İspaniyalı futbolçu: "Qarabağ" və "Legiya"nın şansları bərabərdir"

İspaniyalı futbolçu:

"Bu komandaya keçdiyim üçün çox xoşbəxtəm. Çünki karyeramda irəliyə doğru addım atdığımı düşünürəm".

Bu fikirləri açıqlamasında "Qəbələ"nin sabiq futbolçusu Fernan Lopes Polşanın "Yagelloniya" klubuna transferi barədə danışarkən deyib.

İspaniyalı yarımmüdafiəçi bildirib ki, hələlik oynamağa hazır deyil: "Əvvəlcə formamı bərpa etməiyəm. Martdan bu yana futbol oynamıram. Amma ilk görüşümüzdə baş məşqçinin mənə güvəndiyini hiss etdim. Çox çalışmaq və komandaya kömək etmək istəyirəm".

25 yaşlı oyunçu Belostok təmsilçisinə transferində "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Dani Kintananın böyük rolunun olduğunu vurğulayıb: "Dani kluba mənimlə bağlı məlumat verib, daha sonra əvvəlki oyunlarımdan hazırlanmış video göndərib. Rəhbərlik və məşçilər heyəti oyunumu bəyəndikləri üçün məni baxışa çağırdılar. Hər şey bu cür başladı. Daha sonra müqavilə bağladıq".

Lopes "Qəbələ" ilə yeni sözləşmə imzalamamasının səbəbini də açıqlayıb: "Düşünürəm ki, "Qəbələ"də yaxşı mövsüm keçirdim. Daha səviyyəli çempionatda oynamaq istəyirdim. Mənə şans verdiyi üçün "Qəbələ"yə minnətdaram. Amma bu yay klubla danışdım və məni başa düşdülər".

Azərbaycan və Polşa çempionatlarını müqayisə edən futbolçu bəzi fərqlərin olduğunu diqqətə çatdırıb: "Polşada daha çox güc futbola üstünlük verilir. Azərbaycanda isə bir qədər sürətli oyun gördüm. Burada güclü futbolçular çoxdur. Amma tam dəqiq fikir bildirmək üçün Polşa çepionatında bir müddət oynamalıyam".

Azərbaycan çempionu "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqiblərindən olan yerli "Legiya" barədə də danışan yarımmüdafiəçi hər iki komandanın qrupa düşmə şanslarını bərabər qiymətləndirib: "Hələ "Legiya"nın oyununa baxmamışam. Amma bilirəm ki, Polşanın ən güclü komandalarından biridir. Heç şübhəsiz, çox gərgin oyun olacaq. Məncə, hər iki komandanın qrupa vəsiqə şansları eynidir".

Qeyd edək ki, Fernan Lopes ötən mövsüm "Qəbələ"nin heyətində 3 qol vurub və 5 məhsuldar ötürmə edib.