“Kəsmə şikəstə”, yoxsa “Bakı şikəstəsi”?

“Kəsmə şikəstə”, yoxsa “Bakı şikəstəsi”?

"Kəsmə şikəstə" Azərbaycan xanəndələri tərəfindən tez-tez ifa edilən, özündə sevgi, məhəbbətin doğurduğu hisslərdən şikayət, əzab-əziyyət və iztirab əks etdirən zərbi muğamlardan biridir.

24Media sizə bu muğamın yaranma tarixi haqqında faktları təqdim edir:

Şikəstə janrı əvvəl aşıq musiqi yaradıcılığında yaranmışdır. "Kəsmə şikəstə" və ya "Bakı şikəstəsi" 19-cu əsrin ikinci yarısında Azərbaycan muğam sənəti ilə birgə təşəkkül tapıb və inkişaf edib.

Sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə "Bir daha zərbi muğamlar haqqında" adlı məqaləsində onun əsl adının "Bakı şikəstəsi" olduğunu yazıb. O, 15-ə qədər fakt sayaraq qeyd edib ki, "Bakı şikəstəsi" barədə mətbuatda illər boyu yazılar gedib və müxtəlif teleproqramlarda verilişlər hazırlanıb, dissertasiya mövzusuna çevrilib".

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Musazadə isə "Kəsmə şikəstə" zərbi muğamı haqqında deyəcəklərimiz" adlı məqaləsində A.Nəcəfzadənin "Kəsmə şikəstə"nin adını "Bakı şikəstəsi", "Qədeşi şikəstə" adlandırmasını heç də birmənalı qarşılamayıb. O, faktlara əsaslanaraq A.Nəcəfzadənin fikirlərini təkzib edib. Məqalədə yer alan məşhur xalq artistimiz, fəxri professor Əlibaba Məmmədov məsələyə aydınlıq gətirərək deyib:

"Mənim 85-dən çox yaşım var. Ömrümün 70 ilini xanəndəlik sənətinə həsr etmişəm. Demək olar ki, 60 ildən bir qədər çoxunu toy məclislərində, konsertlərdə keçirmişəm. Amma heç vaxt eşitməmişəm ki, "Kəsmə şikəstə"yə "Bakı şikəstəsi" deyilsin və yaxud kəndlərdə ona "Qədeşi şikəstə" adı verilsin".

Günümüzdə həmin mahnı Azərbaycan xalqı tərəfindən məhz "Kəsmə şikəstə" olaraq tanınır və sevilir.

Qeyd edək ki, bu günə qədər bir çox xanəndələr öz repertuarlarında "Kəsmə şikəstə"yə müraciət etsələr də, onun ən məşhur ifaçısı Azərbaycan SSR-nin əməkdar artisti Fatma Mehrəliyeva olmuşdur.