Makron həqiqətənmi Belarusa və Lukoşenkoya kömək etmək istəyir?

Makron həqiqətənmi Belarusa və Lukoşenkoya kömək etmək istəyir?

Fransa prezidenti Emmanuel Makron siyasi və eyni zamanda təxribatçı fəaliyyətini dayandırmır. Növbəti dəfə o, Belarus prezidenti Lukaşenkoya yardım etmək fikri ilə onunla müxalifət arasında mediatorluq etmək üçün müraciət edib.

Livan və Liviya Aralıq dənizində Türkiyə ilə qarşıdurmaya girdikdən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və türk xalqı tərəfindən layiqli cavabını aldıqdan sonra hesab etmək olardı ki, bu cür uğursuz beynəlxalq təşəbbüslərdən sonra Makron bir qədər sakitləşər, Avropa Birliyində baş verən problemlər, Fransanın iqtisadiyyatında gündən-günə sürətlənən geriləmə və COVID-19-un gətirdiyi çətinlikləri həll edər. Lakin Belarusda baş verən hadisələrə müdaxilə etməyə cəhd etməsi onun xarici siyasətdə planlarının daha uzağa getdiyindən xəbər verir.

Türkiyə ilə qarşıdurmadan istədiyi nəticəni əldə edə bilməyən Fransa prezidenti Belarusda da uğursuzluğa düçar olub–hətta beynəlxalq imicinə uzun müddət düzələ bilməyən zərbə alıb.

Lukaşenko isə özünəməxsus formada Makrona Fransada sarı yeləklilərlə olan münaqişəni xatırladıb və zərurət yaranarsa, onlarla Makron arasında vasitəçilik missiyasını üzərinə götürə biləcəyini bildirib. Belarus prezidenti eyni zamanda Makronun vasitəçiliyinə şübhə ilə yanaşdığını ifadə etməkdən çəkinməyib. Bu da Belarus prezidentinin Avropa Birliyinə daxil olan ölkələr və Avropa institutlarına inamsızlığından irəli gəlir.

Lukaşenko Almaniyanın Kansleri Angela Merkelin vasitəçilik təklifini də qəbul etmir və onunla telefonla danışmaqdan qaçır. Bu barədə Merkel özü bir neçə dəfə mətbuat konfransında məlumat verib.

Belə olan halda Avropa Birliyində nədən ayrı-ayrı dövlətlər şəklində çıxış edir və birlik halında bu və ya digər münaqişəni həll etməyə səy göstərmirlər?
Bu, hər şeydən əvvəl bu və ya digər beynəlxalq hadisələrə münasibətdə birlik daxilində bütün ölkələri qane edəcək yekdil rəyin olmaması ilə bağlıdır. Biz dəfələrlə Rusiya, Yunanıstan, Breksit, Türkiyə ilə münasibətlərdə Avropa ölkələri arasında rəy müxtəlifliyinin şahidi olmuşuq.

Digər səbəbi Avropa Birliyində Almaniya ilə Fransa arasında birincilik uğrunda gedən mübarizədə axtarmaq lazımdır. Bu gün Avropa Birliyi daxilində söz sahibi ölkə olmaq uğrunda Fransa və Almaniya arasında ciddi mübarizə gedir və bu mübarizə beynəlxalq münasibətlərə yekdil münasibətin formalaşmasına mane olur.

COVID-19 isə növbəti səbəbdir. Bildiyimiz kimi, pandemiya bitdikdən sonra dünyada yeni münasibətlər yaranacağı haqqında artıq hamı düşünür. Böyük və kiçikliyindən asılı olmayaraq, bütün ölkələr bu dövrə hazırlaşır. Şübhəsiz ki, əvvəlki münasibətlər aradan qalxacaq, siyasət meydanına yeni aktorlar atılacaq. Fransa da cidd-cəhdlə postpandemiya dövrü haqqında düşünür. Amerika və digər qlobal oyunçuların buraxıb getdiyi yeri tutmağa can atan dövlətlər sırasında Fransa da var. Buna görə də, Makron bu və ya digər dövlətlərlə qarşıdurmaya girməkdən çəkinmir.

Lakin hamı tərəfindən qəbul edilən bir həqiqət də var. Pandemiyadan üzüağ çıxan dövlətlər ondan sonrakı dövrlərdə də siyasət sükanını əldə möhkəm saxlaya biləcəklər. Öz ölkəsini, millətini COVID-19-un caynağından uğurla çıxara biləcək dövlət rəhbərləri özləri üçün dünya dövlətləri sırasında layiqli yeri təmin edə biləcəklər.