“Müəyyən dəyərlərdən imtina etməyi bacarmalıyıq ki, daha müasir dövlətə çevrilək” – Fazil Mustafa ilə MÜSAHİBƏ

“Müəyyən dəyərlərdən imtina etməyi bacarmalıyıq ki, daha müasir dövlətə çevrilək” – Fazil Mustafa ilə MÜSAHİBƏ

24Media Azərbaycan Respublikası Milli Məclisinin deputatı, fəlsəfə doktoru, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Fazil Mustafa ilə müsahibəni təqdim edir:

Fazil Mustafanın ardıcıl 4 çağırışın hamısında seçilməsinin səbəbini nədə görürsünüz?

- Bu siyasi fəaliyyətin istiqamətləri odur ki, bütün seçki kampaniyalarına ciddi hazırlaşmalısan və bu kampaniyalarda qalib gəlmək üçün çalışmalısan. Ona görə bizim də həm seçici ilə işimiz, həm də cəmiyyət həyatında aktiv fəaliyyətimiz onu göstərir ki, istənilən səviyyədə, istənilən kampaniyada daha yüksək hazırlıq göstərərək və daha ciddi hazırlaşaraq qalib gəlməyi özümüz üçün hədəf olaraq seçirik. Bu seçkilərdə, xüsusilə də Bakıxanov qəsəbəsində müəyyən dərəcədə seçicilərin daha çox etimadını qazanaraq və onları narahat edən məsələləri daha çox gündəmə gətirərək Azərbaycan parlamentinin həm də 4 çağırış ən fəal millət vəkili seçildik. Düşünürəm ki, bunu etmək ancaq fəallıqla bağlı məsələdir və parlament jurnalistləri də hər il bizi parlamentin ən fəal millət vəkili seçərək bir növ seçicilərin ifadəsinin nə qədər haqlı olduğunu bir daha təsdiqləyirlər.

Ölkə siyasətində müxalifətin üzərinə düşən əsas vəzifə nədən ibarətdir?

- Əsas vəzifə nöqsanların aşkara çıxarılıb tənqid olunması və ona konstruktiv təkliflər təqdim olunması, ciddi layihələrin ölkə iqtidarına verilməsi və daha konstruktiv və qərəzsiz müxalifətçilik funksiyasının yerinə yetirilməsidir. Çünki biz elə bir ölkədə yaşayırıq ki, bizə qarşı müəyyən dərəcədə aqressiv yanaşmalar kifayət qədər çoxdur və biz çalışmalıyıq ki, bu  yanaşmaları Azərbaycan cəmiyyətinin qarışıqlıq yaşanmadan, xaosa sürüklənmədən öhdəsindən gəlməsini təmin edək. Müxalifət hakimiyyətə qarşı müxalifət olsa da, dövlətə qarşı hər hansı bir şəkildə müxalifət olmamalıdır. Dövlətin möhkəmlənməsi üçün üzərinə düşən funksiyanı paylaşmağı, onu yerinə yetirməyi bacarmalıdır.

Niyə məhz böyük quruluş?
 

- Bu, Xudu Məmmədovun quruluş nəzəriyyəsindən ideyası alınan məsələdir. Yəni cəmiyyətin bütün təbəqələrini qucaqlayan və bütün itirilmiş torpaqlarımızı, dəyərlərimizi bərpa edən yeni bir quruluşun və daha geniş, əhatəli, böyük quruluşun bərqərar olmasına çalışırıq. Nizamnamə proqramımızda da bunun əsaslandırılması verilib. Bu quruluş əgər olarsa, Azərbaycan daha sabit, bir-biri ilə müəyyən dərəcədə bağlı, bir-birinə səmimi münasibəti olan bir cəmiyyətə çevriləcək.

Azərbaycan cəmiyyətinin natamam hesab etdiyiniz dəyərləri hansılardır?

- Azərbaycan cəmiyyətinin çox faydalı dəyərləri var. Amma tarixlə, dinlə, müxtəlif düşüncə sistemimizlə, təhsilimizlə bağlı xeyli natamamlıqlarımız var, bunları müəyyən dərəcədə aşmalıyıq və müəyyən dəyərlərdən də imtina etməyi bacarmalıyıq ki, daha çox müasir millətə, müasir dövlətə çevrilə bilək.

Bunları aşmaq üçün nə etməliyik?

- Maarifçilik işləri gücləndirilməlidir. Cəmiyyətin bütün insanlarının təhsil səviyyəsini yüksəltməliyik ki, xalqın bütöv aparıcı qüvvəsinə ziyalılar çevrilə bilsin. Onlar xalqın düşüncə sistemini təmin edə bilsinlər və sadəcə onların yetişdirdiyi, formalaşdırdığı məktəblər Azərbaycan cəmiyyətinin tərəqqisini təmin etsinlər. Dünyada Azərbaycan adında dövlət məhz bu obrazda, daha çox ziyalı potensialı olan dövlət kimi tanınsın.

14-15 İyul tarixlərində baş verən yürüşün dövlətimiz üçün mənfi və müsbət cəhətləri nələr oldu? 

- Hər halda bu, çox düşündürücü bir hadisə idi. Çünki vətən torpağının müəyyən dərəcədə işğala məruz qalması prosesi gerçəkləşdirilirdi. Erməni qüvvələri hücum etmişdi, Azərbaycan ordusu döyüşürdü. İnsanların buna müəyyən dərəcədə dəstək verməsi müsbət hal idi. Amma təxribatçı qüvvələrin bu gözəl ənənəni, bu gözəl adəti aradan qaldırması çox acınacaqlı bir hal oldu. Düşünürəm ki, həm də bir ibrət dərsi oldu ki, dövlətə dəstək vermək, dövlətin yanında olmaq bu kimi situasiyalarda vacibdir. Hər hansı bir şəkildə xaos, qarışıqlıq yaratmaq isə yolverilməzdir.

Fazil bəy, Milli Şuranın 90-cı illərin düşüncəsində qaldığını bildirmişdiniz. "90-cı illərin düşüncəsi" dedikdə nəyi nəzərdə tutursunuz?

- Bütövlükdə dövrün dəyişməsinin onlara dəxli olmadı. Ancaq revanş götürmək, qisasçılıq duyğuları ilə yeni dövrə yanaşmaq, məncə, yanlışdır. Yeni dövrün öz tələbləri var. Müəyyən dərəcədə istər hakimiyyətlə, istərsə də cəmiyyətlə münasibətdə yeni tezislər, yeni düşüncələr olmasa uğur qazanmaq mümkün deyil.

Fazil Mustafa öz siyasi mövqeyini dəyişibmi?

- Siyasətdə, ümumiyyətlə, mövqe fərqli ola bilər, dövrə görə fərqlənə bilər. Bizim mövqeyimiz əgər haqlı mövqedirsə, hər bir dövrdə eyni mövqedə qalmalıyıq deyə siyasətdə bir anlayış yoxdur. Siyasət xalqın maraqlarını təmin etmək, onun iradəsini reallaşdırmaqdırsa, hər dövrdə bu iradəni gerçəkləşdirməyin müxtəlif yolları var. Ona görə də siyasətçi xalqın tələbinə uyğun siyasət anlayışını formalaşdırmalıdır. Əks halda siyasətçi öz ambisiyalarını, müəyyən dərəcədə öz eqoizmini xalqa sırımalı olacaq və buna görə də yeni situasiyaya uyğunlaşa bilməyəcək. Necə ki, indi bir çoxları 20-30 il öncəki mövqeyimi dəyişmirəm deyə qaldığı yerdə də donub qalıblar, heç bir fayda verə bilmirlər və cəmiyyət həyatına da müsbət mənada təsir imkanları yoxdur.

Onda belə deyə bilərikmi ki, xalqın tələblərinin dəyişməsi Fazil Mustafanın da öz mövqeyini dəyişməsinə səbəb olub?

- Əlbəttə. Xalqın hansı tələbi varsa və o nə istəyirsə, siyasətçi onun reallaşmasını həyata keçirən bir peşə sahibidir.

Müasir dövrdə bir çoxları jurnalistikanı dördüncü hakimiyyət hesab edir. Siz necə?

- Mən elə hesab etmirəm. Hakimiyyətin üç qolu var və bu üç qol öz nəzəri gücünü, mahiyyətini saxlayır. Sadəcə hakimiyyətə nəzarət mexanizmi, daha çox ictimai nəzarət mexanizmində ağırlıq medianın üzərinə düşür. Media da bu funksiyanı yerinə yetirəndə hakimiyyətin özü də özbaşınalıqdan sığortalanır. Özbaşınalıq elementlərinin azalmasına nail olmaq mümkün olur.