İsti hava koronavirusa qalib gələcəkmi?

İsti hava koronavirusa qalib gələcəkmi?

Bir çox insanlar yay fəslinin gəlişi ilə koronavirus xəstəliyinin sona çatacağına ümid edir. Dünyanın müxtəlif ölkələrindəki mütəxəssislər isə virusun isti havalarda göstərəcəyi təsirlə bağlı araşdırmalar keçirməyə davam edirlər.  

24Media bildirir ki, İngiltərədəki mütəxəssislər 5 il boyunca 3 müxtəlif növ koronavirus infeksiyası üzərində araşdırma apararaq isti havalarda virusun göstərdiyi təsirin necə dəyişdiyini öyrənməyə çalışıblar.

Araşdırma nəticəsində virusların yaz aylarına doğru azaldığı, qış aylarında isə artım göstərdiyi müəyyən olub. Lakin koronavirus pandemiyasının oxşarları kimi mövsumi xəstəlik olub-olmadığı sual altındadır.

Merilend Universitetinin keçirdiyi tədqiqatlar virusun orta temperaturu 5-11C olan və nisbi rütubətin aşağı olduğu əksər şəhər və bölgələrdə yayıldığını göstərir. Lakin tropik bölgələrdə də virusa yoluxanların sayı az deyil. Harvard Tibb Məktəbinin tədqiqatçıları isə bir çoxlarının ümid etdiyinin əksinə, virusun isti havaya qarşı həssas olmadığı fikrini irəli sürüblər .

Təəssüf ki, COVID-19-un yaratdığı vəziyyətin yay fəslinin gəlməsi ilə necə dəyişəcəyi haqqında hər hansı dəqiq məlumat yoxdur. Buna görə də mütəxəssislər insanlara virusun yayda məhv olacağına arxayın olmamalarını, sağlamlıqlarına diqqət etmələrini tövsiyə edirlər.