“Koronavirusa yoluxmaq utanılası bir şey deyil” - virus daşıyıcısı ilə MÜSAHİBƏ

“Koronavirusa yoluxmaq utanılası bir şey deyil” - virus daşıyıcısı ilə MÜSAHİBƏ

24Media koronavirusla mübarizə apararaq sağalan Aysel Quliyeva ilə həmsöhbət olub.

Aysel, əvvəlcə özünüz haqqında qısa məlumat verməyinizi xahiş edirik. 

- Quliyeva Aysel, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsiyəm. 21 yaşım var.

Koronavirusa yoluxmamışdan əvvəl özünüzü necə qoruyurdunuz? 

- Gündəlik olaraq tibbi maskadan istifadə edirdim, çantamda spirt olurdu. Özümü yaxşı qoruduğumu düşünürdüm.

Virusa yoluxduğunuzu necə başa düşdünüz? İlkin əlamətlər özünü necə göstərdi?

- Əslində, COVID-19 testinin məndə pozitiv çıxacağını düşünməzdim. Qrip olduğumu düşünürdüm, amma ailə üzvlərimdə də qrip kimi düşüdüyüm xəstəliyin əlamətlərini hiss etdim. Yenə də koronavirus olduğunu düşünmədim, həyat mənim üçün öz axarında idi. Gənc olduğum üçün xəstəliyi ilk günlərdə o qədər də hiss etmədim. Anamın vəziyyəti isə günü-gündən dəyişirdi. Ona görə də özəl xəstəxanalardan birində müayinədən keçdik. Kompüter tomoqrafiyası müayinəsində ciyərlərimizdə “buzlu şüşə” əlaməti göründü. Ağciyərlərdə virus mənşəli zədələnmə vardı. Həmin anda heç gecikdirmədən evə təcili tibbi yardım çağırdıq və virusun olub-olmamasını dəqiqləşdirmək üçün analiz verdik. Bir gündən sonra mesaj gəldi, testin nəticəsi pozitiv idi. Sonra müxtəlif dövlət orqanlarından zənglər gəldi. Mən hələ də şokda idim. Anam evdar xanımdır, onun virusa yoluxacağı ağlıma gəlməzdi.

Hansı şəraitdə müalicə aldınız?

- Əksər insanlar düşünür ki, xəstəxanalarda insana pis baxırlar. Xəstəxanalar haqqında olan mənfi fikirlərə görə, dövlət orqanlarına ev şəraitində müalicə almaq istədiyimizi bildirdim. Onlar da məni düzgün şəkildə məlumatlandırdılar. Fikrimi dəyişdim. Anamın vəziyyətinin daha da ağırlaşmaması üçün həkim şəraitində olmasının daha doğru olduğunu başa düşdüm. Mən işlədiyim üçün adımın portala düşməsini istəmirdim, amma sonra başa düşdüm ki, koronavirusa yoluxmaq utanılası bir şey deyil. Amma bəzi iş yoldaşlarım bunu gizlətdilər və ev şəraitində müalicə aldılar.

Ailə üzvləriniz də COVID-19 daşıyıcısı olublar, yoluxmanın mənbəyini tapa bildiniz? Yəni, bu virus sizə kimdən, harada, hansı şəraitdə yoluxdu?

- Şəhidimizin yas mərasiminə getmişdik, orada koronavirusa yoluxduq. Amma ailəmizdə hamı yoluxmadı, atam səhiyyə işçisidir. Onun test nəticəsi neqativ çıxdı. O, daha diqqətli idi. 

Xəstəliyi hansı dərəcədə keçirtdiniz?

- Anam xəstəliyi daha ağır şəkildə keçirtdi, nəfəs ala bilmirdi, tənginəfəs olurdu. Anam, qardaşım və mən - hər üçümüz xəstəxana şəraitində müalicə aldıq.

Hazırda səhhətiniz necədir, virusun yaratdığı hansısa fəsadı hiss edirsiniz? 

- Hazırda səhhətim yaxşıdır, xəstəxanadan sonra evdə də özünütəcrid qaydalarına əməl etdim. Ümumilikdə 21 gün karantin şəraitində qaldıq. Əlbəttə ki, bütün xəstəliklər özündən sonra insanda müəyyən fəsadlar yaradır. Koronavirusa qaldıqda isə öskürək davam edir. Anamda isə daxildə bəzi fəsadlar var.

Dərman vasitələri dövlət tərəfindən, yoxsa öz hesabınıza alınırdı?

- Dərmanlar bütün xəstələr üçün dövlət tərəfindən pulsuz şəkildə verilirdi. Dərmanlarla vaxtı-vaxtında təmin olunurduq.

Oxucularımıza nələri tövsiyə edərdiniz?

- Tibbi maskalardan mütləq şəkildə, düzgün qaydada istifadə etsinlər. Əlcəkdən istifadə etsinlər. Dezinfeksiya məhlullarından və spirtdən istifadə etsinlər. Ən əsas əllərimizin təmizliyinə riayət etməkdir. Əlləri tez-tez sabunla təmiz və düzgün şəkildə yumaq mütləqdir. İnsanların çox toplaşdığı yerlərdən uzaq durmaq lazımdır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl edilməlidir.