"Mənzil" - D!QQƏT! rok qrupu ilə müsahibə

24Media-nın budəfəki müsahibi  D!QQƏT rok qrupunun yaradıcısı və solisti Elvin Bağırlıdır.

Mənzil albomu bir neçə gün öncə bütün platformalarda yayımlandı. Dinləyicilərə maraqlıdır, proses necə oldu? Rok musiqinin elə də dəyər görmədiyi bir ölkədə yaşadığımızı nəzərə alsaq, belə bir şəraitdə sizə nə stimul verdi?

- Proses yetəri qədər uzun və çətin oldu. Albomu hələ 2019-cu ildən yazmağa, üzərində işləməyə başlamışdıq. Sonradan söz yazmaq, musiqinin ərsəyə gəlməsi və bir neçə əlavə səbəb daha təsirini göstərdi, karantin də başlayandan sonra albomun yayımlanması bu ilə qaldı.

Albomu hazırladığınız müddətdə hansı çətinliklərlə üzləşdiniz?

- Mənəvi olaraq deyə bilərəm ki, yazılışını etdiyimiz kimi karantin müddəti başladı. Gitaristimiz yaşadığı şəhərə qayıtdı. Belə olduqda biz fevraldan sentyabra qədər yalnız bir mahnı yaza bildik.

Maddi cəhətdən hansısa problemlə üzləşdiniz?

- Qrupun hal-hazırda maddi cəhətdən dəstək almadığını deyə bilərik. Hər şeyi özümüz edirik, “Mənzil”  albomunu da elə evdə yazmışıq.

Mahnıların sözləri yazanda nədən ilhamlanırsınız? Proses necə olur?

- Arada elə olur bir yerdə xoşuma gələn bir söz və yaxud bir cümlə görürəm, ya da hansısa bir mahnıda eşidirəm bunu. O sözü, cümləni ağlımda fırladıram və yazmağa başlayıram. Arada da elə olur uzanıram, birdən ağlıma sözlər gəlir. Çox vaxt onları yazmağa halım, həvəsim olmur. Elə bu səbəbdən neçə mahnı itir.

Söz yazma tərzini sevdiyiniz sənətçilər, qruplar var? Biz “Diqqət”i dinləyirik, onlar kimləri dinləyir?

- Mən özüm Yan Körtisin ("Joy Division" rok qrupunun solisti) lirikasına vurğunam. “Diqqət” isə hər kəsi dinləyir, bizim üçün çərçivə yoxdur.

Ümumən ilhamlandığınız və sizə roku sevdirən qruplar hansılardır? İçərisində Azərbaycan rok qrupları da var?

- İlham aldığım yox, dinlədiyim qruplar var. İlham mənbələri deməzdim, amma tez-tez qulaq asdığım və çox sevdiyim qruplara “Joy Division”, “Iggy Pop”, “Kino”, “The Cure”, “Cro-Mags”i deyə bilərəm.

“Mənzil” albomunun tərzi tam olaraq nədir?

- Pank dinləyicisi olaraq, bu albomu eşitsəydim heç bir şəkildə tərzinə pank deməzdim. Albom yazılmağa başlayanda mən uşaqlara dedim ki, “tərz” çərçivəsinə salmayaq. Necə eşidirik, necə hiss ediriksə, elə də yazaq. Amma zənnimcə albomda alternativ rok, post pank, pop pank və biraz da dark wave janrları qarışıb.

Albomdaki “Cəhənnəmin dairəsi” adlı mahnınızda gənclərin problemlərinə toxunmusunuz. “Cəhənnəm qapısı yaxında, onun istisi gəlir” sətrində “cəhənnəm qapısı” deyəndə nəyi nəzərdə tuturdunuz?

- Hər insanın həyatı qapılardan ibarətdir. Birini açırsan və həyatının növbəti mərhələsinə keçmək üçün yeni qapını açmalı olduğunu bilirsən. Amma heç vaxt bilmirsən səni o qapının arxasında nə gözləyir.

Dövrümüzdə gənclərin əsas problemləri sizcə nədir?

- Gənclərin problemi mənə görə onların qorxudulmasıdır. Hamı fikir bildirməkdən, düşünməkdən qorxur, çəkinir. Buna görə də cəmiyyətimizdə vacib dəyişikliklər gec baş verir.

 “Cəhənnəmin dairəsi” və “Şüur” mahnılarında etiraz havası duyulurdu. Sizcə, gənclərə təsir edə biləcəksiniz? Belə bir qayğınız var?

- Bu həm bizim öz etirazımızdır, həm də ki, əlbəttə istəyirik ki gənclərin düşüncəsinə təsir edə bilək.

"Mənzil" albomunun merçləri.

Mahnılardan birində sözlərinizlə o rok konsertini canlandırmısınız. Sizcə nə vaxtsa Azərbaycanda rok kütləsi, sevdiyi qrupun konsertinə bilet alan o kütlə formalaşacaq?

- Mən hər dəfə “Tarqovı”daki KFC-nin yanından keçəndə “Coldünya”nın konserti gözümün qabağına gəlir, necə ki onlar oranı doldura bilmişdilər. Bu Azərbaycanda artıq olub, indi də var. Yəni əslində o mahnıda həqiqətən də öz həyatımda yaşanmış bir mərhələ haqqında bəhs edirdim.

konsertin videosu -

Azərbaycandaki rok dinləyicilərinə nə demək istəyərdiniz? Sizə hansı yolla dəstək ola bilərlər?

- Oxuduqları üçün sağolun demək istəyirəm. Dəstəkləri isə paylaşmaqdır. Dostları, çevrələri ilə bölüşə bilərlər, bir-birimizə dəstək olaq, tanıdaq.

D!QQƏT qrupunu FacebookInstagram və YouTube -dan izləyə bilərsiniz.