Nümayəndələr palatası Donald Trampın impiçmenti üzrə müzakirələrə başlayıb

Nümayəndələr palatası Donald Trampın impiçmenti üzrə müzakirələrə başlayıb

ABŞ Konqresinin Nümayəndələr palatasında impiçment prosesi çərçivəsində Prezident Donald Trampa qarşı iki maddəlik ittiham üzrə müzakirələr başlayıb.

24media.az TASS agentliyinə istinadla xəbər verir ki, təxminən 6 saat davam edəcək müzakirələr Donald Trampa qarşı iki - Amerika administrasiyasının hazırkı rəhbərinin vəzifədən sui-istifadəsi və Konqresin təhqiqatına maneə olmaq maddələrindən ibarət ittihamların hər biri üzrə səsvermə ilə bitməlidir.

Qeyd edək ki, Konqresmenlər ittihamları dəstəkləsə, ABŞ prezidentinə qarşı impiçment elan olunacaq. Donald Tramp hələlik hakimiyyətdən uzaqlaşdırılmasa da, rəsmən “impiçment elan olunan” prezident adlandırılacaq.

Sonrakı proseduralar, o cümlədən hakimiyyətdən kənarlaşdırılma üzrə impiçment prosesi Konqresin yuxarı palatası olan Senata keçiriləcək. Burada senatorların hakim, Nümayəndələr palatası üzvlərinin isə ittihamçı qismində çıxış edəcəyi məhkəmə prosesi baş tutacaq. Prosesin sonunda keçiriləcək səsvermədə prezidentin vəzifədən kənarlaşdırılması üçün senatorların 2/3 hissəsinin səsi lazımdır. Hazırda ABŞ senatında çoxluğun respublikaçıların əlində olmasını nəzərə alsaq, çox güman ki, impiçment prosesi bu etapda bloklanacaq.