sevirəm" sözünü eşitmək üçün can atırıq. Bunun səbəbi isə hər zaman sevilmək istəməyimizdir. Lakin anlamırıq ki, hər şey insanın özü-özünü sevməsindən başlayır. Biz özümüzü sevməsək, qarşımızdakı insana səmimi sevgini heç bir zaman verə bilmərik. Hər şey sadədir: özündə olmayan bir şeyi, digərinə verə bilməzsən.

Sevgi anlayışı, uşaqlıqdan bizi böyüdən insanlar tərəfindən öyrədilir. Özünü sevmək - hər gün bahalı geyimlər, bahalı restoranlarda qidalanmaq deyil. Dünyada çox sayda baxımlı, gözəl və dəbdəbəli geyinən insanlar var. Lakin onların çoxu özünə qarşı həqiqi sevginin nə olduğunu tam dərk etmir.

Özünə qarşı sevgi, 4 aspektdən ibarətdir: özünüdərketmə, özünüqiymətləndirmə, özünə hörmət və özünə qayğı. Bunlardan birisi yoxdursa, demək ki insan özünü tam sevmir. Özünü sevmək asan iş deyil. Bəzən bunun üçün hər hansısa vərdişdən, bəzən isə hətta insandan imtina etməliyik.

Gəlin, bu dörd aspekti ayrı-ayrılıqda nəzərdən keçirək:

Özünüdərketmə

Burada söhbət, insanın psixoloji vəziyyətini idarə etməkdən gedir. Fikirlərinizin emosiyalara, emosiyalarınızın isə hərəkətlərinizə necə təsir etdiyini bilmək-özünüdərketmə deməkdir. Məsələn, sizi hansı fikirlərin qəzəbləndirdiyini və ya əksinə hansı fikirlərin sevindirdiyini bilmək, sizin özünüzü nə qədər yaxşı tanıdığınızı göstərir. Əlbəttə ki, qəzəblənməyinizin səbəbini bilmək, qəzəblənməkdən qaça biləcəyiniz mənasına gəlmir. Lakin səbəbi bilmək, sizin daha ağıllı, daha təmkinli addımlar atmağınıza kömək olacaq. Beləliklə, sizin emosional vəziyyətiniz daha az sarsılmış olacaq. Özünüdərketməni inkişaf etdirmək üçün ən yaxşı vasitələrdən biri-fikirlərinizin, emosiyalarınızın və hərəkətlərinizin qeydini aparmaqdır.

Özünüqiymətləndirmə

Özünüqiymətləndirmə bizim özümüzə qarşı olan münasibətimiz, verdiyimiz dəyərdir. Əksər hallarda özümüzə verdiyimiz dəyər heç də ürəkaçan olmur. Çox zaman isə bu hər hansısa səhvlərimizlə bağlı olur. Məsələn, yanlış bir şey etdikdən sonra niyə bu yanlış addımı atdıq deyə oturub özümüzü qınayarıq. Bu isə bizim özümüzə qarşı olan dəyərimizi azaldır. Təbii ki, bir səhv etdikdə ondan nəticə çıxarmalıyıq və onu yenidən təkrarlamamağa çalışmalıyıq. Lakin nəticə çıxararkən özünüz öz dəyərinizi azaltmalı deyilsiniz. Özünüqiymətləndirmə zamanı çalışın müsbət tərəflərinizə fokuslanın. Çünki hər kəsin içində mütləq ki müsbət tərəflər var. Özünüzə olan dəyəri bərpa etmək üçün, insanlara kömək etdiyiniz anları xatırlayın. Bəlkə siz özünüzə sadəcə düzgün dəyər verə bilmədiyiniz üçün özünüzü bu qədər dəyərsiz hiss edirsiniz? Ən qızıl qaydalardan biri də odur ki, özünüzü kimləsə müqayisə etməyin. Siz individual bir insansız.

Özünə hörmət

Bu aspekt özünü qiymətləndirmə ilə çox bağlıdır. İnsanlara kömək etdiyiniz anları xatırlamaq barəsində yuxarıda bəhs etmişdik. Bu üsul özünə hörməti artırmaq üçün də işə yarayır. Özünə hörmət üç amildən asılıdır: uşaqlıqda gördüyümüz sevgidən, bizim yaşıdlarımızın nə əldə etməsindən və özümüzün valideynlərimizlə müqayisədə nəyə nail olduğumuzdan. Əgər özünüzə hörmət etmək istəyirsinizsə, ilk növbədə özünüzə qarşı olan dəyəri artırın. Hər gün özünüzə dəyərli olduğunuzu xatırladın.

Özünə qayğı

Burada yalnız gözəl görünmək üçün göstərdiyimiz qayğıdan söhbət getmir. Buraya sağlamlığımız üçün də etdiyimiz hər şey aiddir. Məsələn, sağlam qidalanmaq, idman etmək, yetərincə yatmaq və s. Özümüzə qayğını digər formalarda da göstərə bilərik. Sevdiyimiz işlə məşğul olaraq, musiqi dinləyərək, bizə yaxşı təsir edən insanlarla ünsiyyətdə olaraq da özümüzə qayğı göstərmiş oluruq.

 

Özümüzü sevmək əslində o qədər də çətin deyil. Bütün bunlara əməl edərək özümüzə qarşı olan sevgimizin necə artdığını görə bilərik. Hər zaman özünüzü sevin və xatırlayın ki, sizdən daha dəyərli biri yoxdur. Özünüzü sevin ki, ətrafınıza da sevgi bəxş edə biləsiniz.