“Mənim balam cənnətdədir” – MÜSAHİBƏ

“Mənim balam cənnətdədir” – MÜSAHİBƏ

Torpaq uğrunda ölən varsa, vətəndir. 44 gün davam edən Vətən müharibəsində canından keçən, canını verməyə hazır olan, ürəkləri Vətən eşqiylə döyünənlərin birliyini gördük.

24Media-nın budəfəki müsahibi Ərgünəş yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olan Abbasov Səxavət Rizvan oğlunun anası Maisə xanımdır.

Qısa arayış: Abbasov Səxavət Rizvan oğlu 25 aprel 2000-ci ildə Xırdalan şəhərində dünyaya gəlib. Orta təhsilini Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Tovuz rayonunda N saylı hərbi hissədə xidmət göstərib. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Qeyd edək ki, Səxavət evin tək övladı idi.

Maisə xanım Səxavətin döyüşə yollanmağından bəhs etdi: "Səxavət 11-ci sinfi bitirdikdən sonra hərbi xidmətə yollandı, Tovuz rayonunda N saylı hərbi hissədə xidmət göstərirdi. Səxavətin əsgərliyini bitirib evə gəlməyinin 1 ili tamam olmamış Vətən müharibəsi başladı. Sentyabrın 27-si müharibə başlayanda evə gəlib dedi ki, döyüşə getmək istəyir. Mən ailədə tək övlad olduğuna görə ona dedim ki, sən heç bizi fikirləşmirsən, sən getsən biz necə olacağıq. Dedi ki, o nə deməkdi, ana, getməliyik, hamımız getməliyik. Mən getməyim, o, getməsin, bəs kim getməlidi. Sentyabrın 29-u könüllü olaraq döyüşlərə yollandı. Mən sonuncu dəfə Səxavətlə oktyabrın 3-ü danışdım. Ondan sonra onunla heç bir əlaqə saxlaya bilmədim. Səxavət barədə heç nə bilmədik. Axırıncı dəfə onunla danışanda soruşduq ki, hansı istiqamətdəsiniz, heç nə demədi. Elə ancaq deyirdi ki, hər şey yaxşıdır, narahat olmayın, tezliklə qayıdacağıq."

O, övladının yaralı olduğunu bildiyi halda onun şəhid olması xəbərini alarkən keçirtdiyi hissləri bizimlə bölüşdü: "Oktyabrın 22-si axşam evimizə gəlib qapıda dedilər ki, sizi hərbi komissarlığa çağırırlar. Mənə demişdilər ki, yaralıdır. Fikirləşdim ki, yaralı olsa, bizi ora çağırmazlar axı. Anam bizdə idi, ona dedim ki, Səxavəti gətirdilər. Anam dedi ki, yox, elə şey ola bilməz. İnanırsınız, yolu necə getdiyimi bilmədim. Bir də gördüm ki, hərbi komissarlığın həyətindəyəm. Şəhid xəbərini alanda həmin an heç nə fikirləşə bilmədim, dünya heç oldu. Səxavət mənim yaşama səbəbim idi, tək övladım idi, hər şeyim idi. Həmin dəqiqəni heç bir ana yaşamasın. Düzdür, deyirlər ki, Allah səbr versin, amma inanın ki, elə olmur. Mən onun xoş günlərini görmək istəyirdim, qismət olmadı. Mən bundan sonra necə yaşayacam heç onu bilmirəm, çox çətindir. Çünki mən bu həyatda Səxavət üçün yaşayırdım. Bütün arzularım Səxavətlə bağlı idi. İndi isə hər şey mənasızdır. Səxavət o qədər yaxşı, ağıllı oğlan idi ki. Bir dəfə belə mən ona deməmişəm ki, bu olmaz, bunu eləmə. Həmişə nəsə olanda o mənə təsəlli verirdi. Amma indi mən onunla fəxr edirəm. O, ən uca zirvədədir. Mənim balam cənnətdədir."

Maisə xanım Səxavətin babasının onsuz yaşaya bilmədiyini dedi: "Səxavətin şəhid olmasının 3 ayı tamam olmamış atam dözmədi, oğlumun ardınca atamı da itirdim. Babası Səxavəti o qədər çox istəyirdi ki. Səxavət güləşlə də məşğul olurdu, babası aparırdı. Onsuz qala bilmədi. Oğlum şəhid olan gündən atam heç nə yemirdi, heç kəslə də danışmırdı."

Sonda Maisə xanım qazilərə Allahdan şəfa, şəhidlərə də rəhmət dilədi.

Allah şəhidlərimizə rəhmət eləsin!