“İllər keçdikcə mən Allaha yenidən inandım” – Dilarə Kazımova ilə MÜSAHİBƏ

“İllər keçdikcə mən Allaha yenidən inandım” – Dilarə Kazımova ilə MÜSAHİBƏ

24Media sizə məşhur müğənni, "Yeni Dalğa 2010" mahnı müsabiqəsinin laureatı, 2014-cü il “Avroviziya” təmsilçimiz, caz və rok üslubunda oxuyan vokalçı Dilarə Kazımova ilə müsahibəni təqdim edir.

Ötən illərdə müsahibələrinizdən birində Azərbaycan üçün çalışmağa hələ başlamadığınızı demisiniz. Bəs bu gün Azərbaycan üçün çalışırsınız?

-Bəli, artıq 2-3 ildir ki, "Boomeranglabel" ilə bərabər Azərbaycan üçün çalışırıq. Azərbaycan dilində mahnılar yazdırırıq. "Dəm olmuşam" mahnısı ilə başladıq və Azərbaycan dilində mahnılar ifa etməyə davam edirəm. İngilis dilində albomum var, hazırda Azərbaycan dilində olan mahnılardan ibarət albom çıxarmağa çalışırıq.

Düşünmürsünüz ki, açıq-saçıq geyimləriniz mentalitetə önəm verən Azərbaycan tamaşaçısında qıcıq yaradır?

-Biz açıq-saçıq geyinməyi məqsəd qoymuruq. Sadəcə layihələrə və mahnılara uyğun obrazlar yaradırıq. Məsələn, "Harem" mahnısında biz hərəm üslubunda geyimlər hazırladıq, fotossesiya etdik.


Röya Ayxan deyir ki, açıq-saçıq geyimlər sənətçilər - artistlər üçün nəzərdə tutulub, bu fikrə münasibətiniz necədir?

-Bəli, mən də Röya xanım kimi fikirləşirəm. Məncə, belə geyimlər sənətçilər; aktrisa, ifaçı və modellər üçün nəzərdə tutulub.

Qismətə çox inanırsınız, atanız dünyasını dəyişəndən sonra Allaha inamınızı itirmisiniz. Bunu necə anlayaq, bu təzad nədir?

-Bəli, qismətə çox inanıram. Bu, 12 yaşım olanda baş verib. Amma illər keçdikcə mən Allaha yenidən inandım. Böyük itki olanda həyata inam itir. İndi mən Allaha tam inanıram və bilirəm ki, o bizi qoruyur.

Bir qədər keçmişə qayıdaq. Yenidən qalib olma şansını hiss edərkən “Avroviziya” yarışmasında 22-ci yerdə qərarlaşmaq sənətinizə necə təsir etdi?

-Bütün iştirakçılar kimi birinci olmağı çox istəyirdim. Yarışma sayəsində daha güclü oldum. Ən pis halda beşlikdə olacağımızı düşünərkən 22-ci yerə çıxmaq, əlbəttə, məni üzdü. Amma bu çox böyük təcrübə idi, məktəb idi. Mən bu məktəbi keçməli idim.

Dilarə deyəndə  ilk olaraq "Dəm olmuşam" yada düşür, bu mahnını digər mahnılardan fərqləndirən, tamaşaçıya sevdirən nədir?

-Son zamanlar "Harem"i sevildiyini daha çox hiss edirəm. Bu mahnını ifa etməyimi daha çox xahiş edirlər.

 

Səs imkanlarınızı ən geniş şəkildə istifadə etdiyiniz, qürur duyduğunuz bir mahnı seçməli olsanız, bu hansı ifanız olar?

-Çox çətin sualdır. Bütün səs imkanlarımı opera janrında olan ifalarda göstərmək olar. Mən konservatoriyanı bitirmişəm, belə bir şansım olsa, "Koroğlu operası", "Karmen" və s. kimi səsimə uyğun olan ifalar etməyi çox istərdim.

Sizcə, geniş səs imkanları və gözəl səs yaxşı müğənni olmaq üçün kifayət edir?

-Müğənni olmaq yalnız gözəl səsə malik olmaq deyil, ürək olmalıdır. İnsan oxuduğunu hiss etməlidir, daxili dünyası zəngin olmalıdır. Mahnını insanlara çatdırmaq üçün onu yaşamalıdır. Tembr də çox vacibdir.

Gənc olmağınıza baxmayaraq adınız Azərbaycanın ən yaxşı ifaçıları, xalq artistləri, illərini bu sənətə vermiş insanlarla birgə çəkilir. Uğurlarınızı nəyə borclusunuz?

- Buna görə çox xoşbəxtəm, fəxr edirəm. Mənə inanan və dəstək olan hər kəsə borcluyam. Əlbəttə ki, bütün planları Nigar Məmmədova qurur; hansı verilişdə iştirak edəcəyimi, hansı ifaları səsləndirəcəyimi, hansı kliplərin çəkiləcəyini və s. Məndən tez-tez ideyalar gəlir, Nigar xanım isə onları həyata keçirməyə kömək edir. Mən çox xoşbəxtəm ki, həyatımda belə bir komanda var. Hər birinə çox sağol deyirəm. Həyatımızda heç nə elə-belə olmur. Bizə rast gələn insanlar, baş verən hadisələr təsadüf deyil. Deməli, bunlar olmalıdır. Onu da deyim ki, mən çox zəhmətkeş adamam, heç dayanmıram. Hər dəfə nəsə yenilik etməyə çalışıram. Çünki eyni şeylərdən tez bezirəm. Özümdən də tez bezə bilərəm.

Yekun olaraq sənətdəki planlarınızı bilmək istərdik. Pərəstişkarlarınız sizdən nə gözləsinlər?

-Yeni mahnılar var, yeni klip montaj olunur. Hələ də dinləməyən varsa, bu yaxınlarda çıxan "Heç vecimə deyilsən" mahnımı dinləsinlər, rəylərini bildirsinlər. Biz işləyirik, çox maraqlı mahnılar çıxacaq. Özüm də səbrsizliklə gözləyirəm.