Onlayn, yoxsa ənənəvi media?

Onlayn, yoxsa ənənəvi media?

     Ənənəvi media dedikdə, internetin formalaşmasından öncə insanların informasiya mübadiləsi üçün istifadə etdikləri vasitələr nəzərdə tutulur. Qəzet, radio, jurnal, reklam lövhələri, yayım televiziyaları ənənəvi mediada istifadə edilən əsas vasitələrdəndir.
   İnternetin yaranması nəticəsində, dövrün tələbinə uyğun olaraq, onlayn media anlayışı formalaşmağa başladı. İnsanlar arasında geniş və sürətlə yayılan onlayn media qısa müddətdə milyonlarla insan üçün əlçatan oldu. Onlayn media veb saytları, bloqları, podkastları və günümüzdə insanlara rəqəmsal texnologiyalar üzərindən informasiya ötürən digər vasitələri əhatə edir. 
     Ənənəvi və onlayn media bir-birindən nə ilə fərqlənir? 24Media təqdim edir:
   Ənənəvi medianın istifadəçi dairəsi onlayn mediaya nəzərən limitlidir. Yəni, ənənəvi mediada paylaşılan informasiya yalnız müəyyən kütlə üçün əlçatan olur. Məsələn, yanlız Bakı şəhərində çap edilən qəzet bu şəhərin əhalisi üçün daha əlçatan olacaqdır. Lakin, eyni kontent onlayn media üzərindən paylaşıldıqda istənilən istifadəçinin informasiyanı əldə etmək şansı olacaqdır. 
    Ənənəvi mediada paylaşılan kontentlərin dəqiqliyinə daha çox diqqət edilir. Çünki, hər hansı yanlış informasiya ötürüldüyü zaman bunu düzəltmək vaxt ala bilər. Onlayn mediada isə yanlış informasiyanın yenilənməsi çox az vaxt alır.
  Ənənəvi mediada paylaşılan xəbərlərdə seçicilik müşahidə edilir. Bunun səbəbi, istər qəzet, radio, istərsə də televiziyada paylaşılan xəbər sayında limitin gözlənilməsidir. 
    Ənənəvi mediada xəbəri paylaşmaq baxımından vaxt məhdudiyyəti olsa da, onlayn mediada belə bir məhdudiyyət yoxdur. Onlayn mediada günün istənilən saatında müxtəlif məzmunlu xəbərlərin paylaşıldığını müşahidə edə bilərik. 
   Ənənəvi medianın yerli auditoriası var. Bəzən auditoriya nəzərə alınmaqla formata dəyişikliklər etmək mümkündür. Xəbərlərin gün ərzində bir neçə dəfə təkrarlanması mümkün olur.
  Ənənəvi media ilə müqayisədə onlayn media dezinformasiyaların yayılması üçün daha əlverişli mühitdir. Əlçatımlılığı yüksək olduğundan dezinformasiya qısa müddət ərzində geniş oxucu kütləsinə çata bilər.