İxtisas seçimində nələrə diqqət yetirmək lazımdır?

İxtisas seçimində nələrə diqqət yetirmək lazımdır?

Abituriyentlərin bir çoxu ixtisas seçimi edərkən qərarsız qalır. Bəziləri isə ailəsinin istəyinə görə ixtisasını müəyyənləşdirir. Bəs ixtisas seçimi edərkən nələrə diqqət yetirməliyik? 24Media bu sualın cavabını ötən il qəbul imtahanında yüksək nəticə göstərən hüquq fakültəsinin birinci kurs tələbələrindən öyrənməyə çalışıb.

Müsahiblərimizdən biri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə 654 balla qəbul olmuş Jalə Cəlalovadır:
 

- Hər bir abituriyent ixtisas seçəndə ilk olaraq özünə, ruhuna, xarakterinə daha yaxın olan sahə üzrə seçim etməlidir. Məncə, bu, diqqət ediləcək ən vacib məsələdir. İxtisas seçimi zamanı valideynlərin müəyyən qədər təsiri olur, bəzi ailələrdə bu. hətta təzyiqə çevrilir. Fikrimcə, ailələr seçimi övladlarına buraxmalıdır. Öz ixtisasında özünü mənəvi cəhətdən tapmayan tələbə nə qədər ali ixtisas olsa belə yüksək keyfiyyətli təhsilə yiyələnə bilməyəcək. Günümüzdə yüzlərlə şəxs yanlış ixtisas seçməyə məcbur olur. Sual verdikdə isə: "Mən başqa ixtisas istəyirdim, valideynlərim məni bura yönəltdi", - deyirlər. Gələcəkdə də seçdikləri ixtisas üzrə işləmirlər. Digər məsələ isə seçdiyimiz ixtisasın bizə nə qədər yaxın olmasıdır. Düşünürəm ki, hər kəs öz xarakterinə uyğun ixtisas seçməlidir ki, gələcəkdə o sahə üzrə mütəxəssis olmağı bacarsın. Bu isə yalnız sevilərək edilən işin nəticəsi ola bilər.
Hüquq sahəsi mənim uşaqlıq arzum olub və bu arzu zaman keçdikcə hədəfimə çevrilib. Bu barədə filmlər, kitablar və hadisələr məni həmişə özünə cəlb edirdi. Dostum, eyni zamanda sinif yoldaşım Ləmanla hər ikimiz yüksək bal toplamaq istəyirdik. Bu yolda birlikdə, çiyin-çiyinə addımladıq. Hədəfə çatmaq üçün isə yalnız çalışmaq lazımdır. Çalışmaq isə bir günlük iş deyil, həvəslə, şövqlə çalışmaq bu məsələni həll edir. Mən ixtisas seçimində çətinlik yaşamadım. Məqsədim, nəticəm bəlli idi. Hüquq fakültəsinə qəbul olmaq hədəfim deyil, hədəfimə çatmaq üçün vasitəm idi. Bu yola çıxan hər bir abituriyentə demək istəyirəm ki, öz hədəfinizi özünüz qoyun və addımlayın. Bütün abituriyentlərə uğurlar arzulayıram.

 

Digər müsahibimiz isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə 637 balla qəbul olan Ləman Mehdiyevadır:

- Qəbul imtahanlarını uğurla başa vuran hər bir abituriyenti qarşıda həyatının ən vacib qərarlarından birini verəcəyi ixtisas seçimi mərhələsi gözləyir. İxtisas seçimi zamanı abituriyentlər topladıqları ballara müvafiq olaraq gələcəkdə hansı peşə üzrə, hansı universitetdə təhsil alacaqlarını müəyyənləşdirirlər. Fikrimcə, bu mərhələni abituriyentlərin həyatında dönüş nöqtəsi adlandırmaq olar. Mən abituriyent olduğum zaman boyunca yalnız balımın yüksək olmasına istiqamətlənmişdim. Bunun üçün də çox çalışmışdım, hətta dostum və sinif yoldaşım Jaləylə çox əziyyət çəkmiş, bir-birimizə dəstək olmuş, motivasiya vermişdik. Mənə: "Hansı universiteti, hansı ixtisası seçəcəksən?", - sualı verildikdə seçimimi topladığım balın mənə verdiyi imkanlar daxilində dəyərləndirəcəyimi deyirdim.Təbii ki, bu fikirləşdiyim qədər sadə və asan proses deyildi. Ciddi fikir ayrılıqlarım, çətinliklərim oldu. Bir çox təcrübəli insanlardan məsləhət aldım. Nəticə olaraq, son qərarı özüm verdim. İlk olaraq, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini qeyd etdim. Səbəbi isə bu ixtisas üzrə cəmiyyətə, insanlara xeyirli işlər görəcəyimə, çalışıb özümü inkişaf etdirəcəyimə, həmçinin bu ixtisasın mənə həm ölkə daxilində, həm də xaricdə böyük imkanlar verəcəyinə inanırdım. İxtisas seçimim dövründə mənə motivasiya verən məqamlardan biri də ailəmin hansı qərarı verməyimdən asılı olmayaraq dəstəkçim olması idi. Mən abituriyentlərə məsləhət görürəm ki, bu prosesdə ciddi düşünsünlər. Seçim edərkən abituriyentlər hər bir ixtisası dərinliyinə qədər araşdırmalı, həmin ixtisasda onun nə dərəcədə peşəkar ola biləcəyinə, ixtisasın onun xarakterinə, istəklərinə uyğunluğuna diqqət yetirməlidir. Öz qərar və düşüncəsini ön planda tutmalıdır. Abituriyentlərin əksəriyyətində bu hala rast gəlinir ki, valideynlərin və ya başqalarının təkidi ilə verilmiş qərardan peşman olurlar. Bu isə yanlış ixtisas seçiminin bir növüdür. Hər bir tələbəyə bu məsuliyyətli yolda uğurlar arzulayıram.