“Məqsəd varsa, özünü inkişaf etdirməyə daim vaxt ayırmaq olar” – MÜSAHİBƏ

“Məqsəd varsa, özünü inkişaf etdirməyə daim vaxt ayırmaq olar” – MÜSAHİBƏ

Hər hansısa bir sahəyə fərqli yanaşmaq, öz yaradıcılığını ortaya qoymaq, təbii ki, hər zaman marağa səbəb olub. Ölkəmizdə bu yöndə fərqli işlər yaradan gənclərimiz kifayət qədər var. 24Media-nın budəfəki müsahibi istedadlı gənc rəssam Nəzrin Hacıyevadır.

Əvvəlcə özünüzü təqdim etməyinizi istərdik.
 

- Hacıyeva Nəzrin, 16 yaşım var. Hazırda 11-ci sinifdə təhsil alıram. Səmimi, dostcanlı və zarafatcıl biriyəm. Qarşımdakı insanlara pozitiv enerji ötürməyi bacarıram. Boş vaxtlarımda rəsm çəkməklə məşğul oluram. Boş vərəq görən kimi ağlıma rəsm çəkmək gəlir.
 

Bu istedadınızı nə zaman kəşf etmisiniz?
 

İlk dəfə xatırladığım qədəri ilə 7 və ya 8-ci sinifdə oxuduğum vaxtlarda anamın iş səhifəsi üçün üzümdə rəsm çəkməyi sınadım, hətta çəkiliş etdik. Amma daha çox bu yayın may ayından etibarən məşğul olmağa başlamışam.
 

Üzə rəsm çəkmək ideyası sizdə necə yarandı?
 

- İlk dəfə azərbaycanlı bloger Mehin Oktaylının səhifəsində gördüyüm yaradıcı bir şəkil mənə ilham verdi. Sonralar isə xarici səhifələrdə qarşıma çıxan bu cür işlər marağıma səbəb oldu və anamla birlikdə mənim də bu cür fərqli işlər yarada biləcəyimi düşündük. 
 

Üzə rəsm çəkmək rəssamlıqda termin olaraq necə adlanır? Bu yöndə ayrıca dərs verilirmi?
 

- Termin olaraq "face art" kimi bilinir. Lakin bu yöndə xüsusi təlimlərin keçirilib-keçirilmədiyi haqqında təəssüf ki, məlumatım yoxdur. Yəqin ki, marağı olanlar üçün keçirilir. Amma özüm "face art" üzrə hər hansısa təlim, təhsil almamışam.
 

"İnstagram" sosial şəbəkəsində çəkdiklərini paylaşmaq fikri necə yarandı?
 

- Arzum hər zaman tanınmış biri olmaq idi və anamla bu haqda danışanda deyirdim ki, hansı sahə üzrə olacağını bilməsəm də, bir gün məndə tanınmış insan olacağam. Elə oldu ki, yayda bu məşğuliyyətə başladıqdan sonra çəkdiklərimi "İnstagram" sosial şəbəkəsində paylaşmaq qərarına gəldim və bu, insanların marağına səbəb oldu.
 

İnsanların diqqətini çəkə biləcəyinizə inanırdınızmı?
 

- Əvvəlcə "İnstagram"ı şəxsi hesabım olaraq istifadə edirdim. Bu yaydan etibarən isə çəkdiklərimi paylaşmaq qərarına gəldim və izləyicilərimin sayı artmağa başladı. Marağa səbəb olması məni olduqca sevindirdi.
 

Bəyənənlər qədər irad tutanlar da olub, yəqin ki...
 

- Bəli. Yaşıma görə irad tutanlar olub. Düşünürlər ki, yaşım az olduğu üçün özümü tanıtmağım düzgün deyil. "Bu yaşda olan gənc bir xanım təhsili ilə məşğul olsa, daha yaxşı olar", - deyə fikir bildirənlər olub. Təbii ki, belə insanlara fikir vermirəm. Amma rəng tonlarının uyğunlaşdırılması barədə məsləhət verənlərin sayı da çoxdur.
 

Bu məşğuliyyətiniz vaxt baxımından dərslərinizə hər hansısa mane törədir?
 

- Bu hobbiyə tətildə başladığım üçün düşünürdüm ki, dərslər başladıqdan sonra dayandıracağam. Ancaq anamın təklifi ilə izləyicilər üçün həftədə bir dəfə də olsa, çəkməyə çalışıram.
 

Ali təhsilinizi hansı ixtisas üzrə davam etdirmək istəyirsiniz?
 

- Ali təhsilimi memarlıq ixtisası üzrə davam etdirməyi düşünürəm.
 

Bəs bu hobbinizi gələcəkdə inkişaf etdirib, iş olaraq görmək istəyərdinizmi?
 

- Hobbi olaraq başladığım üçün bu yöndə fikirlərim hələ ki, dəqiq deyil. Ancaq insanlar deyir ki, dayanma, inkişaf etdir.
 

Sizcə, istədiyimiz bir işə, məşğuliyyətə praktik məşğələlərlə yiyələnə bilərik, yoxsa bu, insanın özündə olan qabiliyyətdən asılıdır?
 

- Məncə, insanlar bir şeyi çox istəsə, çalışsa, istədiyi məşğuliyyətə yiyələnə bilər. Ancaq qabiliyyətli, istedadlı insan tamam fərqli anlayışdır və bu, sonradan yaranmır, əvvəldən insanın özündə olur.
 

Üzünüzə çəkdiyiniz rəsmlər olduqca diqqət tələb edir, elə deyilmi?
 

- Kənardan çox asan və ya biraz çətin görünsə də, çəkdiyim rəsmlər ən az 7-8 saat, demək olar ki, günümün yarısını aparır. Rəng tonları, detallar, simmetriya isə çəkdiyim rəsmlərdə fikir verdiyim ən önəmli nüanslardır.
 

Yaşıdınız olan əksər gənclər əlavə məşğuliyyətlərə vaxt ayıra bilmədiklərini söyləyirlər. Bəs sizdə necə?
 

- Əgər məqsəd varsa, özünü inkişaf etdirməyə daim vaxt ayırmaq olar.
 

Nəzrin üçün uğurun sirri nədir?
 

- Çox çalışmalı, tənqidlərə açıq olmalı, baş verən hadisələrə pozitiv tərəfindən baxmalısan. Məsələn, mən yeni başlayanda deyirdilər ki, bu işi Azərbaycanda sevdirə bilməyəcəksən. Ancaq mən fikir vermədən öz işimi davam etdirdim və alındı. Məni izləyənlərə də tövsiyəm odur ki, əvvəlcə məqsədlərinizi, nə istədiyinizi müəyyənləşdirin, daha sonra çalışın. Sizdə hər şey alınacaq...