"İntihar xəbəri manşetə çıxmamalıdır" - psixoloq Elnur Rüstəmov

24Media-ya “Narınc” Uşaq Psixologiya Mərkəzinin həkim-psixoloqu Elnur Rüstəmov danışıb. Həmin müsahibəni təqdim edirik.

Son zamanlar intihar mövzusu aktual mövzulardan biri sayılır. Hər il intihar bir çox insanın seçiminə çevrilir. Ən təhlükəlisi isə odur ki, intihar cavanlaşır – uşaq və yeniyetmələrin də həyatına son qoyur. Dünya üzrə statistikaya nəzər salsaq, intihar halları daha çox yeniyetmələr arasında olduğunu müşahidə edə bilərik. Çünki bu yaşlarda onlar daha həssas olduqları üçün qaranı ağ, ağı qara kimi görürlər. Bu dövrdə onlar çətinliklə üzləşən zaman problemdən çıxış yolunu tapa bilmədikləri, onu həll edə bilmədikləri üçün bu yola əl atırlar. Bu səbəbdən də yeniyetmələr intiharın nə olduğunu və onunla necə mübarizə aparılacağını bilməlidirlər.

Bununla bağlı 24Media-ya “Narınc” Uşaq Psixologiya Mərkəzinin həkim-psixoloqu Elnur Rüstəmov danışıb. Həmin müsahibəni təqdim edirik.

Elnur bəy, deyilənlərə görə, yeniyetmələr heç də özlərini öldürmək istəmirlər, sadəcə zarafat kimi bunu edirlər. Bu fikir haqqında nə düşünürsünüz?

Ümumiyyətlə, heç bir insan zarafat məqsədilə intihar etmir. Ola bilər ki, insan ətrafdakı insanların diqqətini özünə və ya problemlərinə çəkmək üçün intihar prosesini imitasiya etsin. 10 il bundan əvvəl intihar səbəbləri başqa idi, indi isə tamam dəyişib. Yəni hər dövrün intihar səbəbləri fərqli olur. Məsələn sonuncu intihar hadisəsində mətbuat da qeyd etdi ki, intihar edən şəxs təhdidə məruz qalıb. Amma 20 il bundan əvvəl belə hallar az olurdu. 

Mətbuatın intiharlarda hansı rolu var?

Bu kimi məsələlərə görə bu gün üçün məsuliyyəti tam olaraq mətbuatın üzərinə atmaq olmaz. Çünki mətbuat da xəbəri sosial şəbəkədən götürərək yayır. Sadəcə burada intiharın işıqlandırılmasından söhbət gedir. Biri var ki, intiharı xəbər kimi verəsən, biri də var intiharın səbəblərini verəsən. Bu kimi situasiyalarda nə etmək lazımdır? İntihar edən adam ümidsiz vəziyyətdə olur, sabahını fikirləşə bilmir, düşünür ki, belə yaşamaqdansa, yaşamamaq daha yaxşıdır və intihar edir. Hansısa bir intihar xəbərini paylaşanda tədqiqatlar da göstərir ki, 2 həftə ərzində intihar halları artır və hansı müstəvidə bu halın baş verdiyinin heç bir fərqi yoxdur. Ümumən, bir hadisə manşetə çıxırsa, 2 həftə və ya 20 gün ərzində ona oxşar hadisələrin təkrarlanma ehtimalı çoxdur. Statistikaya baxdığımızda görürük ki, bir nəfər polis intihar etdi, ardınca görün neçə nəfər polis vəfat etdi. Qısaca demək olar ki, intihar xəbəri manşetə qoyulmamalıdır.

Ümumiyyətlə, son vaxtlar intihar, özünə qəsd etmə xəbəri ilə daha çox rastlaşırıq. Bu cür xəbərlər artıq adi hala çevrilib. Niyə ən çox bu hal 13-17 yaş arasında yeniyetmələr arasında baş verir. Sizcə, yeniyetmələri buna nə vadar edir? 

13-17 yaş yox, artıq bu hal 11 yaşdan başlayır. Yeniyetmələr bu mərhələni böhranla keçirir. Buna hətta elmi-psixologiyada “yeniyetməlik böhranı” deyilir. Hər hansısa yeniyetmə ailəsi ilə problem yaşayır, kompleksləri olur. Çünki yeniyetmə nə uşaqdı, nə də böyükdü. Uşaqla böyük arasındadır. Həmin şəxs istəyir ki, onu bir fərd kimi qəbul etsinlər, onun fikrini diqqətə alsınlar. Yəni yeniyetmə şəxsiyyətin formalaşma dönəmidir. O, həmişə axtarışdadır. Ətrafa baxanda görürük ki, insanların 90%-inin əlində mobil telefonlar var. Bizim bu vasitə ilə aldığımız hər bir xəbərə görə emosiyamız dəyişir.

İntiharlarda valideynin hansı rolu var?

Heç bir valideyn istəməz ki, övladı intihar etsin. Çünki bu hal olanda valideyn bir ömür boyu vicdan əzabı ilə yaşayır. Sadəcə valideyn bəzən yeniyetmənin problemini ya zamanında aşkar edə bilmir, ya da bilməyərəkdən biganə yanaşır və öz metodu ilə həll eləmək istəyir. Tutaq ki, peşə seçimini deyək. Valideyn uşağına deyir ki, sən 4-cü qrupa get, uşaq bununla razılaşmır və deyir ki, mən 4-cü qrupa yox, 3-cü qrupa getmək istəyirəm. Valideyn deyir bunu etmə, uşaq bunu edir.  Boşanmalar, ailəiçi konfliktlər bu problemin əsas mənbəyi hesab olunur. 

Yeniyetmələrin konteksində intihara sövq edən əlamətlər olan filmlərə baxmağı düzgündürmü?

Bu kimi filmlərə baxmamaq üçün gərək biz alternativ yollara əl ataq. Biz bunu etməsək, o da heç nə etməyəcək. Belə bir fikir var ki, uşağa telefon verməsək, gərək biz özümüz uşağla vaxt keçirək. Demək rahatdır, amma əməl edilmir. Misal üçün bu gün camaat “Tiktok”a girir düzdümü? Bu yeniyetmədir də. Fərqlənmək istəyir. Hər dəfə daha fərqli şeylər etmək istəyir. Düşünürəm bu problemlərlə bağlı xüsusi konsepsiya hazırlanmalıdır ki, bu yeniyetmələr intihar yolunu seçməsinlər. Konsepsiya dedikdə birinci təhsil yüksək keyfiyyətli olmalıdır. Əgər uşaqlar təhsilə yönələrsə, gələcəyini xüsusi diapazonda görər.

Müsahibə: Mikayıl Mirzəzadə