Lənkəranlı əsgər avtoqəzada ölüb, yoxsa şəhid olub?

Lənkəranlı əsgər avtoqəzada ölüb, yoxsa şəhid olub?

Sosial şəbəkələrdə lənkəranlı əsgər haqqında yayılan mübahisəli məsələ haqqında Lənkəran Şəhər İcra Hakimiyyəti 24Media-ya açıqlama verib: 

"Bəzi sosial şəbəkə istifadəçilərinin paylaşdıqları məlumatların heç biri həqiqəti əks etdirmir. Belə ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə şəhidlik statusunun verilməsi, ümumiyyətlə,şəhər İcra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələ olduğundan şəhər İcra hakimiyyətini bu statusu verməməkdə ittiham etmək tamamilə əsassızdır. İkincisi isə işğal olunmuş torpaqların azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub həlak olmuş lənkəranlı şəhidlərin hər birinin, o cümlədən döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olmuş Əflatun Fərəcovun dəfn mərasimi şəhər İcra hakimiyyətinin rəhbərliyi, şəxsən İcra başçısı başda olmaqla hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyəti nümayəndələrinin, əmək kollektivlərinin, ziyalıların, din xadimlərinin iştirakı ilə izdihamlı şəkildə vətənpərvərlik şüarları ilə keçib".

Qeyd edək ki, araşdırmalar zamanı aydın oldu ki, Lənkəranın Osaküçə kəndindən olan əsgər Fərəcov Əflatun döyüşlər zamanı həlak olmayıb. O, Naftalanda hərbi xidmətini keçirdi. Alınan məlumata görə xidmət dövründə, döyüş bölgəsinə yardım apardığı zaman, Bərdə-Yevlax yolunda avtoqəza keçirib, üzərinə UAZ markalı avtomobil aşıb. Xəstəxanaya müalicəyə aparılıb, müalicə zamanı həkimlər səy göstərsə də, əsgərin həyatını xilas etmək mümkün olmayıb.

Sakinlər iddia edirlər ki, bədənində güllə izləri olub. Lakin mərhumun bədənindəki izlər güllə yox, müalicə zamanı açılan tibbi dəlikdir ki, həyatını xilas etmək üçün edilən əməliyyatın izləri idi...

Dövlət qurumları bu baxımdan əvvəlcə hərbçiyə şəhid statusu verməyiblər ki, o, döyüşlər zamanı, yaxud qarşı tərəfin açdığı güllə nəticəsində həlak olmayıb. Bu isə kənddə narazılığa səbəb olub. Sonradan İcra hakimiyyəti və rəsmi qurumlar da vəziyyətin həssaslığını nəzərə alaraq, sosial şəbəkələrdəki ictimai qınağa görə vəziyyəti sakitləşdirmək üçün əsgəri şəhid kimi dəfn ediblər.

Nazirlər Kabinetinin yeni qərarlarına əsasən Ermənistanın təcavüzü nəticəsində cəbhə xəttindən kənarda yerləşən yaşayış məntəqələrində həlak olmuş şəxslər (mülki, yaxud, hərbçi) də şəhid hesab olunacaqlar. Bu baxımdan mərhum əsgərimiz də şəhid hesab olunur.

Allah şəhidimizə rəhmət etsin.