"Könüllülük insanda olan  mənfi xüsusiyyətləri aradan qaldırır" - MÜSAHİBƏ

24Media bu ilin "Könüllülər ili" olmasını nəzərə alaraq "Gənc Könüllü" rubrikasına start verib. İlk müsahibimiz ictimai işlərdə könüllü kimi fəaliyyət göstərən tələbə Tapdıq Orucovdur. 

- Tapdıq, söhbətə özünüzü təqdim etməklə başlayaq...

- 2001-ci ildə Ağstafa rayon Qırılı kəndində anadan olmuşam. 2007-ci ildə S.Əliyev adına tam orta məktəbin 1-ci sinfinə qəbul olmuş, 2018-ci ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişəm. Elə həmin ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Reabilitasiya" ixtisasına qəbul olmuşam və hazırda 2-ci kurs tələbəsiyəm.

Necə oldu ki, könüllü kimi fəaliyyətə başlamağa qərar verdiniz?

- Universitetə daxil olandan sonra təhsilimdən əlavə vaxtlarım qalırdı və bu boş zamanı dəyərləndirmək, özümü inkişaf etdirmək, həmçinin daxilimdəki çəkingənlik hissini könüllülük fəaliyyətlərimlə aradan qaldıra biləcəyimə inanıb bu yola başladım.

Sizcə, könüllülük fəaliyyəti nə üçün lazımdır?

- Könüllülük hər şeydən öncə sizin bir çox mənfi xüsusiyyətlərinizi aradan qaldırır.

Bu fəaliyyətin müsbət və mənfi cəhətləri hansılardır?

- Könüllülük fəaliyyətinin müsbət cəhətləri saymaqla bitməz. Könüllülük insanı gələcək həyata hazırlayır. Müxtəlif peşə sahibləri ilə çalışmaq, onların işlərini görmək könüllülərin bütün peşələrdən xəbərdar olması deməkdir. Bu isə gələcəkdə insanın düzgün yol seçməsinə çox kömək olur. Mən könüllülük fəaliyyətini sevirəm və buna görə mənfi xüsusiyyətləri varsa da, mənim gözümdə onlar görünmür.

Bəs könüllü olmağın cəmiyyət üçün xeyri nədən ibarətdir?

- Elə olur ki, dövlət və ya beynəlxalq səviyyəli tədbirləri könüllülər idarə edir və bu tədbirin təşkilatçılarının, qonaqlarının rahatlığını təmin edir. Düşünün, heç bir maddiyyat güdmədən çalışan könüllülər xalqımız və cəmiyyətimizin rahatlığı üçün çalışır və ən önəmlisi onlar cəmiyyətə xidmət etmək üçün könüllülük fəaliyyətinin sahəsində ideal kadr olurlar.

Fəaliyyətiniz dövründə hansı maraqlı hadisələrlə qarşılaşmısınız?

- 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə "Toplan" sahibsiz itlərə Qayğı Mərkəzinin əməkdaşları ilə birgə uşaqlara heyvanları nümayiş etdirir və oyunlar təşkil etmişdik .Həmin gün mənim üçün möhtəşəm keçmişdi. Həm yeni dostlar qazandım, həm də uşaqlarla əyləndim.

Bu il "Könüllülər ili" elan edildi. Bu  xəbəri necə qarşıladınız?

- Bəli, bu, prezidentimiz tərəfindən könüllülərə göstərilən dəyərin bariz nümunəsidir. Biz bir daha əmin olduq ki, dövlətimiz hər bir gəncə sahib çıxır və onun arxasındadır. Bu dəyər bizə gələcək addımlarımızda da stimul verir.

Minlərlə gənc könüllülük fəaliyyəti ilə maraqlanır. Onları cəlb edən nədir?

- Bu, çox sevindirici haldır. Gənclərimizin təmənnasız ölkəsinə xidmət etmək istəməsi həqiqətən də, Azərbaycanın gələcəyinin necə parlaq olacağının bir növ xəbərçisidir. Məncə, onların bu sahəyə marağı əsasən özlərini inkişaf etdirmək, o cümlədən əhatə dairələrini genişləndirmək, yeni dostlar qazanıb gələcək karyeralarını möhkəm bünövrələr üzərində qurmaqdan qaynaqlanır.

Sizcə, hər bir gənc könüllü olmağı bacarırmı?

- Deyərdim ki, yox. Çünki, dəfələrlə könüllülük işini yarıda tərk gedən gənclər görmüşəm. 

Könüllülər əsasən hansı işlə təmin olunur?

- Könüllü sahəsində müxtəlif işlər olur, müxtəlif peşə sahibləri ilə çiyin-çiyinə işləyirsən, yəni fərq qoymursan. Mənim futbol səhəsindən başlayıb beynəlxalq, dövlət səviyyəli işlərə kimi könüllü fəaliyyətim olub.

Bəs könüllü fəaliyyəti sizə nə qazandırdı ?

- Mən könüllü kimi fəaliyyətimdə dostlar qazandım və bununla bərabər özümü bir kadr kimi formalaşdırdım. Bütün peşələrin çətinliyini və məsuliyyətini dərk etdim. Bundan sonra da könüllülük fəaliyyətinin mənə daha çox şeylər qazandıracağına inanır və əminlik hissi duyuram.

Könüllü kimi fəaliyyət göstərmək istəyib, amma ilk addımı atmağa çəkinən gənclərə tövsiyəniz nədir? Necə və haradan başlamalıdırlar?

- İlk olaraq yeni fəaliyyətə başlayan könüllülərimizə maraq dairələrinə olan könüllü fəaliyyətləri ilə məşğul olmağı tövsiyə edərdim. Çünki könüllülük əyləncəli işdir və siz sevdiyiniz sahədə könüllüsünüzsə, bu, daha da əyləncəli olur. Könüllülük insanda olan çəkingənlik  kimi  bir sıra mənfi xüsusiyyətləri aradan qaldırır.

Könüllü dostlarımıza nə kimi tövsiyələr verə bilərsiniz?

- Könüllü dostlarımıza işlərində dözümlü, iradəli olmağı, indi hiss etməsələr də, gec-tez könüllülük fəaliyyətlərinin bəhrəsini görəcəklərini deyərdim. Çalışdıqca daha çox fəaliyyət göstərməyi, beynəlxalq tədbir və yarışlardan geri qalmamağı tövsiyə edir və hər birinə gələcək həyatlarında uğurlar arzulayıram!