Onun üçün ən böyük sevinc həmin gün olacaq

Onun üçün ən böyük sevinc həmin gün olacaq

Tələbəsi olduğum Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının dosenti Aygün Əzimova ilə səhər fakültəmizin dəhlizində qarşılaşanda həmişəki kimi səmimi salamlaşdıq. O, adəti üzrə "Necəsən, oğlum?" dəyə soruşdu, mən də ehtiramla cavab verdim. Həmin dəqiqələrdə heç nədən xəbərim yox idi.

 Sadəcə bir qədər sonra təsadüf nəticəsində öyrəndim ki, bu gün müəlliməmizin ad günü imiş. Odur ki, gec də olsa bu qeydləri etməyi özümə borc bildim:

Aygün xanımı ilk dəfə birinci kursda oxuyanda müəllimi olduğu "Mətbuat tarixi və ideoloji iş metodları" kafedrasında görmüşdüm. Hansısa məsələ ilə bağlı getmişdim kafedraya. O, yuxarı kurs tələbələrinə böyük şəxsiyyət Üzeyir Hacıbəyov haqqında danışırdı: "... Çoxları Üzeyir bəyi sadəcə musiqişünas kimi tanıyır. Amma o, həm də dahi publisist, istedadlı jurnalist olub. Siz onun "Bir qədər qəzetəcilik dərsi" məqaləsini oxusanız..."

 

 Sonralar Aygün xanımı daha yaxından tanıdım. Bir dəfə fənn müəllimimizi əvəz etmişdi. Görkəmli mətbuat nümayəndələrimizdən, o cümlədən Məhəmməd Əmin Rəsulzadədən danışırdı.

Belə bir sual verdi: "Uşaqlar, Məhəmməd Əmin Rəsulzadə deyəndə onun mətbuatdakı fəaliyyəti ilə bağlı ağlınıza ilk gələn nə olur?" Cəld əlimi qaldırdım və ""İrani-Nov" qəzetində dərc edilən "Mətbuat azadlığı" məqaləsi" dedim. Ardınca da həmin məqalə haqqında məlumat verdim. Müəllimənin üzündəki təbəssümdən hiss etdim ki, cavabımdan razı qaldı. Bu, mənim Aygün xanımın dərsində ilk və son dəfə iştirakım idi. Amma sonralar ondan daha çox şey öyrəndim.

 Bir dəfə fakültəmizin bir qrup müəllim- tələbə heyəti ilə birlikdə Ağdam və Ağcabədiyə səfər etmişdik. Aygün xanım da heyətin tərkibində idi. Cəbhə xəttinə qədər irəlilədik. Müəlliməmiz həmin anlarda çox həyəcanlı idi. Lakin bu, özünün təhlükə altında olduğuna görə deyil, orada keşik çəkən gənc əsgərlər üçün narahat olduğuna görə idi. Qayıdanda həmin hərbi qulluqçulara öz xeyir-duasını verdi. O anlarda Aygün xanımın necə ağlaması, ürəkdən dilə gətirdiyi alqışlar heç vaxt yadımdan çıxmaz. Əslində müəllimin məsələyə çox həssas yanaşması təsadüfi deyildi. Çünki o, şuşalıdır, qəlbində bir vətən nisgili var.

  Yaxşı xatırlayıram, "Qəzetdə praktik iş" fənnindən imtahana hazırlaşanda "Sovet dövründə müxalif mətbuatda orqanları" sualına cavab tapa bilmirdim. Fənn müəllimindən soruşanda dedi ki, bu, elə Aygün xanımın tədqiqat işidir. Odur ki, Aygün müəllimədən mənə kömək etməsini xahiş etdim. Əvvəlcə, xeyli məlumat verdi, sonra da özünün müəllifi olduğu kitabı hədiyyə edərək: "Oğlum, burda sənə lazım olan hər şey var. Sənə bağışlayıram"-dedi. Və mən də həmin imtahandan yüksək nəticə qazananda uğurumu ilk növbədə onunla bölüşdüm. Mənim kimi müəllimə də sevindi. Lakin dəqiq bilirəm ki, o ən böyük sevinci Üzeyir bəyin, Əhməd Ağaoğlunun, Əbdürrəhim bəy Haqverdiyevin və onlarca digər görkəmli şəxsiyyətin vətəni olan Şuşanın tapdaq altından azad olunduğu gün yaşayacaq. Həmin günü gözləyək, Aygün xanım!

  100 yaşayın, Aygün xanım! Tələbələriniz sizinlə fəxr edirlər.

                 Kənan Novruzov

                 BDU Jurnalistika fakültəsinin dördüncü kurs tələbəsi