“Koronavirus ölümləri sübut etdi ki, bu dünyada bircə var-dövlət var: yaxşı insan olmaq!” - Professorla MÜSAHİBƏ

“Koronavirus ölümləri sübut etdi ki, bu dünyada bircə var-dövlət var: yaxşı insan olmaq!” - Professorla MÜSAHİBƏ

24Media-nın "Evdə qal, sənə qurban” rubrikası davam edir. 

Rubrikamızın növbəti qonağı Bakı Dövlət Universitetinin Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri, professor Cahangir Məmmədlidir.
 

Gününün çox hissəsini Jurnalistika fakültəsinin auditoriyalarında keçirən Cahangir Məmmədli üçün bu günlər evdə qalmaq necə təsir bağışlayır?
 

- Hər bir normal insanın özünəməxsus taleyinin ilk çağlarında formalaşdırdığı həyat tərzi, iş yeri, ixtisası, fəaliyyət prinsipləri var. Jurnalistika mənim taleyimdir. Bu tale məni Bakı Dövlət Universitetinə, 1968-ci ildə bitirdiyim Jurnalistika fakültəsinə bağladı. O gün, bu gün doğma fakültədə, doğma iş yoldaşlarımın və balalarım qədər əziz tələbələrimin yanındayam. Bu universitetə, bu fakültəyə, tələbələrə o qədər bağlıyam ki, hər tədris ilinin yay tətillərində də onlar üçün darıxmışam. O ki qaldı indiki məcburi “tətilə”, bu günlər mənim üçün ağrılı bir ayrılıq acısıdır. Səmimi deyirəm, ona görə yox ki, koronavirus qorxusu var, ona görə yox ki, ölüm-dirim təhlükəsi var. Ona görə ki, bu, məcburi, heç birimizin arzulamadığı bir ayrılıqdır. Balalarım, nəvələrim tez-tez məni yoxlayırlar. Mən tələbələrimi bu anlarda daha çox yada salıram. Çünki onlara sevgim övladlarıma olduğu kimidir.
 

Mən, ümumiyyətlə, ev adamı, oturaq adam deyiləm. Mən çöl, iş adamıyam, uzaq yollara – Qarabağ yollarına bağlı adamam. Bu xarakterdə olan biri üçün evdə qalmaq ağır işdir. Bu çətin anlarda elmi işlər üzərində işləyirəm.

Hansı işləriniz təxirə salınıb və müvəqqəti təcrid sonrası planlarınız nədən ibarətdir?
 

- Əlimdə çap etdirməyə kitabım var. İndi nəşriyyatların işləməməsi, özümün evdə qalmağım bu işi hələlik dayandırıb. Yeni jurnalistika və kommunikasiya nəzəriyyələri problemi ilə bağlı dərslik üzərində işə başlamışam. Həkimlərimizin bu günlərdəki qəhrəmanlıq salnaməsi ilə bağlı “525-ci qəzet” ilə birlikdə jurnalistlərə bu barədə oçerk və esselər yazılması üçün müraciət etmişik. Artıq yazılar gəlməkdədir. İnşallah, onları bir kitab formasında nəşr edəcəyik.
 

Karantin müddətinin ilk vaxtlarında "Facebook" statuslarınızdan birində jurnalistləri gözə görünməyən qəhrəmanlar adlandırmısınız. İndiki vəziyyəti necə dəyərləndirirsiniz? Sizcə,  jurnalistlər öz işlərini necə yerinə yetirirlər?
 

- Prezident İlham Əliyev son günlər hər çıxışında üç zümrənin gördüyü işi yüksək qiymətləndirir: Həkimlər, polislər və jurnalistlər. Mən koronavirus xəstələri və həkimlərlə əlaqə saxlayan, onlardan canlı müsahibə alan, bu informasiyaları mediaya ötürən jurnalistləri də həqiqi qəhrəman hesab edirəm. Onların bir çoxu mənim də dərs demiş olduğum müxbirlərdir. Onları ön cəbhədə görəndə həm qürur duyuram, həm də nə gizlədim, ürəyimdən bir gizilti keçir. Allah onları qorusun. Tanrıya dua etməkdən başqa əlimdən heç nə gəlmir.
Təəssüf ki, sosial şəbəkələrdə adını jurnalist qoyanlar da var ki, stress yaradan, insaları təşvişə salan dezinformasiyalar yayırlar. Onlar bu işdən əl çəkməlidirlər.

 

Son vaxtlar, xüsusilə karantin dövründə sosial şəbəkələrdə aktiv olmağa çalışırsınızmı? 
 

- Doğrusu, mən sosial şəbəkədə aktiv olmamışam. Çünki, ”Facebook”da elə fikirlərə, boş-boş statuslara, təhqirlərə o qədər rast gəlmək olur ki, adam orada qalmaq istəmir. Amma bu “tətil” günlərində hiss etdim ki, dünya başdan-ayağa virtuallaşır. Tələbələrimizlə ünsiyyətin yeganə üsulu onlayn formatdır. Orada fakültəmizin yaratdığı qrup var, hansı ki, biz həmin formatla əlaqə saxlayırıq.
Yenə təkrar edirəm, heç bir virtual, onlayn münasibət müəllim və tələbənin canlı ünsiyyətini əvəz edə bilməz. Tanrı bizi bu ünsiyyətə qovuşdursun
.

 

Cahangir Məmmədli karantin müddətində keçirdiyi bir gününü necə təsvir edərdi?
 

- Karantin dövründə keçən hər bir gün ən çox universitet və auditoriya həsrətimi artırır. Ümid onadır ki, yaxın günlərdə auditoriyalara qaydıcağıq.
Əlbəttə, günümü daha çox yazı-pozu ilə keçirirəm. Daha çox klassik ədəbiyyatı oxuyuram. Yenidən Lev Tolstoya, Fyodor Dostoyevskiyə, Cek Londana qayıtmışam. Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir yenidən masamın üstünə qayıdıb. Bir sıra şeir, nəşr kitabları barədə resenziyalarım dərc olunub, pritçalar, hekayələr yazmışam. Gün yenidən doğanda dərc etdirəcəm.

 

İzolyasiya tədbirlərinin görülməsi dövründə fikirlərinizdə hansı dəyişikliklər oldu?
 

- Həqiqətən, fikirlərimdə xeyli dəyişikliklər oldu. Birdəfəlik anladım ki, dünya indiki axarında getməyəcək. Bizim xalqımızda həmişə lirikaya daha çox meyl olub. Adi şair dünyaya səs sala biləcək bir fizikdən, riyaziyyatçıdan daha çox təbliğ olunub. Koronavirus elmə münasibətdə bir dərs olmalıdır. Bir də Avropa kimi lirikadan fizikaya, yəni dəqiq elmlərə daha möhkəm keçməliyik.
Bu yaxınlarda bir yazı dərc etdirmişdim: “Tövbə vaxtı”. Koronavirus ölümləri sübut etdi ki, bu dünyada bircə var-dövlət var: yaxşı insan olmaq! Bu gün pisliklərdən, paxıllıqdan, rüşvətdən, saxta diplomdan, qohumbazlıqdan, layiq olmadığın vəzifəyə can atmaqdan imtina etməyin vaxtıdır. Hər şey tükənib gedəcək, var da, dövlət də. Bircə şey əbədidir: yaxşı ad! Bunlar həmişə yadımızda olur, amma bu gün yaddaşımızı, bu sahədə ideyalarımızı gerçəkləşdirmək vaxtıdır.

 

Xüsusi karantin rejimi bitdikdən sonra bu dövrü necə xatırlayacaqsınız?
 

- Karantin rejimindən sonra bu günləri xatırlamamaq mümkün olmayacaq. Ömür imkan versə, hər yaz gələndə təbəssümlə yada salacam ki, o zəhrimar karantin günlərimdə Qarabağ yollarına çıxa bilmədim. Yevlax-Ağdam yolundakı əriklər, şaftalılar mənsiz çiçəklədi. Ağdamın Quranlı qəsəbəsində doğmalarımın qəbri üstünə gül alıb apara bilmədim. Əfətli kəndinin altı kilometrliyində işğal altında qalan kəndimizi uzaqdan da olsa seyr edə bilmədim. Bir də onu xatırlayacağam ki, dostlarım, tanışlarım, doğmalarım, yollarında canımı qurban verməyə hazır olduğum jurnalistlərimiz məni unutmadılar. Hər gün zəng edib halımı soruşdular.
 

Sonda, tələbələrinizə və oxucularımıza nə demək istərdiniz?
 

- Praktik jurnalistlərimizə bu zaman kontekstinə uyğun olaraq can sağlığı arzulayıram. Onlar az maaşla qəhrəmanlıq missiyasını yerinə yetirirlər. Peşəkarlıqlarını ağır günlərdə bir daha nümayiş etdirdilər.
Tələbələrimizə deyirəm ki, bizim onlara müəllim sevgimizi heç bir koronavirus əlimizdən ala bilməz. Tələbələrim bilirlər ki, şəxsən mən ən ciddi rəhbərlik tələbləri anında da onlara güzəştlə yanaşmağı kafedramızın əməkdaşlarından xahiş etmişəm. Bizim kafedramızın qapıları həmişə onların üzünə açıq olub. Bu günlərdən sonra sevgimiz, güzəştimiz, köməyimiz, arxa-dayaq olmağımız birə-beş artacaq.
Oxucularımıza can sağlığı, övladlarını uğurla böyütmək, toya hazırlaşanları toyda görmək, ilk sevgi duyğularını gerçəkləşdirmək, bu sevgi çoxdan reallaşıbsa oğullu, qızlı olmaq, bir sözlə, içimdən gələn müqəddəs arzularımı bildirirəm.