Koronavirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı

Koronavirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının onlayn iclası keçirilib. İclasda koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasında geniş yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər məsələlər müzakirə olunub.

 

24 Media xəbər verir ki, Şura sədri, deputat Azay Quliyev iclası giriş sözü ilə açaraq gündəliyə təqdim olunan məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq, yekdilliklə qəbul olunub.

 

Gündəliyə təqdim olunan məsələ haqqında Katibliyin icraçı direktoru Fərasət Qurbanov geniş məruzə ilə çıxış edib. Şura üzvləri koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikasında geniş yayılmasının qarşısının alınması ilə bağlı təqdim olunan təklifləri məqsədəuyğun hesab etdiklərini bildiriblər.


Bundan əlavə, Şura, 2 aprel 2020-ci ildə "QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı"nın iştirakçılarının irəli sürdüyü təkliflərin icraya yönləndirilməsi haqqında qərar qəbul edib. Qərarda deyilir:

1. Koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikasında geniş yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasında fəaliyyət göstərən QHT-lərin iştirakı ilə 2 aprel 2020-ci ildə onlayn qaydada keçirilmiş Ümumrespublika Konfransının təklifləri nəzərə alınsın (təkliflər üçün aşağıya bax) və baxılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim edilsin;

2. Koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikasında geniş yayılmasının qarşısının alınması istiqamətində ictimai nəzarət, monitorinq və məlumatlandırma tədbirlərinin gücləndirilməsi məqsədilə Şuranın yanında İctimai Qərargah yaradılsın;

3. İctimai Qərargah ümumrespublika konfransında irəli sürülən və vətəndaş cəmiyyətinin funksiyalarına aid olan məsələlərin icrası ilə bağlı müvafiq tədbirlər görsün;

4. İctimai Qərargah Şuranın Real TV ilə birgə həyata keçirdiyi "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyası ilə əlaqədar xüsusi gücləndirilmiş karantin rejiminin tələblərinə uyğun yeni Qaydalar hazırlasın;

5. İctimai Qərargah fəaliyyəti barədə mütəmadi olaraq Şuraya hesabat versin və gördüyü işlər barədə mütəmadi olaraq ictimaiyyəti məlumatlandırsın;

6. Şuranın Real TV ilə birgə həyata keçirdiyi "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına digər televiziyaların, KİV-lərin, habelə QHT-lərin informasiya resurslarının cəlb edilməsi ilə bağlı müvafiq tədbirlər görülsün;

7. Koronavirusla mübarizə tədbirlərini gücləndirmək məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən İctimai şuraların iştirakı ilə onlayn müşavirənin keçirilməsi təşkil edilsin;

8. Karantin dövründə vətəndaşların evdə vaxtının səmərəli keçirilməsinə yardım etmək məqsədilə "Evdə qalaq, birgə olaq" ictimai dəstək və marifləndirmə kampaniyası təşkil edilsin.

9. Şura Katibliyi bu qərarların icrası ilə bağlı müvafiq tədbirlər görsün.