“Övladım imkansızlıqdan təhsil ala bilməyib” – MÜSAHİBƏ

“Övladım imkansızlıqdan təhsil ala bilməyib” – MÜSAHİBƏ
“Övladım imkansızlıqdan təhsil ala bilməyib” – MÜSAHİBƏ

24Media-nın budəfəki müsahibi Ağdərə, Murovdağ istiqamətləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Sadıqov Rəsulun anası Elnarə Allahverdiyevadır.

Sadıqov Rəsul Həşim oğlu 2001-ci il martın 3-də Bakı şəhərində dünyaya gəlib. Könüllü olaraq İkinci Qarabağ müharibəsində iştirak edib. 2020-ci il 10 oktyabrda Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mehdiabadda Şuşa Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra döyüşlərdə fəal iştrakına görə "Vətən uğrunda", "Cəsur döyüşçü", "İgidliyə görə", "Zəfər ordeni" medalları ilə təltif olunub.

"Mən Rəsulu tək böyütmüşəm"

- Rəsul uşaqlıqdan hamıya hörmət edən, ağıllı, tərbiyəli övlad idi. İmam Hüseyn aşiqi olub. Namaz qılıb, oruc tutardı, Kəbəyə də getmişdi. Hətta axırıncı dəfə gedəndə mənə demişdi ki, hərbi xidməti bitirdikdən sonra səni də özümlə aparacam, sənə  orada Quran hədiyyə edəcəm, amma qismət olmadı.
Mən Rəsulu tək böyütmüşəm. Kirayə qalırdıq, övladım imkansızlıqdan təhsil ala bilməyib. İşləyib ailəyə dəstək olurdu. 9 yaşından güləşlə məşğul olub, yarışlarda iştirak edib, birincilik qazanıb.

"Tovuz hadisələrində könüllü olaraq döyüşlərə qatılıb"

- Hərbi xidmətə çağırıldı. Goranboyda Ballıqaya ərazisində andiçməsi oldu. Orada xidmət edib. Atış üzrə birincilik qazanıb, fəxri fərmanları var. Minamyot tuşlayıcısı olub. Tovuz hadisələrində könüllü olaraq döyüşlərə qatılıb. Ağdərə, Suqovuşan, Murov yüksəkliyi, Kəlbəcər, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştrak edib. Erməni pozisiyalarını, silah-sursat anbarlarını məhv edib. Hərbi hissə komandirinin bildirdiyinə görə, Rəsul komandada yeganə minamyot tuşlayıcısı olub, manqa başçısı, döyüşü aparan ikinci şəxs olub.

"Özümü sakitləşdirdim ki, oğlum Vətən uğrunda şəhid olub"

- Rəsulun 9 yaşında Mirsalam adında qardaşı var. O da qardaşının yolunu davam etdirir. Ölümündən bir gün əvvəl axşam saat 11 olardı. Zəng elədi, israrla dedi ki, qardaşımı oyat, onunla danışmaq istəyirəm. Danışdılar, sağollaşdıq. Oktyabr ayının 10-u şəhid oldu. Qarın nahiyəsindən dəyən qəlpə kürəyindən çıxmışdı. Komandirinin qucağında can verib. Komandir soruşub: "Rəsul, nəsə sözün var? Ağrıyırsan?". Rəsul deyib ki, hər şey yaxşıdır. Komandir son sözünün nə olduğunu soruşanda şəhadət gətirib, şəhid olub.
Ayın 10-u səhər mənə zəng gəldi. Dedilər ki, Rəsul yaralanıb, şəhid olduğunu demədilər. Mən Yevlaxa getdim və orada bildim ki, oğlum şəhid olub. Allah həmin anı heç bir anaya qismət eləməsin. Mən orada çox pis vəziyyətə düşdüm, amma bir anlıq özümü sakitləşdirdim ki, oğlum Vətən uğrunda şəhid olub. Hər adama nəsib olmur o uca zirvə.
Orada itkinlərini axtaran analar vardı, biri qolunu, biri ayağını. Amma mənim oğlum bütöv bədəni yerindədir. Allahıma şükür elədim ki, oğlumu bütöv gətirirəm. Dedim ki, bircə oğlumu evə çatdırım, dəfn eləyim, ortada qalmasın.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!