“Mənə mane olan insanların üzərindən xətt çəkməyə başlamışam” - əməkdar artist Elnur Kərimovla MÜSAHİBƏ

“Mənə mane olan insanların üzərindən xətt çəkməyə başlamışam” - əməkdar artist Elnur Kərimovla MÜSAHİBƏ

24Media-nın budəfəki müsahibi əməkdar artist, aktyor, tanınmış aparıcı Elnur Kərimovdur.

Kiçik yaşlarınızdan musiqi və rəqs ilə peşəkarcasına məşğul olmusunuz. Nəyə görə fəaliyyətinizi bu yöndə davam etdirmədiniz?
 

- Sonu olmayan bir sənət seçmək istədim. Nə yaş önəmli olsun, nə də istək.
 

İlk çəkildiyiniz film/serial haqqında təəssüratlarınızı bölüşə bilərsinizmi?
 

- İlk tammetrajlı bədii filmim Nicat Feyzullayevin quruluşunda olan "Küçələrə su səpmişəm" filmi olub. Bu filmdə mən Rasim Balayevin canlandırdığı obrazın gəncliyini oynamışam. Məsuliyyətli və unudulmaz hiss idi. İlk serialım isə 2011-ci ildə Xəzər TV-nin layihəsi olan "Qayınana" serialında "Kamil" obrazı olub.
 

Görmək istədiyiniz və gördüyünüz teatr arasında nə kimi fərqlər var?
 

- Gördüyüm və görmək istədiyim teatr arasında çox fərq yoxdur, amma fərq var. Əslində bu mövzu o qədər incə nüanslarla doludur ki, bir anlıq harada başlayıb, harada bitirəcəyimi düşündüm. İncəsənət Universitetinə qəbuldan, teatrlarda olan indiki vəziyyət və xüsusi ilə teatrın inkşafına xidmət edən bir çox təşkilat və ittifaqın münasibətindən danışmaq olar. İlk növbədə, qəbul imtahanında az bal toplayıb İncəsənət universitetinə qəbul olmaq istəyənlər məni narahat edir. Nəyə görə az bal toplayan İncəsənət Universitetinə qəbul olmağı düşünməlidir? Məncə, incəsənəti sevən qəbul olmalıdır, özü də savadlı gənclik lazımdır. Aktyor olmaq istəyən şəxs böyük biliyə sahib olmalıdır. Ədəbiyyat, tarix, teatr tarixi və ən əsası, bütün sahələrdən xəbərdar olmalıdır. Yaxşı ki, hazırda qabiliyyət imtahanı zamanı buna xüsusi diqqət yetirilir. Gənclər: "Eybi yoxdur, istədiyim yerə balım çatmasa İncəsənətə girərəm", - deyə fikirləşməməlidirlər. Teatrlarda gənc aktyorların qəbuluna xüsusi diqqət yetirərdim. Müraciət etdiyi teatra yararlı və həmin teatrın repertuarındakı tamaşalara dözümünü yoxlayardım. Hazırda teatrda işləmək istəyən çox insan var. Amma məqsəd teatrdan seriala, TV-yə düşməkdir. Sonra nədənsə "möcüzə" baş verir, ya nə olursa həmin insanların teatra sevgisi azalır.

Hazırda "Ata ocağı" serialında "İlkin" obrazını canlandırırsınız. Bu obrazla bağlı düşüncələriniz öyrənmək istərdik.
 

- "İlkin" obrazı "Ata ocağı" serialında 3-cü mövsümünə qədəm qoydu. "İlkin"ə görə çox pis oluram. Onunla dost olmuşam. Çətinliklərə və ailə münasibətlərinə həssaslıq göstərməsi xoşuma gəlir. Mənimlə "İlkin" arasında fərqlər də, oxşarlıqlar da var. Tamaşaçıların "İlkin"ə və mənə olan sevgisi məni sevindirir. "İlkin" obrazına və ümumiyyətlə, serialımızın uzunömürlü olmasını istəyən tamaşaçılara təşəkkür etmək istərdim. "İlkin"ə indiki həyatında uğur arzulayıram, çünki hədsiz çətin anlar yaşayır.

Peşəkar komandanın olması və ən əsası işinin peşəkarları ilə birgə işləmək qürurverici hissdir. Xəzər TV rəhbərliyi və rejissorumuz Rüfət Şahbazov bu serialın uğurunun məhz professional aktyorlardan ibarət bir komanda da olmasını hər zaman söyləyirlər. Amma unutmaq olmaz ki, ssenaristlər və texniki heyət bir işin uğurlu olmasında böyük rol oynayır. Buna görə də, bizim serial böyük uğurlara imza atır.
 

Elə bir obraz varmı ki, artıq onu canlandırıblar və siz düşünmüsünüz ki, bu rolu mən daha yaxşı oynayardım və yaxud da demisinizmi ki, bu, tam mənlik roldur?
 

- Bu düşüncələr demək olar ki, beynimdən heç vaxt keçməyib. Amma Azərbaycanın tarixi qəhrəmanları və 90-cı illərdən bəri Qarabağ müharibəsi ilə bağlı filmlər çəkilərsə, böyük məmnuniyyətlə iştrak etmək istəyərəm. Çünki hər zaman hərbçi olmaq istəmişəm.
 

Teatrda və ya film çəkilişi zamanı başınıza gələn maraqlı hadisələrdən birini bölüşə bilərsinizmi?
 

- "Küçələrə su səpmişəm" filminin çəkilişi zamanı tərəf müqabilim Amid Qasımovu boğularkən xilas etmişəm və bir də serial çəkilişi zamanı ayağımın sınması çox sevdiyim futboldan məni ömürlük uzaqlaşdırdı.
 

Teatr, yoxsa film/serial? Hansı sizə daha doğmadır?
 

- Dram və kino aktyorluğu fakültəsində təhsil almışam. Teatr və kinonun hər ikisi mənə doğmadır. Nəzərə alsaq ki, 20 ildir Gənc Tamaşaçılar Teatrının aktyoruyam və 10-dan artıq tammetrajlı bədii filmdə çəkilmişəm, bunların içərisində İran, Rusiya ilə birgə çəkildiyim filmlər də yer almaqdadır. Ona görə də, hər ikisi mənə doğmadır. 2018-ci ildə Azərbaycan Milli Kinosunun 120 illiyində "Əməkdar artist" fəxri adına layiq görülmüşəm. İnşallah, sevdiyim teatr da məni hər hansı bir mükafata layiq görər. Xatırladım ki, Rusiyanın bir çox nüfuzlu teatr mükafatına və ən əsası “Stanislavski” 150 illik yubiley medalına layiq görülmüşəm.

İncəsənətə yeni gələn gənclər bəzən çətinliklərlə qarşılaşır, tez ruhdan düşürlər. Elə başlanğıcda fəaliyyətlərini dayandırırlar. Bu, onlara düzgün istiqamət verilməməsi və ya iradələrinin zəifliyindən qaynaqlana bilər. Siz belə gənclərə nə tövsiyə edərdiniz?
 

- Gənclərin bu halla üzləşməsinin ən əsas səbəblərindən biri psixoloji olaraq bu sahədə işləməyə hazır olmamalarıdır. Bu sahə kənardan rahat və asan görünür, amma əslində çox çətin və ən əsası səbr və dözümlülük tələb edən bir sahədir. Bu yolda atılacaq çox addım var. Gənclik əgər bilsə ki, onların çətin vaxtında dəstək olacaq insanlar var, o zaman hər şey tamam başqa cür ola bilər. Gəncləri bir araya gətirəcək ittifaq olmalıdır ki, onları narahat edən hər hansı bir problemin həllində dəstək olacaq və ya yol göstərəcək insanların olmasını hiss edib bu cür fikirləri beyinlərindən keçirməsinlər.
 

Kitab oxumağa zamanınız olurmu? Ən son hansı kitabı oxumusunuz?
 

- Kitab daim mənim dostum və yoldaşımdır. Avtomobil idarə edərkən audio kitab dinləyirəm. Son oxuduğum kitabları saya bilərəm. Xatirələr silsiləsi olan Azərbaycan şəxsiyyətlərindən bəhs edən kitabların hamısını oxumuşam. Özündə bir çox dünya yazarlarının hekayələrini birləşdirən kitablar toplusunu oxuyuram. 1973-cü ildə Mustafa Mərdanov tərəfindən yazılmış "Mənim müasirlərim" kitabını oxumuşam. Oxucularıma məsləhət görəcəyim kitab isə Amin Maaloufun "Səmərqənd" kitabıdır. Qısa məlumat verə bilərəm ki, sən demə Ömər Xəyyamın orjinal əl yazması olan kitab "Titanik" gəmisində batıb. Haradan hara... Əla deyilmi? O zaman oxuyun...
 

Hansı arzularınızın üzərindən xətt çəkmisiniz və niyə?
 

- Heç bir arzumun üzərindən xətt çəkmirəm. Arzularımın reallaşması üçün irəliləyirəm. Mənə mane olan və çətinliklər yaradan insanların üzərindən xətt çəkməyə başlamışam. Məni tanıyan insanlar bilir ki, arzum övladımın tez bir zamanda sağlamlığına qovuşması və şəxsi evimin olmasıdır.


 

Elnur bəy, həyat özü bir məktəbdir. Sizin bu məktəbdə öyrəndiyiniz ən önəmli dərs hansı olub?
 

- Həyatı öyrənmək üçün teatr mənə çox kömək olub. Mən həyatdan və yaşadıqlarımdan çox şey öyrəndim. Bütün insanlar və bütün yaxınlar hamısı özü üçün imiş. Çalışın bu həyatda özünüz üçün şərait yaradın. Heç kimdən kömək gözləməyin. Daha nələr var, nələr...
 

Son olaraq, oxucularımıza nə demək istərdiniz?
 

- Məni və mənim yaradıcılığımı diqqətdə saxladığınız üçün sizə və komandanıza təşəkkürümü bildirirəm. Hər zaman dəstək olmusunuz. Oxucularıma xatırlatmaq istərdim ki, Azərbaycan mədəniyyəti, teatrı, kinosu yaşasın deyə neçə-neçə sənətkar öz canından keçdi. İndi bu yük bizim çiyinlərimizdədir. Bu yükü daşımaqdan qürur hissi duyuruq. Tamaşaçılarımız və oxucularımız mədəniyyətimizi, kinomuzu, vətənimizi sevsinlər. Ən əsası isə bu torpağın var olması yolunda şəhid olan bacı və qardaşlarımızı daim xatırlasınlar, unutmasınlar, unutdurmasınlar.