Musiqi alətlərinin insan həyatına təsiri

Musiqi alətlərinin insan həyatına təsiri

Musiqi  eşitmə, görmə, duyğu, linqvistik, hətta fiziki hissləri və hərəkətləri, beyində sinir aktivliyini artıraraq sinxron bir şəkildə istiqamətləndirir. Eynşteyn deyib: “Musiqi çalmadan həyat mənim üçün ağlasığmazdır. Xəyallarımı musiqidə yaşayıram... Həyatda ən çox sevinci musiqidən alıram”.

Enşteynin sözünə qüvvət, musiqi və musiqi alətləri bir çox insanın həyatına, psixologiyasına təsir edir. Bir melodiya eşitdiyimiz zaman beynimizdə fərqli funksiyaları olan bir çox bölgə aktivləşir. Bir musiqi alətində çaldığımız zaman isə bu təsir daha da qabarıq ola bilər. Məsələn, skripka ifa etməyi öyrənmək uşağın motor bacarıqlarını inkişaf etdirməyə kömək edə bilər. Özlərini ifadə etməkdə problemi olan uşaqlara musiqi alətində ifa etməyi öyrənmək məsləhət görülür. Həmin insanlar bacarıqlarını inkişaf etdirdikcə, daha inamlı və duyğularını rahat ifadə edən insanlara çevrilirlər.

24Media qeyd edir ki, Azərbaycan Respublikası Təhsil İnstitutunun "Təhsilin İdarə edilməsi və İqtisadiyyatı" şöbəsinin baş elmi işçisi, "Psixologiya və xüsusi təhsil" şöbəsinin dissertasiyası, musiqişünas, musiqi terapevti, psixoloq Bahar xanım bu mövzuya verdiyi müsahibələrin birində toxunub . O bildirib  ki, musiqi alətlərində ifa etməyə erkən yaşlardan başlamaq lazımdır:

"Uşaqlara 6 yaşına qədər musiqi alətində ifanı  öyrətməyə başlamaq lazımdır. Bu, beynimizin sürətli inkişafı ilə əlaqəlidir. Amma çox təəssüf ki, musiqi məktəbləri uşaqları 7 yaşından götürürlər. Konsert salonlarına uşaqlar 6 yaşından sonra buraxılır. Məktəblərdə 1-ci sinifdə  musiqi dərsi keçilir.

Amma biz baxsaq ki, beynin sürətli inkişafı əvvəlcə 3, daha sonra isə 6-7 yaşlarında olur. Bu dönəmdə insan beyni  rəngarəng informasiya ilə qidalanmalıdır. Çünki  beyində neyronlar arasındaki sinaps əlaqələri bu zaman yaranır. Ağıllı insanlar beynində daha çox sinaps əlaqəsi olan insanlardır. Həmin yaşlarda riyaziyyat, kimya, fizika kimi fənlər öyrədilmir. Deməli, fənn beyni inkişaf etdirmir. Beynin inkişafının, qidalanmasının əsasında incəsənət, xüsusən də musiqi dayanır. Ona görə uşaqların həmin dövrlərdə hər hansı musiqi alətində ifa etməyi öyrənməsi vacibdir. İfa zamanı insanın beyninin hər iki yarımkürəsi paralel çalışır. Musiqiçi insanla, adi insanın beyninin inkişafı arasında fərq olur. Musiqiçinin beynində yarımkürələr arasında olan körpü daha qalınlaşmış olur. Yəni ki, ifaçılıq beynin fiziologiyasına da təsir edir.

Alətlər haqqında deyilən fikirlərin tam təsdiqini tapmış olmadığını və müzakirəyə açıq olduğunu qeyd edən Bahar xanım müxtəlif alətlərin müxtəlif təsirlərindən söz açıb.

“Alətlərin insanı sakitləşdirmə və yaxud da həyəcanlandırma kimi təsirləri də var. Ən çox enerji verən, ruh yüksəkliyi yaradan zərb musiqi alətlərindən olan nağara insanda istər-istəməz yüksək əhval-ruhiyyə yaradır. Ritm vacib ünsürdür.

Simli alətlər: gitara, arfa, skripka, violençel – ürək və qan-damar sisteminin işini normallaşdırır. Həmçinin bu musiqi alətlərindən ibarət bir musiqi səsləndikdə insanda mərhəmət, fədakarlıq hissi yaranır.

Nəfəsli alətlər tənəffüs sisteminin fəaliyyətinə kömək etməklə, ağciyərləri və bronxları təmizləyir. Bununla yanaşı qan dövranına da müsbət təsir göstərir.

Zərb alətləri isə öz növbəsində, ürək ritminin bərpa edilməsinə, qan dövranı sisteminə və qaraciyərə müsbət təsir göstərir.

Milli musiqi alətlərində ifa etmək rahatlaşmağa və dincəlməyə kömək edirlər. İnsanın öz tarixi köklərinə qayıtmasına, enerji mənbələrinin aktivləşməsinə səbəb olur. Musiqi alətində ifa edənlərin yaddaşı güclü olur, hadisələrə daha kreativ yanaşırlar".

Bahar xanımın fikirlərindən sonra  bu mövzuda müxtəlif ölkələrdə aparılan araşdırmalara diqqət edək . Spotify tərəfindən hazırlanan yeni bir elmi araşdırma  musiqi aləti ifa etmənin, xüsusilə rahatlıq və xoşbəxtlik hisslərini artıraraq zehni sağlamlığa müsbət təsir etdiyini ortaya qoyur.

Mütəmadi olaraq bir musiqi alətində ifa edən İngiltərədəki  yetkinlərin  89 faizi  bunu təsdiqlədi. Növbəti araşdırma zamanı hovuzda istirahət edən insanlarla sorğu aparılıb, üçdə birindən çoxu musiqi ifa etmələrinin onlara “Həyatda məqsəd hissi” yaratdığını söyləyib.

Kanzas Universiteti Tibb Mərkəzində edilən araşdırmada  musiqi təcrübələri səviyyələrinə görə qruplara ayrılan 60 ilə 83 yaş arası 70 insan seçilib. Musiqiçilər bir neçə idrak testində heç bir alət öyrənməmiş şəxslərdən daha yaxşı nəticə göstəriblər. Heyz və Minikiello araşdırmaları zamanı musiqi oxumağı və fortepiano çalmağı öyrənməyin, yaşlılarda əhval-ruhiyyəni  artıra biləcəyi qənaətinə gəlib.

Psixoloq Ceyn Kolinqvud yavaş klassik musiqinin ən çox fayda gətirdiyinə inanır. O qeyd edib : “Musiqi xüsusən yavaş, sakit klassik musiqi dinləmək  zehinlərimizə və bədənimizə rahatlaşdırıcı bir təsir göstərə bilər. Bu musiqi növü fizioloji funksiyalarımıza  faydalı təsiri ola  bilər. ”

Nyu Yorkdakı Rebekka Musiqi Terapiyası Mərkəzinin qurucusu və icraçı direktoru Con Karpent  musiqinin və musiqi aləti ifa etməyin  insanlara Alzheimer xəstəliyi və demansın yaratdığı təcriddən çıxmağı gücləndirdiynə inandığını söyləyib.

Alət çalmaq təkcə sağlamlığınız üçün yaxşı deyil, eyni zamanda sosial dairənizi genişləndirmək üçün də əladır. Hər yaşda bir musiqi qrupuna qoşulmaq sizi yeni növ insanlarla əlaqələr qurmağa təşviq edir. Həm də liderlik və komanda qurma bacarıqları inkişaf etdirir. Həvəskar pionoçu Jalə Atakişiyeva piona ifa etməyi öyrənməyə başlayandan sosial birinə çevrildiyini qeyd etdi.

O deyir: “Məktəb vaxtı həmişə qaşqabaqlı və ünsiyyət qurmağı bacarmayan biri idim. Piono öyrənməyə başladığım ilk vaxtlardan isə dəyişməyə başlamışdım. Piono ifa etmək məni daha şən, ünsiyyətcil və səbrli etdi. Getdiyim kursda həm yaxşı dostlar, həm də gözlərimdən heç vaxt itməyəcəyini bildiyim gülüş qazandım. Odur ki, piono və digər  musiqi alətləri insanı dəyişə bilir, təbii ki, sevərək ifa edirsənsə. ”

“Guitars4vets" qazilərə pulsuz dərslər üçün 10 həftəlik bir proqram təqdim edib. Proqram könüllülər tərəfindən tədris olunan pulsuz gitara və həftəlik musiqi dərslərindən ibarət olub. Daha sonra iştirakçılar arasında sorğu keçirilib.

Tədqiqat iştirakçıları 1 saat boyunca həftəlik özəl gitara dərsləri və bir qrup öyrənmə sessiyası keçirdilər. Nəticələr 6 həftəlik gitara dərslərindən sonra həm travma sonrası stress pozğunluğundan, həm də depressiya simptomlarında müsbət nəticələr göstərdi. "Vets for Guitar for Veterans" proqramına qatılan travma sonrası stress pozğunluğundan əziyyət çəkən  bir veteran “Mən buraya  ciddi problemlər ilə gəldim, bu dərslər və musiqi isə mənfi hər şeydən uzaqlaşdırdı”,- deyə o qeyd edib. Bu qazi, gitara çalmağı öyrənərkən dinc bir hissin onu əhatə etdiyini və travma xatirələrinin azaldığını da vurğulayıb.

Musiqi ilə bağlı tədqiqat aparan elm işçiləri  alət çalmağın həyatımızdakı əhəmiyyətini həmişə vurğulayır. Musiqi ilə maraqlanmaq, xüsusilə də alət çalmaq, insanların həyatlarının bir çox sahəsinə müsbət təsir etmək potensialına malikdir. Öyrənmək çətin ola bilər. Amma çətin mərhələnin sonunda olacaq müsbət dəyişiklikləri düşünəndə öyrənməyə dəyər.