"Orada bir dəqiqə bir ömür kimi idi"- MÜSAHİBƏ

24Media-nın budəfəki müsahibi Vətən müharibəsi iştirakçısı Hüseyn Mazanovdur.

Zəhmət olmasa, özünüzü təqdim edin
Mən Mazanov Hüseyn Rahib oğlu, Masallı rayon Ərkivan qəsəbəsində anadan olmuşam. 2016-cı ildə hərbi xidmətə yollanıb, 2017-ci ildə tərxis olunmuşam.
 

Hüseyn bəy, sizi hansı hiss bir anda odlu, alovlu müharibənin içində olmağa vadar etdi?
Bizim müharibə haqq davası, haqq yolunda şəhid olmuş  qardaşlarımızın intiqamı idi. Nə gözəl ki sən haqqın üçün, öz torpağın üçün savaşırsan. Vətən bizə əmanət olunub, hamımız bu vətənin övladlarıyıq.Türklərin gözəl bir sözü var: "Konu vatansa, gerisi teferrüatdır".

Hansı bölgə uğrunda döyüşmüsünüz və necə oldu ki yaralandınız?
Cəbrayıl istiqamətindən döyüşə başladıq, ilk döyüşümüz idi. Həyəcan var idi, amma bir məqsəd var - döyüşməlisən. Allahın verdiyi güc-qüvvətlə yüksəklikləri alırdıq. Cəbrayılın sonuncu yüksəkliyini aldıq. Bir şəhid verdik, taborumuzun həkim zabiti şəhid oldu, nə gözəl ki, qanı yerdə qalmadı. İkinci rayon Qubadlı oldu. Qubadlı strateji cəhətdən çətin idi. Dağ döyüşləri çətin olur. Amma buna baxmayaraq, düşməni qovduq. Orada olan hər bir əsgər canını ortaya qoyub döyüşürdü. Düşmən tab gətirmirdi. Qubadlının sərhədinə 2 km qalmış düşmən artileriya qurğusunu möhkəmləndirmişdi.  Bizdən qabaqda gedən bölüyü yolda vurdular, məsafəmiz 400-500 m idi. Bizə yaralıları çıxarmaq üçün komanda gəldi.  Bölüyümüzün hamısı çıxdı ki, gedək çıxardaq. Amma yarımız yolu keçməli idik. Yolu keçərkən artilleriya ilə adi mövqe seçib uzandıq, yaralılardan ikisini çıxardıq, apardılar. İkinci minamyot çox yaxına düşdü, dalğası qayaya çırpıldı, bir anlıq elə bildim ölmüşəm. Artıq heç nə eşitmirdim və bilmirdim ki, hansı istiqamətə düşəcək. Uşaqlar hərəsi bir yanda qalmışdı, yaralımız çox idi. Bir- bir səsləyirdim, heç nə eşitmirdim. Bir anlıq fikirləşdim ki, hər şey bitdi. Amma  yenə də ümidim var idi. Ayağa durub sağa- sola baxdım. Ağır yaralılar çox idi. Birdən fitin səsi çox yaxından gəldi. Hələ də o səs qulağımdadır. Tez yerə uzandıq. Elə bildim üstümə düşdü. Ondan sora 3-4 saniyə bərk ağrı hiss etdim.Gözümü açanda dedilər artıq hospitaldasan.

Müharibəylə bağlı düşündükləriniz və gedib gördükləriniz eyni oldu?
Müharibə haqqında fikirlərimlə, müharibə eyni ola bilməz. Çünki orada bir dəqiqə bir ömür kimi idi.

Milyonların arzusu olan, 30 ilə yaxındır həsrətini çəkdiyimiz dədə-baba torpaqlarımıza ayaq basmaq, bura ilk qədəm qoyanlardan biri olmaq necə bir hisdir? 

Çox gözəl hisdir. Bunu sözlə ifadə etmək olmur. 30 ilə yaxın Azərbaycanın həsrət qaldığı torpaqları işğalçılardan azad etmək çox qürurverici bir hisdir. 

44 Günlük " Vətən müharibəsi" nin ilk gününü necə xatırlayırsınız?
İlk gün psixoloji cəhətdən çətin, həm də hava şəraiti yağışlı, dumanlı idi. Hamı tapşırıqlara diqqətlə qulaq asırdı. Birinci döyüşümüz Cəbrayılda başladı. Onların təpənin başında postlarını görürdük. Hərəkətə keçdik, səsimizi eşitdilər, bir az atışmadan sonra onlar tərəfdən atəş açılmadı, təpəyə qalxdıq, gördüyümüz mənzərə bizə daha çox ruh yüksəkliyi vermişdi. Əllərində olan silah-sursatı atıb qaçmışdılar.

Müharibə sizə nə qazandırdı?
Müharibə bir sınaq oldu mənə. "Dost çətin gündə tanınar"- deyiblər, müharibə mənə döyüş yoldaşı, ölümə bir getdiyim qardaşlar qazandırdı. Müharibə mənə dözümlü olmağı, günlərlə ac qalmağı, susuz qalmağı, olduğun vəziyyətə uyğunlaşmağı öyrətdi. Həmçinin ətrafım genişləndi, hörmətim daha da artdı. "Cəsur döyüşçü" adını qazandırdı.
Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Şükürlər olsun Allaha ki, döyüşdən  alnı açıq, başı dik bir döyüşçü kimi qayıtmağı nəsib etdi.

Düşmənlə üz-üzə gələndə hansı hisləri keçirdiniz?
Mən əminliklə deyirəm ki, hər bir Azərbaycan əsgərinin arzusu düşmənlə üz-üzə gəlmək idi. Bizə məlumat çatırdı, Bərdəni, Gəncəni  raketlə vururlar,  neçə-neçə insanlar həlak olur. Şəhid olanlar, yaralananlar və daha çoxu cəmlənir gözünün qabağında və bilirsən ki, sən haqqın, vətənin, qisas üçün döyüşürsən.

Birgə, çiyin-çiyinə döyüşdüyünüz əsgərlərlə bağlı hansı xatirələriniz var?
Mənə bir ömür yetəcək qədər xatirəm var. Mənimlə ömürlük yaşayacaq şəhid qardaşlarım, onların xatirələri, son sözləri.. Mollamız  şəhid V. Elməddin var idi.  Hər dəfə deyirdi- "Allah məni şəhidlik zirvəsinə ucaltsın"- çox mehriban, gülərüz insan idi. Döyüş yoldaşım şəhid Seyfullayev Sənan, şəhid Əzizli Sabir.  Allah rəhmət eləsin.

Döyüşdən təzə çıxmışdıq, Qubadlıda idik. Sənan dedi ki-" Kabab düşüb könlümə, qəşəng Qubadlı torpağında bişirib yeyərdik". Bir-iki saat keçmişdi ki, inəklər bizim olduğumuz yerin yaxınlığında otlayırdılar, inəkləri görüb dedi- "İlk Qubadlıda kababı biz bişirəcəyik".  Tutduq, kəsdik o şəraitdə, bişirdik, hamımız yedik. Onlar bu dünyada olmasalar da, bir ömür boyu hər kəs onları  xatirələrində yaşadacaq.

Hüseyn bəy, sonda oxucularımıza nə demək istəyərdiniz? 
Birinci növbədə sizə və saytın əməkdaşlarına təşəkkür edirəm ki, bu barədə məlumat toplayıb cəmiyyətə çatdırırsınız. Azərbaycan xalqının iradəsi, birliyi nəticəsində Azərbaycan əsgəri  qələbə qazandı, bu qələbə hamımızın haqqı idi. Qələbə üçün canından keçmiş şəhidlərimizi unutmayın. Unutmayın ki, bizim azadlığımız uğrunda canlarından keçiblər. Bu birliyi şəhid ailələrindən əsirgəməyin, onların əmanət qoyub getdiyi ailələrinə daim hörmətlə yanaşın.