Kanalların çoxu ucuz reytinq ardınca qaçır - Aparıcı ilə müsahibə

Kanalların çoxu ucuz reytinq ardınca qaçır - Aparıcı ilə müsahibə

24media-nın bu dəfəki müsahibi İctimai Televiziyanın aparıcısı Nigar Sabirqızıdır.

1.Televiziyaya gəlişiniz necə olub?

Televiziyanı uşaq yaşlarından sevmişəm. Hələ məktəb illərində aynanın qarşısına keçib qəzetlərdən yazıları oxuyurdum. Bir gün bu yazıları ekrandan tamaşaçılara çatdıracağımı xəyal edirdim. Bunun üçün isə dövrün diktorlarını izləyir, onların diksiyalarına, davranışlarına xüsusi diqqət yetirirdim. Bir dəfə “Azərbaycan dili və ədəbiyyatı”nı tədris edən müəllimimiz “Gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsiniz?” mövzusunda inşa yazmağı tapşırmışdı. Mən diktor olmaq istədiyimi qeyd etmişdim. Həmin tapşırıqdan 5/5 almışdım. Müəllim mənim bu qiyməti aldığımı bütün sinfə elan etdi, heyranlıqla hər kəsə mənim arzumu dedi və bildirdi ki, sən arzuna mütləq çatacaqsan. Çünki “Azərbaycan dili” fənnini çox sevirdim. Məktəbi bitidikdən sonra yolum Azərbaycan Radiosundan düşdü. Uzun müddət orada çalışdım. Daha sonra isə fəaliyyətimi İctimai Televiziya və Radio Yayımları Şirkətində davam etdirdim. Televiziya ilə tanışlığım da elə burda başladı. Əvvəl xəbərlərin, sonra isə ictimai-siyasi proqramların aparıcısı oldum.  Müəllifi olduğum verilişlər də var.

2.Yaxşı aparıcı olmaq üçün nələrə xüsusi diqqət yetirmək lazımdır?

Yaxşı aparıcı olmağın vacib şərtləri var. Birincisi, hər sahədə olduğu kimi bizim sahədə də uğur qazanmaq istəyirsənsə, ilk növbədə bu peşənin vurğunu olmalısan. Amma bu da yeganə şərt deyil. Bu gün təəssüf ki, sadəcə efirdə görünmək və ya tanınmaq üçün aparıcı olmaq istəyənlərin, bu ixtisasa təsadüfi gələnlərin sayı çoxdur. Bəzən ekranı gözəllik müsabiqəsi ilə səhv salırlar. Təbii ki, aparıcının yaxşı görünüşü olmalıdır, amma təkcə gözəllik onu xilas etməyəcək. Tamaşaçı gözəlliyə 2-3 gün baxa bilər. Əgər yaxşı diksiyası, inandırıcı səs tonu, xəbər anlayışı yoxdursa, bunu tamaşaçı dərhal hiss edir. Yaxşı aparıcı olmaq üçün daim öz üzərində çalışmalısan. Çoxlu oxumaq, ölkədə və dünyada baş verənlərdən xəbərdar olmaq, nəyi necə çatdıracağını bilmək mühümdür. Aparıcı redaktor və ya başqa birinin şəxsin yazdığı mətn və  sualla efirə çıxanda,  mövzudan xəbərsiz olduğu diqqətdən qaçmır. Belə olanda aparıcı izləyicinin gözündən düşür. 

                        

3.Karyeranızın ilk günləri ilə müqayisədə hazırda nə kimi fərqliliklər var? 

Karyeramın ilk günü ilə bu gün arasında yerlə göy qədər fərq var. Mən işə diktor kimi başlamışam. Yəni, başqalarının yazdıqlarını səsləndirməklə. Bu gün isə həftə ərzində baş verənlərin təhlil edildiyi İtv Xəbər Yekun verilişinin aparıcıyam. Yəqin ki, fərqi anlayırsız. Burda hər şeyi sən etməlisən. Mövzu seçimi, onun işlənmə forması, hansı məqamları qabartmağın vacibliyini sən özün müəyyənləşdirirsən. Müəllif verilişi xəbərdən fərqli olaraq sənə öz mövqeyini də ortaya qoymağa imkan yaradır. Bu işə mən son 3 ildə başlamışam. Heç bir iş asan deyil, amma qarşına məqsəd qoyursansa, hər şey alınır. Gündəlik proseslərlə tanış olmaq, rəsmiləri, önəmli şəxsləri tanımaq, onlara öz profillərinə uyğun suallar vermək, sualları verərkən onun nə qədər maraqlı olub-olmadığını anlamaq və ya aparıcı mətnində insanların demək istədiyini demək və sair. Bunlar təcrübə ilə əldə edilir. Proqram aparıcısı verilişi başqasının yazdığı mətn və ya suallarla aparmağı özünə rəva bilməməlidir. Belə olanda sənin uğur qazanmağın da mümkün deyil. Tamaşaçını heç bir halda aldada bilməzsən.

4. Bir jurnalist olaraq Azərbaycan mətbuatının bu gününü necə dəyərləndirirsiniz?

Təəssüf  ki, Azərbaycan mətbuatı  barədə ağızdolusu danışa bilmirəm. Mənim görmək istədiyim media bu deyil. Problemlər həddən artıq çoxdur. Mənə görə bu gün medianın ən böyük problemlərindən biri qeyri-peşəkarlıqdır. İndi hər kəs bir sayt açaraq özünü jurnalist elan edə bilir. Və ya ekranlara təsadüfi insanlar çıxır. Mən bunun səbəbini dəqiq deyə bilməsəm də, hər halda düşünürəm ki, bunun kökündə həm də bu işləri tanışlara, qohumlara, “öz adamına” həvalə etmək dayanır. Belə olanda nəticəni görürük. Şəhid ailələrindən çəkiliş müqabilində pul tələb edən “jurnalistləri”, mətbuatı bir-birlərini təhqir etmək meydanına çevirənləri, başqasının xəbərini istinadsız yayanları, "copy-paste"ları görəndə medianın bu gün hansı vəziyyətdə olduğunu bilmək olur. Təəssüf ki, bu gün mediada sözünü, mövqeyini pula satanlar az deyil. Bəlkə də buna görədir ki, bəzi qurumlara müraciət edəndə onlardan kobud cavab alırıq. Bəzi məmurlar elə hesab edir ki, bütün mətbuat işçilərini pulla satın almaq mümkündür. İş o yerə çatır ki, mövcud problemləri göstərməmək və ya məsələni sırf onların istədiyi kimi göstərmək üçün mediaya ya pul təklif edənlər, ya da hədə-qorxu gələnlər də olur. Yəni, mətbuatın əsas problemlərindən biri də budur. Dövlət qurumlarının əksəriyyəti mediaya açıq deyil. Əgər bir jurnalist hansısa məsələyə münasibət öyrənmək üçün günlərlə bir qurumun açıqlamasını gözləyirsə, mətbuatın yaxşı vəziyyətindən danışmaq çətindir. Amma Medianın İnkişafı Agentliyinin yaranması məndə bu sahədə inkişafın olacağına ümid yaradır. Son zamanlar islahatlar aparılmasına başlanılması sevindiricidir. Həm bu islahatlar, həm də media haqqında yeni qanunla mətbuatdakl qeyri-peşəkarlığa, neqativ hallara son qoyulacağına, bəzi məmurların isə mediaya daha hörmətlə yanaşacağına ümid edirəm.

5.Ən çox hansı janrda əsərlər oxumağı sevirsiniz? 

Kitab oxumağı çox sevsəm də, təəssüf ki, işimin çoxluğu ilə əlaqədar mütaliəyə lazımi vaxt ayıra bilmirəm. Romanları çox sevirəm. Poeziya vurğunuyam. Bir zamanlar özüm də şeirlər yazmışam. Amma bir müddət sonra dayandırmışam. Yəqin ki, televiziya mənə ədəbiyyatdan daha yaxın gəlib. Ümumiyyətlə, nəyisə oxuyanda və ya izləyəndə orda həyata dair nəsə tapmaq istəyirəm. Ən sevdiyim əsər Hüqonun “Səfillər”idir. Mənə görə insanın həyatla mübarizəsinin ən mükəmməl təsviridir. Mən o əsəri oxuyarkən göz yaşlarımı saxlaya bilməmişəm. İllər əvvəl oxusam da, hələ də yaddaşımdan silinməyib. Oxuyarkən ağladığım daha bir kitab isə Xalid Hüseyninin “Min möhtəşəm günəş” əsəri olub. Düşünürəm ki, bu kitab sadəcə Əfqanıstanda yox, bütün dünyada qadınların qarşılaşdığı çətinlikləri göstərir. 

6. Sizin fikrinizcə, televiziya məkanında nə dəyişməlidir?

TV məkanında şouya, əyləncəyə yox, ağıllı verilişlərə üstünlük verilməsini istərdim. Təəssüf ki, bu gün əksər kanalların efiri ya mətbəx verilişləri, ya əyləncə proqramları, ya da insanların dərdləri üzərində qurulan şoularla doludur. Bu gün kanalların çoxu ucuz reytinq ardınca qaçır. Nəticədə tamaşaçının zövqü korlanır. İstərdim ayrı-ayrı fərdlərin yox, bütövlükdə cəmiyyətin problemlərini işıqlandıran verilişlərin sayı çox olsun. Eləcə də intellektual verilişlərin sayının artması yaxşı olardı. Bu mənada İctimai Televiziya digərlərindən çox fərqlənir. Bu gün biz izləyicilərə onların görmək istədiyini göstərməyə çalışırıq. Həm məlumatlandırırq, həm maarifləndirirk, həm də əyləndiririk. Əyləndirmək özü də bir səviyyə tələb edir. Düşünürəm ki, Baş direktorumuz Balakişi Qasımovun rəhbərliyi  ilə İctimai Televiziya bu işin öhdəsindən layiqincə gəlir.

                      

7.Xəbər aparıcısı olmağın  üstünlükləri nələrdir?

 Xəbər aparıcısı olmağın üstünlüyü odur ki, sən ölkədə və dünyada baş verənlərdən anında xəbər tutursan. Bunun üçün isə gün ərzində çoxlu xəbər oxumalısan, məlumatlanmalısan, nəyin niyə baş verdiyini təhlil etməlisən. Azərbaycanda xəbər aparıcıları daha çox diktor funksiyasını yerinə yetirir. Mən bunu tənqid kimi demirəm. Xəbər aparıcısı mövqe bildirməməlidir. Ona görə də burda mən xəbər aparıcılarını tənqid etməkdən çox uzağam. Amma düşünürəm ki, başqasının yazdığını da maraqlı təqdim etmək olar. Bunu isə mən əksər xəbər aparıcılarında görmürəm. Çoxları süjeti müxbirin yazdığı formada və ya çox bəsit  şəkildə təqdim edir. Məncə, adi mətnə də maraq qatmaq olar. Bu, aparıcının düşüncəsindən asılıdır. Maraq qatmaq deyəndə isə heç bir halda artlq əl-qol hərəkətlərini nəzərdə tutmuram. Mənə elə gəlir ki, xəbər aparıcısı müəyyən müddətdən sonra profilini dəyişməlidir. Yəni, ictimai-siyasi və ya müəllif verilişi aparmalıdır. Çünki eynilik izləyicini yora bilər. Hər halda bu mənim subyektiv fikrimdir.

                            

8. Azərbaycan telekanallarında  hansı proqramları bəyənirsiniz? 

Vaxt darlığından televiziyaları izləmək imkanım çox az olur. Amma İctimai Tv-də efirə gedən bir neçə veriliş var ki, onlara baxıram. Öz profilimə uyğun verilişləri, xüsusilə “Diqqət Mərkəzi Yekun” verilişini izləyirəm. İntellektual verilişləri sevirəm. “Çto, qde, koqda?” və “Əlaçı” verilişlərini qaçırmamağa çalışıram. Bir də aparıcı Fatehin təqdimatında verilişlərə baxmağı sevirəm.

9. Televiziyada çalışmağa başlayanda kimləri örnək aldınız?

 Ümumiyyətlə, bu sahədə fəaliyyətə başlayanda çoxlarından nümunə götürmüşəm və dərs almışam. Keçmiş diktorlara baxaraq bu işi sevmişəm. Ən sevdiyim diktor isə Roza Tağıyeva olub. Azərbaycan Radiosunda işləyərkən müəllimim diktor Muxtar Əliyev idi. O mənə vurğuları düzgün vurmağı, hər mətnin özünəməxsus oxunuş tərzi olduğunu öyrədib. Onu rəhmətlə anıram. Bu gün örnək aldığım insanlar var. Kimin təcrübəsi məndən daha çoxdursa, ondan nəsə öyrənməyə çalışıram.

10. Jurnalistikayla bağlı ən böyük arzunuz nə olub?

 Xəbər aparıcısı olanda çox arzulayırdım ki, Qarabağımızın işğaldan azad olunması xəbərlərini çatdırım. Xəbər aparıcısı kimi olmasa da, analitik veriliş aparıcısı kimi bu arzuma çatdım. Vətən müharibəsi günlərində hər saat “Diqqət mərkəzi”, hər günün sonunda isə “Diqqət Mərkəzi Yekun” verilişləri ilə izləyicilərin qarşısında oldum və o tarixi günlərin sevincimi onlarla paylaşdım. Müharibə bitdikdən sonra isə arzum o idi ki, işğaldan azad olunmuş Qarabağa səfər edim və oradan veriliş hazırlayım. Bu arzuma da çatdım. Bir neçə gün əvvəl Şuşaya ezam olundum. Burada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopdan  müsahibə aldım, həmçinin Şuşaya köçürülən ilk ailələrdən reportaj hazırladım. Mən İTV-nin Şuşaya ezam olunan ilk qadın əməkdaşıyam. Allaha şükr edirəm ki, arzularıma çatıram. İndi isə arzum ata yurdum Kəlbəcərə səfər etmək və oradan reportajlar hazırlamaqdır. İnanıram ki, bu istəyim də reallaşacaq.

                


11.Bəzən jurnalistlərin nitqində qüsurlar müşahidə olunur. Sizin bu məsələ ilə bağlı fikirlərinizi necədir?  

  Bəzi aparıcıların  qüsurları göz önündədir. Sözləri düzgün tələffüz etməmək, vurğunu düzgün vurmamaq, xarici sözlərdən istifadə etmək diqqətçəkən qüsurlardır. Bəzi aparıcılar isə, ümumiyyətlə, Azərbaycan dilində düzgün danışa bilmirlər. İntellektual səviyyə də qənaətbəxş deyil. Əyləncəli proqram aparmaq özü də intellekt tələb edir. Təəəsüf ki, bu gün əksər kanallarda apacının qabiliyyəti və peşəkarlığı ikinci plandadır. İndi bəziləri üçün meyarlar tam başqadır. Düşünürəm ki, özünə hörmət edən aparıcı özündə qüsurları görməli və bunları aradan qaldırmağa çalışmalıdır.

12. Sonda isə gənc jurnalistlərə nə  məsləhət görürsünüz?

Hər şeydən əvvəl bu işi sevməlidirlər. Bilməlidirlər ki, uğur qazanmaq asan başa gəlmir. Kiminsə hesabına əldə olunan “uğur” isə müvəqqətidir. İnsan hər şeyə öz əməyi, zəhməti ilə nail olmalıdır.  Həyat mübarizədir. Qarşınıza çıxan çətinliklər sizi qorxutmasın. Özünüzə inanın və yolunuza davam edin. Bir gün mütləq uğur özü gəlib sizi tapacaq. Yetər ki, işinizi sevgi və vicdanla yerinə yetirəsiz.