Mövsümün ilk “El-Klasiko”su: Bu gün “Barselona” “Real Madrid”i qəbul edəcək

Mövsümün ilk “El-Klasiko”su: Bu gün “Barselona” “Real Madrid”i qəbul edəcək

Bu gün İspaniya La Liqasının X turundan təxirə salınmış “Barselona” - “Real Madrid” oyunu keçiriləcək.

24media.az “Report”a istinadən xəbər verir ki, “Kamp Nou” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşü Tenerifedən olan baş hakim Alexandro Xose Ernandes idarə edəcək.

Təqvimə əsasən, cari mövsümün ilk “El-Klasiko”su oktyabrın 26-da olmalı idi. Lakin qarşılaşma Kataloniyanın müstəqilliyi tərəfdarlarının etiraz aksiyaları üzündən təxirə salındı. Hərçənd mitinqlər hazırda da səngiməyib. Bu üzdən komandalar matç öncəsi eyni oteldə məskunlaşıblar. Oyunda təhlükəsizlik xidmətinin 3000 əməkdaşı çalışacaq. Hər iki kollektiv oteldən eyni vaxtda fərqli avtobuslarla çıxacaq. Onları 12 polis avtomobili müşayiət edəcək. Otel stadiondan 750 metr aralıda yerləşir ki, bu da bloklamanın baş verməməsi üçün seçilib.

Əzəli rəqiblər La Liqada 16 oyundan 35 xal toplamaqla liderliyi bölüşürlər. “Barselona” cari çempionatda 11 qələbə qazandığı halda, 3 dəfə uduzub və 2 dəfə heç-heçə edib. “Real Madrid” isə 10 görüşdən qalib ayrılıb. Cəmi 1 dəfə uduzan paytaxt təmsilçisi 5 dəfə bərabərə qalıb.

Artıq hər iki komanda “El-Klasiko” üçün “18-lik”lərini açıqlayıb. “Barselona”nın baş məşqçisi Ernesto Valverde zədəli hücumçu Usman Dembelenin xidmətindən yararlana bilməyəcək.