"Mozilla" sosial targetinq kampaniyasına başlayır

"Mozilla" Facebook və Instagram hədəf alqoritmlərinin necə işlədiyini göstərmək üçün bir reklam kampaniyasına başlayır.

24media.az "Facemark"a istinadən xəbər verir ki, şirkət istifadəçilərini məlumatlandırmaq üçün 10.000 dollar ayıracaq.

"Mozilla Firefox" brauzeri istifadəçi məlumatlarının diqqətlə işlənməsinə yönəlmiş məxfilik siyasəti ilə məşhurdur. Sosial şəbəkələrin nə qədər məlumat topladığını göstərmək üçün proqram təminatçıları yeni kampaniyaya başlayıb.

Kampaniyanın tərkibində bürclər ilə bağlı Facebook və Instagram-da rəngli reklamlar görünəcək. İstifadəçinin doğum tarixindən asılı olaraq reklamlar narıncı, mavi, isti çəhrayı və ya qırmızı rəngdə olacaq. Reklama kliklədiyinizdə sistem sizi "Mozilla" veb saytına göndərir. Veb saytda şirkətlərin marketinq xidmətlərinin istifadəçi məlumatları ilə necə işlədiyi barədə məlumat verilir.

"Mozilla" bunun istifadəçi savadlılığının artmasına və Facebook, Instagram-ın şəxsi məlumatlarla əlaqəsini anlamasına kömək edəcəyini düşünür. Hədəf alqoritmi üçün alınan datalar qeyri-müəyyən olsa da, dəqiq və düzgün işləyirlər.

Qeyd edək ki, istifadəçilərə məxfilik haqqında məlumat vermək üçün "Mozilla" daha əvvəl də kampaniyalar başladıb. 2019-cu ildə şirkət xüsusi “Track THIS” tətbiqi hazırladı - reklamçıların izlədiyi məlumatları dəyişdirirdi. “Track THIS” istifadəçilərin xəbəri olmadan onların datalarından istifadə edən reklamçılara dəyişdirilmiş məlumatlar ötürərək istifadəçi gizliliyini qorumağa və reklam kontekstlərini qarışdırmağa səbəb olurdu.