"Könüllü olmaq istəyən gənclər 0-dan yox, 1-dən başlamalıdırlar" - MÜSAHİBƏ

24Media-nın "Gənc Könüllü" rubrikasının növbəti qonağı ictimai işlərdə könüllü kimi fəaliyyət göstərən tələbə Əkbər Nəcəfovdur.

Əkbər,  əvvəlcə özünüzü oxucularımıza təqdim edin...

- 2000-ci ildə Ağcəbədi rayonunun Aran kəndində anadan olmuşam. 2018-ci ildə Ağcəbədi rayon Aran kənd 1 saylı tam orta məktəbdən məzun olub, elə həmin il Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinə qəbul olmuşam. Hazırda Nəqliyyat və logistika fakültəsinin 2-ci kurs tələbəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsinin Nəqliyyat və Logistika fakültəsinin sədr müaviniyəm. Eyni zamanda "Boccia" könüllülər birliyinin də üzvüyəm.

Sizin üçün könüllülük fəaliyyəti nədir?

- Könüllük fəaliyyəti böyük bir təcrübədir.

Necə oldu ki, bu fəaliyyətə başladınız?

- Demək olar ki, universitetə daxil olduğum vaxtdan bu fəaliyyətə başlamışam. Universitet illərimi səmərəli keçirmək üçün qəbul olduğum ildən könüllülük fəaliyyətinə başladım.

Könüllü olmağın nə kimi faydaları var?

- Könüllülük özümüzü inkişaf etdirmək, gələcək karyeramızın ilk addımları və işimiz üçün təcrübə toplamaqdır. Düzdür, tək bunlardan ibarət deyil, könüllü olub heç nə əldə etməsək belə ən azından ətrafımızı genişləndirib yeni dostlar qazanmaq mümkündür. Könüllülük fəaliyyəti elə bir fəaliyyətdir ki, insanlar burada həm mənəvi, həm də fiziki olaraq qidalanırlar. Onlarda həmrəy olmaq duyğusu daha çox formalaşır.

Könüllülüyün nə kimi çətinlikləri var?

- Əlbəttə, bütün fəaliyyət sahələrində olduğu kimi könüllülüyün də müəyyən çətinlikləri var və bu çətinlik insanın fiziki yorğunluğu ilə yox, mənəvi yorulması ilə bağlıdır. Ancaq əgər insan həqiqətən bunu ürəkdən istəyirsə çətinliklərə qalib gələ bilər.

Bu il "Könüllülər ili" elan edildi. Bu xəbəri necə qarşıladınız?

- Bu gənclər üçün böyük bir şans, hətta yaradılmış ən böyük şəraitdir. Çünki könüllülük fəaliyyətində bir çox gənclər müxtəlif sahələrdə öz aktivliklərini göstərirlər. Fikrimcə, bu, istedadlı, aktiv gənclərimizin üzə çıxması üçün atılan addım idi. 

Sizcə, hər bir gənc könüllülük fəaliyyətini sevərək edirmi?

- Əgər bir insan könüllülüyə başlayırsa, təbii ki, o sahə ilə maraqlanır və sonra seçir. O, sevməsə, hər halda o sahədə könüllü olmağa razılaşmaz. Könüllülük adından da məlum olduğu kimi, könül məsələsidir. Əgər bir insan başqalarına heç bir qarşılıq gözləmədən kömək etmək istəyirsə, o zaman həmin şəxs könüllülüyü sevir.

Yeni könüllü olmaq istəyən gənclər necə və haradan başlamalıdırlar?

 - Könüllülüyün yaşı yoxdur, istənilən anda, istənilən yerdən başlamaq olar. Məsləhət görürəm ki, könüllülük fəaliyyətinə başlasınlar və əmin olsunlar ki, heç nə itirməyəcəklər. İnsan burada yalnız qazanır. Yeni könüllü olmaq istəyən gənclər 0-dan yox, 1-dən başlamalıdırlar. Könüllülük insanın istəyinə uyğun olan bir tələbdir. Hər bir könüllü istənilən sahədən başlaya bilər. Fikrimcə, "BİR" könüllüdən başlamaları daha məsləhətdir. Çünki "BİR" könüllü bir çox könüllük fəaliyyətini əhatə edir.