“Mən də bu xəstəliyə inanmırdım”- Bəhram Bağırzadə ilə MÜSAHİBƏ

“Mən də bu xəstəliyə inanmırdım”- Bəhram Bağırzadə ilə MÜSAHİBƏ

24Media-nın budəfəki müsahibi "Bakılı oğlanlar" KVN komandasının üzvü, aktyor, publisist, əməkdar artist Bəhram Bağırzadədir.

İlk növbədə, səhhətinizlə bağlı sizdən məlumat almaq istərdik. Hazırda necəsiniz?

- Şükürlər olsun Allaha, hazırda yaxşıyam. Halbuki bu sual mənə veriləndə cavab olaraq: "Əlayam", - deyirdim. Təəssüflər olsun ki, indi əla yox, yaxşı deyə bilərəm. Əla olmaq üçün ən azı altı ay lazımdır. Onun iki ayı keçib, dörd ayı qalıb. İnşallah, Dünya Azərbaycanlıların Həmrəylik Gününə bir neçə saat qalmış deyəcəm ki: "Əlayam"

 

Sizcə, koronavirus həyatımızda hansı dəyişikliklərə səbəb oldu?

- Əvvəl mən də bu xəstəliyə inanmırdım, hətta zarafata salırdım. Amma bildiyiniz kimi mən də yoluxdum. 46 gün reanimasiyada yatmalı oldum, 20 gün koma vəziyyətində, 26 günü isə müalicə üçün. İndiyə kimi də özümə gələ bilməmişəm. Ancaq səhvi və günahı ətrafımda yox, özümdə axtarıram. İbadət əhli olaraq imanlı insan kimi dua edirəm ki, bu xəstəliyi Allah mənə kəffarə kimi yazsın və günahlarım yuyulsun. Allahın mənə rəhmi gəldiyi üçün məni o vəziyyətdən çıxartdı. O ki qaldı virusun təsirinə, həyat tərzimi dəyişib, gimnastika ilə məşğul oluram. Yuxu rejimimə və yeməyimə fikir verirəm. Ancaq əvvəllər bu mümkün deyildi.

Bu bəladan sonra bəşəriyyətin özünü toplaması üçün nə qədər zaman lazımdır?

- Hər şey insanın özündən aslıdır. ABŞ, Hindistan, Braziliya və Peruda minlərlə insan bu virusa yoluxur və dünyasını dəyişir. Şükürlər olsun Allaha ki, Azərbaycanda bu göstərici çox azdır. Çünki bizim təşkilatlar, istər Səhiyyə Nazirliyi, TƏBİB, istərsə də digər qurumlar işini düzgün qurur. Bu, millətlərin özündən asılıdır. Mənə elə gəlir ki, bizim xalqımız müdrik xalqdır və nizam-intizama riayət edəndir. Düzdür, hamısı yox. Bəziləri cahillik edib, bu xəstəliyə inanmırlar. Allah onları hidayət etsin! Mənə elə gəlir ki, biz bu vəziyyətdən üzüağ çıxacağıq.


Artıq virusu bir kənara qoyub, pozitiv suallarımıza keçək. Bəhram Bağırzadə hansı çətin yollardan keçərək xalqın məhəbbətini qazanıb?

- Mənə elə gəlir ki, səmimiyyətimlə. Mən xalqım, millətim yox, tamaşaçılar deyə bilərəm. Çünki mənim elə bir ixtiyarım yoxdur. Xalqın adından ancaq cənab Prezident danışa bilər. Mən tamaşaçı deyim, tamaşaçıların rəğbətini qazanmışam. Çünki həmişə çalışmışam ki, səhnədə, çıxışlarımda özüm olum. Azərbaycanı təmsil etdiyim üçün insanlara yaxın olmuşam, onlar da məni qəbul ediblər. Sizin saytdan istifadə edib hər bir kəsə, kim ki mənə xəstəlik zamanı dua edib, onlara arzu edirəm ki, Allah onların dualarını həmişə qəbul etsin. Allah onların balalarını xoşbəxt etsin.

Dünyaya yenidən gəlsəydiniz, aktyorluq sənətini seçərdiniz?

- Mən özümü aktyor hesab etmirəm, mən KVN-çiyəm. Mənim əsl sənətim rejissorluqdur və mən nə vaxtsa yenidən rejissorluğa qayıdacam. Son 10 ildə mənim əsas işim naşirlikdir. Bu illər ərzində 40 kitabım işıq üzü görüb. İstəyirəm ki, bu kitabların sayını 100-ə çatdırım. Onların hər biri uşaqlar üçündür.

 


Son olaraq, mənim soruşmadığım, amma sizin cavablandırmaq və ya qeyd etmək istədiyiniz nə isə var?

- Bir arzum var. Azərbaycan xalqını, millətini dünyanın ən savadlı millətləri arasında görüm. Onun üçün də, bu gün bizim övladlarımız peşəkar jurnalist, aktyor, polis, memar olmaq üçün oxumalıdır. Bir az şablon ifadə də olsa, oxumaq, oxumaq, yenə də oxumaq. Əgər gələcəkdə rəvan günlər görmək istəyiriksə, biz bunu bu gün etməliyik.