Karantində keçmişə qayıtmaq

Karantində keçmişə qayıtmaq

Belə bir dönəmdə insanların keçən gözəl günlərə qayıtmaq arzusunu başa düşmək elə də çətin deyil. Keçmiş günlərin xatirəsinə söykənən insanlar, o günlərə bəzən musiqi ilə,  bəzən də o dönəmdə izlədikləri filmləri, serialları izləməklə qayıdırlar.

24Media xəbər verir ki, məşhur musiqi platforması olan "Spotify", hər il o il üçün ən çox dinlənilən mahnılardan ibarət pleylist (çalğı siyahısı) təqdim edir. Araşdırmalar göstərir ki, əksər istifadəçilərin pleylistində retro musiqilər üstünlük təşkil edib. Alim Geri Kristofer deyib ki, buna səbəb pandemiya kimi ağır dönəmlərdə nostalji, keçmişə qayıtmaq insanlara yaxşı təsir edir, problemlərə optimist yanaşmağa kömək olur. Kristofer eyni zamanda qeyd edib ki, ötən günləri yada salmaqda köməyimizə çatan bir çox element olur, lakin bunlardan ən təsirlisi musiqidir.

İnsanlar sosial mediada bu musiqiləri dinləməyin onlara itirdikləri sevdiklərini, keçən xoş günləri xatırlatdığını yazıblar. Sosial media istifadəçisi, könüllü Ket Telford: “Uşaq vaxtı 70-ci illər musiqisini anamla birlikdə çox dinləyirdik. Pandemiya zamanı ayrı ölkələrdə yaşadığımız üçün görüşə bilmədik, 70-ci illər pleylistini dinləyəndə onun yanımda olduğunu hiss edirdim. Devid Boui, Suzi Quatro kimi müğənnilərin səsini eşidəndə həmişə anamı xatırlayıram.”

"Spotify"-da mövcud olan 50-ci, 70-ci illər pleylisti 2019-a nisbətən bu il dəfələrlə çox dinlənib.