“Korona ilə vidalaşırdıq, bir səhv hər şeyi dəyişdi...” – Adil Qeybulla ilə MÜSAHİBƏ

“Korona ilə vidalaşırdıq, bir səhv hər şeyi dəyişdi...” – Adil Qeybulla ilə MÜSAHİBƏ

Ölkədə koronavirusla mübarizə tədbirləri davam edir. Bununla belə, son aylar yoluxmaların sayında artım müşahidə edilir. Qarşıdakı günlərdə bizi nə gözləyir? Qəbul edilən qərarlar nə dərəcədə effektli olacaq?

Mövzu ilə bağlı tibb professoru Adil Qeybulla Teleqraf.com-un suallarını cavablandırıb.

- Ötən gün TƏBİB İdarə Heyətinin sədri Ramin Bayaramlı xəstəliyə yoluxmanın gənclər arasında artdığını açıqladı və bildirdi ki, ağırlaşma halları gənclərdə daha çoxdur. Bunun səbəbi nədir?

- Yoluxma zamanı müəyyən edilib ki, bədənə virus yükü nə qədər çox düşərsə, xəstəlik o qədər ağır keçir. Bunu həkimlərin çox ağır xəstələnməsi də sübut edir. Bu günə qədər dörd həkimimizi itirmişik. Həkim və tibb işçiləri xəstələniblər, belələrinin say 600-ü keçib. Onların arasında ailəvi xəstələnənlər də var. Bu onu göstərir ki, xəstə ilə daha çox ünsiyyətdə olan, daha çox virus yükü götürənlər xəstəliyi daha ağır keçirirlər.

Ümumi statistika COVID-19 test nəticələrinin pozitiv olması ilə bağlıdır. Xəstəliyi klinik formada ağır keçirənlər daha çox doza alanlardır. Bu baxımdan gənclər arasında yoluxmanın artması onların sosial məsafə gözləməmələri, maskadan istifadə eləməmələri, karantin qaydalarına riayət etməkdən boyun qaçırmaları ilə bağlıdır. Çünki karantin rejimi yumşaldıqdan sonra Bakı bulvarında, parklarda insanların, xüsusilə gənclərin aşırı sərbəst davranışlarına şahid olduq. Çox yaxın məsafədə ünsiyyət xəstəliyin artmasına gətirib çıxardı.

Adətən, xəstəliyi yüngül formada keçirən adam heç özü də bilmir ki, xəstədir. Virus daşıyıcısı kimi başqa xeyli adamı yoluxdura bilər. Ən təhlükəli xəstələr də bunlardır.

- Asimptomatik xəstələrin evdə müalicəsi üçün qərar qəbul olunacağı bildirildi. Sizcə, bu, nə dərəcə effektli olacaq? 

- Bu xəstələrin evdə müalicə prosesini dünyada da müşahidə etdik. İtaliya, İspaniya təcrübəsində gördük ki, xəstəxanalarda yer olmayanda onları evə göndərirlər. Bizdə hələlik onları yerləşdirməyə yer var. Yəqin ki, xəstə sayı artsa, bizdə də anoloji vəziyyət yaransa, uyğun addım atıla bilərlər.

Amma bizdə yoluxma sayı niyə bu səviyyədə artmalı idi ki, belə vəziyyət yaransın?! İnsanlar karantin rejimi yumşaldıqdan sonra qətiyyən qaydalara riayət etmədilər. Sanki situasiyanı iqnor etmiş kimi davarandılar. Artıq bunun nəticələrini görməyə başlamışıq.

- Hava isinəndə virusun yox olacağı barədə proqnozlar verilirdi. Amma indi ən isti rayonlarda da sərt karantin tətbiq olunur...

- Havanın isinməsinin, günəş şüalarının virusa öldürücü təsiri var. Virus əgər bir səthə düşərsə, günəş şüaları altında uzun müddət tab gətirə bilməz. Amma virus bayırda artıb-çoxalmır, insan orqanizmində çoxalır. Əgər insanlar bir-biri ilə çox yaxın məsafədə təmasdadırlarsa, sosial məsafə gözləmirlərsə, virusa isti-soyuğun nə aidiyyəti var? Bir insandan digərinə keçir və çox asanlıqla yaşayır, böyük yoluxma potensialı ilə öz mövcudluğunu saxlayır.

- Hamilə qadınların virusa yoluxması halları da artır. Bu, döl üçün hansı təhlükələr yarada bilər?

- Hamilə qadınların arasında yoluxma faktları var. Məlumata görə, COVID-19-a yoluxanlar arasında 20 yaşlı hamilə qadın da var. Bu onun göstəricisidir ki, ailəvi yoluxmalar artıb. Bu, insanların evdə daha çox təmasda olması ilə əlaqədardır. Evdə bir nəfər xəstələnirsə, sosial məsafə gözləmək, maskada gəzmək real deyil. Bu baxımdan çox vaxt insanlar bir-birini təcrid etmirlər. Çünki əgər bayırda özünü belə aparırsa, evdə necə aparacaq?

Bu baxımdan təəssüf ki, ailəvi yoluxmalar daha çoxdur. Amma hamilələrin yoluxması çox narahatvericidir. Əslində burada uşağın həyatı təhlükədədir. Hamiləlikdə orqanizm ekstremal vəziyyətdə çalışır, istənilən müddətdə hamiləliyin pozulması gündəmə gələ bilər. Yoluxma zamanı müəyyən edilib ki, virus nə qədər çox mutasiyaya uğrasa, o qədər çox ağır keçirir.

- Virus Qafqaz regonunda özünü necə göstərir? Vəziyyət necədir, fərqlər nəylə izah olunur?

- Qafqaz ölkələrindən Gürcüstanda vəziyyət Azərbaycanla müqayisədə daha yaxşıdır. Koronavirusla mübarizədə tədbirlər düzgün formada aparıldı. Bununla yanaşı, gürcülər də vətəndaş olaraq karantin qaydalarına riayət edirlər. Bu da təbii ki, nəticəyə təsir etdi.

- Gürcüstanla müqayisə apardınız, Azərbaycanda yoluxmalarda statistika niyə kəskin şəkildə artdı?

- SMS icazələrin tətbiq olunduğu müddətdə insanlar bir-birinin evinə qonaq getdilər, kütləvi məclislər təşkil etdilər, yaxından təmasda oldular. Nəzərə alsaq ki, hər yerə nəzarət etmək mümkün deyil, həyətlərə polis daxil olmurdu. Ardınca karantin qaydaları yumşaldıqdan sonra hər kəs küçələrə axışdı. Fəvvarələr meydanı, bulvarda nadir hallarda insanların maska taxdığını görürdük. Gənclər qucaqlaşaraq görüşür, hamının infeksiyanın varlığını inkar etməsi nəticədə böyük yoluxmalara səbəb oldu.

Biz artıq yaxın 10 gündə bunun nəticələrini daha aydın görəcəyik. Yoluxma sayı artacaq, ölüm halları daha çox olacaq. İnsanlara davranışlarının düzgün olmadığını dedikdə isə sosial şəbəkələrdəki reaksiyalarından, münasibətindən hiss olunur ki, onlar bu situasiyaya əhəmiyyət vermirlər. Bu da məsuliyyətsizlikdir.

Məsuliyyətsizlik isə ayrı-ayrı insanların taleyi deməkdir. Düşünmək lazımdır ki, ön cəbhədə həkimlər bununla məşğuldur. Süni tənəffüs aparatına qoşulan xəstələrin tez-tez ciyərləri təmizlənir. Həkimlər yaxın məsafədən həyatlarını riskə qoyaraq çalışırlar.

Bu gün 300-dən artıq yoluxma rəqəmlərini görməyimiz məsuliyyətsizliyin nəticəsidir. Situasiyanı başa düşərək qaydalara riayət olunan ölkələrdə epidemioloji vəziyyət daha yaxşıdır. Saymazlıq olan ölkələrdə isə itkilər artır, böyük problemlər yaşanır.

- Azərbaycanda virusun zəifləyib tamamilə yox olması nə zamana proqnozlaşdırılır? Yeni dalğa olacaqsa, fərq nədə olacaq?

- Bir prosesin başa çatıb, suporadik vəziyyət alıb, müəyyən fasilədən sonra alovlanması yeni dalğa deməkdir. İnsanlar yoluxmanın azalma dövründə qaydaları pozduqları üçün xəstəlik yenidən alovlandı. Əslində mən bunu yeni dalğa yox, reinfeksiya hesab edirəm. Biz əgər karantin qaydalarına riayət etsəydik, proses pis getmirdi. Biz xəstəliklə tamamilə vidalaşmaq üzrə idik.

Bəzi ölkələrdəki kimi azalan xətt üzrə gedib, yoxa çıxmalı idi. Amma təəssüflər olsun ki, insanlar bunu gözləmədilər, bu səbəblə kollektiv yoluxmaya getdik. Bu gün Abşeron yarımadasında 60-70 faiz insan infeksiyaya yoluxmuş vəziyyətdədir. Onlar arasında gənclər üstünlük təşkil edir.