İranda prezident seçkilərinə namizədlərin qeydə alınması bitdi. Gözləntilər nədir?

İranda prezident seçkilərinə namizədlərin qeydə alınması bitdi. Gözləntilər nədir?

İranda iyun ayının 18-nə təyin olunmuş prezident seçkilərində iştirak etmək üçün namizədlərin qeydə alınması başa çatır. Bu İslam ölkəsində dini liderdən sonra ölkənin ikinci şəxsinin seçilməsi regionda və beynəlxalq aləmdə diqqət çəkən hadisə ola biləcəyi şübhəsizdir. ABŞ-da keçirilmiş prezident seçkilərindən bir ilə yaxın müddət keçməsindən sonra keçiriləcək bu seçkilərdə beynəlxalq yoxsa regional güclərin söz sahibi olacaqları müzakirə mövzusudur.

 Ötən ilki parlament seçkilərində qalib gələn mühafizəkar qüvvələrin reforma tərəfdarlarını onların son dayaqlarından – icraedici hakimiyyətdən məhrum etməyə geniş imkan yaranıb. Bu haqda artıq proqnozlar verilməkdədir. Mühafizəkar prezidentin Amerika və Qərb üçün nə qədər çətin tərəf müqabili olacağı qabaqcadan bilinsə də beynəlxalq qüvvələr reformaçıların qələbəsi üçün zəruri şəraiti yaratmaq istəmədilər. Onlar görə-görə İranla daha böyük qarşıdurmanı üstün tuturlar.

Başda Həsən Ruhani olmaqla Amerika tərəfindən tətbiq olunan sanksiyaların aradan qaldırılmasına və iqtisadi reformalar keçirməyə nail ola bilməyən reformaçılar çox mürəkkəb vəziyyətlə ilə üz-üzədirlər: keçmiş prezident Mahmud Əhmədnejat və Parlament spikeri Məhəmməd Qalibafın da dəstəkləyəcəyi mühafizəkarlardan birinə qarşı çıxa bilən və liberal qüvvələri birləşdirmək funksiyasını həyata keçirə biləcək şəxsi tapıb ortaya çıxarmaq.

Mart ayının 16-dan start verilmiş Prezident seçkisi kompaniyasında 2 mindən artıq namizədin iştirak edəcəyi gözlənilsə də hələ aydınlaşdırılmalı çoxlu məsələlər mövcuddur. Seçkilərdə iştirak edəcək namizədlərin siyahısı Mərkəzi Seçki Komitəsi tərəfindən hələ elan olunmalıdır. Formal olaraq İran vətəndaşlığını daşıyan, İslam dininə itaət edən, qənaətbəxş tərcümeyi-hala malik hər bir iran vətəndaşı prezident seçilə bilər. Lakin Prezident kürsüsünə real namizədlərin sayı barmaqla sayılacaq qədər azdır. Namizədlərin əksəri ən layiqli namizədlərin seçilməsi üçün filtr funksiyasını yerinə yetirən Konstitusiya Mühafizəsi Şurası tərəfindən tətbiq olunan seçimdə ilişib qalaraq finişə çata bilməyəcəklər.

Şura tərəfindən seçkiyə buraxılmış şəxslərin təbliğat kompaniyası seçkiyə ən azı bir ay qalmış başlayacaq. Məhz bundan sonra hansı cəbhənin nümayəndəsinin qalib gələcəyi haqqında müəyyən proqnoz vermək olar. Amma indidən İranı Həsən Ruhaninin 8 illik hakimiyyətindən fərqli bir hakimiyətin gözlədiyini demək mümkündür.

2013-cü ildə ölkəni beynəlxalq izolyasiyadan çıxarmaq, vaxtı çatmış sosial-iqtisadi reformaları həyata keçirmək şüarları altında seçkilərdə qalib gələn Ruhani 8 ildən sonra əldə etdiyi heç bir nailiyyətlə fəxr edə bilmir. Bu da mühafizəkarların əlinə qalib gəlmək üçün ciddi arqumentlər verir.

Ruhaniyə qarşı irəli sürülən iddialar isə yetərincədir: iqtisadiyyatın sıfır inkişafı, hətta geriləmə, investisiyaların ölkədən çıxarılması,iran İslam Respublikasının bütün tarixi boyu ən yüksək səviyyədə inflyasiya, fond bazarının yıxılması, dolların kursunun 700 faizlik artımı, mənzil tikintisinin 50 faiz aşağı düşməsi, sosial bərabərsizliyin təhlükəli həddə çatması. həddə çatması.

İndi qarşı cəbhənin nümayəndələri Həsən Ruhaniyə 2013-cü il prezident seçkiləri zamanı onun Mahmud Əhmədnejada qarşı istifadə etdiyi “ bütün uğursuzluqlara görə prezident cavabdehdir” şüarını xatırladırlar.

Tramp hakimiyyətinin 2015-ci ildə bağlanmış P5+1 müqaviləsindən çıxması və bunun ardınca sanksiyaları gücləndirməsi, yeni sanksiyaların tətbiq edilməsi, pandemiyanın yaratdığı problemlər Ruhani hakimiyyətinə vurulan ən böyük zərbə idi. Bunlar reformaçıları 2021-ci ildə keçiriləcək Prezident seçkilərində faydalana biləcəkləri bütün layihələrdən məhrum etdi.

Amerikanın yeni seçilmiş prezidenti Co Bayden “Birgə Əhatəli Fəaliyyət Planına” qayıtmaq fikrində olduğunu ifadə edən işarələr versə də bu sahədə ciddi irəliləyiş yoxdur. Çox ehtimal olunur İrandakı seçkilərin keçirilməsinə qədər Amerika tərəfindən bu seçkilərin taleyinə təsir göstərə biləcək addım atılmayacaq. Çünki Amerikada yenə də İranın sanksiyaların qeydi-şətsiz olaraq aradan qaldırılması çağırışlarına olumlu cavab verilmir.

Uğursuzluqlara baxmayaraq Ruhani hökuməti sona qədər mübarizə aparmaqda israrlıdır. Son zamanlar İranın Çin Xalq Respublikası ilə ikitərəfli Ihatəli strateji Əməkdaşlıq haqqında müqavilə imzalanması və Rusiyanın aparıcı rol oynadığı Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatına üzv olmaq haqqında danışıqlar aparması elektoratın reformaçılara tərəf istiqamətlənməsində mühüm rol oynayacağı şübhəsizdir.

 Xüsusilə Çin ilə imzalanmış və hərbi sahə də daxil olmaqla müxtəlif sahələri əhatə edəcək müqaviləyə iranda böyük ümidlə baxırlar. 25 il ərzində olsa belə Çinin vəd etdiyi 450 miyard dollarlıq investisiya İran üçün çox böyük əhəmiyyət kəsb edəcək. Amma bu müqavilədən yaxın gələcəkdə keçiriləcək seçkilərdə reformaçıların bir nailiyyət kimi istifadə edilə biləcəyi bir qədər mürəkkəb görünür. Müqavilənin lazımi səviyyədə təbliğ olunması üçün qalan vaxt və imkandan maksimum istifadə olunarsa buna nail olmaq mümkündür.