Orta əsr kilsə sisteminin törətdiyi fəlakətlər

Orta əsr kilsə sisteminin törətdiyi fəlakətlər

Avropada kilsələr xalqa, hətta kral və imperatorlara da ağalıq edib. Çoxlu torpağa sahib olub, vergi yığıblar. Alınan pullar papanın xəzinəsinə, Vatikandakı görkəmli qəsrlərin inşasına gedib. Papa muzdlu orduya və elçilərə sahib olub. Hər hansısa kral ona qarşı çıxarsa, "Allaha qarşı çıxan" hesab olunub və öldürülüb.

XIII əsrdə Papa III İnnosent vaxtında papalıq gücünün pik nöqtəsinə çatır. Qərbi Avropanın hər yerindən papanın Romadakı xəzinəsinə hədiyyələr  gəlir. Kilsə insanlara "indulgensiya" adlanan cənnət qəbzləri satır, onlara qarşı gələnləri "bidətçi" adlandırırdılar. İnsanlara cəza verərkən "autodafe" adlı mərasimdə tonqalda yandırırdılar.

1095-ci ildə papa  insanları Qüdsü müsəlman kafirlərdən almaq adı ilə yürüşə çağırır. Bütün VIII yürüş  "səlib yürüşü" adlanır və ən dəhşətli cəhəti uşaq qətliamının baş verməsidir. 1187-ci ildə Səlahəddin Əyyubinin komandanlığı ilə İslam orduları tərəfindən səlibçilər Qüdsdən qovulur. Kilsə bu yürüşdə iştirak edənlərin cənnətlə müjdələnəcəyini deyir. Etienne adlı uşaq yuxusunda Hz.İsanın onu  bu səfərə getməklə vəzifələndirdiyini söyləyir. O başda olmaqla minlərlə uşaq səfərə çıxır. Kilsə camaatı və Kral Filipi inandırır ki, uşaqlar günahsız olduğu üçün müqəddəs torpaqları ala bilərlər. Lakin uşaqların çoxu yolda tələf olur, çox az qismindən xəbər alına bilinir. 

Kilsə sistemi ilə Avropada cəhalət hökm sürüb. XIII əsrdə Papa IX Qreqori: "Pişiklər şeytandır və öldürülməlidir",- deyir. Pişiklərin öldürülməsi nəticəsində siçanlar artır, vəba xəstəliyi yayılır və 25 milyona yaxın insanın ölümünə səbəb olur.

 XIV əsrdə kilsə suyun bədənlə təması nəticəsində xəstəlik və cinsəl arzu yaratdığını deyərək çimməyi qadağan edir. Nəticədə insanlar bitlənir. Saçlarını kəsdiklərindən başlarına parik taxar, düşən bitləri görmək üçün boyunluq taxıb, ipək paltar geyərlər. Avropa küçələrinin iylənməsi isə parfümün ixtirasına səbəb olur.

Bir çox dahi, yazar və s. önəmli şəxslər kilsənin insan üzərindəki hakimiyyətinə əngəl olmaq istəyib. Onlar intibah dövrünü yaradır. Leonardo da Vinçi, Mikelancelo kimi rəssamlar kilsə təzyiqlərinə məruz qalıb. Nikolay Kopernik mərkəzdə Yerin deyil, Günəşin olduğunu müdafiə edir. Kilsə bunların dinin dedikləri ilə üst-üstə düşmədiyi üçün onu cəzalandırır. Eyni halı kitabları qadağan olunan Qalileo Qaliley də yaşayır.

1517-ci ildə Martin Lüterin kilsəyə qarşı çıxması ilə protestantlığın əsası qoyulur, reformasiya başlayır. İnsanlar kilsədən pul ödəyərək cənnətdən torpaq aldıqları vaxtda Lüter cəhənnəmi almaq istədiyini bildirir. Kilsə onu ələ salaraq cəhənnəmi satır. Lüter üzünü insanlara tutaraq cəhənnəmin sahibi olduğunu və heç kəsi ora buraxmayacağını deyir.

Bəşəriyyətin ən unudulmaz anlarından biri Cordano Brunonun Romanın "Güllər" meydanında yandırılmazdan əvvəl tövbə etməsi üçün rahibin uzatdığı xaçı əli ilə itələməsidir. 8 il dəhşətli həbsxanalarda saxlanılan Bruno inkvizisiya məhkəməsində öz cəlladlarına deyir: "Hökmü oxuyarkən siz qorxudan tir-tir əsirsiniz, mən isə tonqalda yandırılacağıma baxmayaraq sizin qədər qorxmuram. O, 1600-cü ildə yandırılaraq öldürülür.

Uilyam Tindeyl isə xalqın Müqəddəs kitabı anlaması üçün ingilis dilinə tərcümə etmək istəyib. Katolik kilsəsinin buna qarşı çıxdığı zaman kilsədə yüksək vəzifədə olan bir düşməninə "Tanrı mənə ömür verərsə, bir neçə il ərzində kotan sürən uşaq, Müqəddəs kitabı səndən daha yaxşı biləcək" deyir. Tərcüməni tamamlamaq üçün Almaniyaya qaçır, ancaq İngiltərəyə gizlicə göndərilən bu tərcümələr yandırılır. Tindeyl əvvəlcə kafir elan edilir, 1536-cı ildə boğularaq öldürülür və cəsədi yandırılır.

Bütün bu və bu kimi hadisələr mənfəət və cəhalətin yol açdığı dəhşətli hadisələri göstərir. Tarix isə təkrarlanmamalı, dərs götürülməlidir.