İnsanlar “Signal”ı nə üçün seçirlər?

İnsanlar “Signal”ı nə üçün seçirlər?

Zamanının bir çox hissəsini sosial media platformaları və şəbəkələrində keçirən insanlar daim yenilik axtarışında olurlar.  Yeni, maraqlı dizayna, yüksək keyfiyyətə malik platformalara ehtiyac duyurlar.  Qeyd edilən xüsusiyyətləri özündə cəmləşdirən mobil tətbiqlərdən biri də 2014-cü ildə yaradılmasına baxmayaraq, 2021-ci ildə məşhurlaşan "Signal Messenger"dir. 

24Media məlumat verir ki, bu mobil tətbiq "WhatsApp", "iMessage" və "Facebook Messenger" kimi bir mesajlaşma tətbiqidir. "Signal"ın icraçı sədri, "WhatsApp"ın həmtəsisçisi olan Brian Actondur.

Necə məşhurlaşdı?

“WhatsApp” gizlilik siyasətini yeniləyərək, istifadəçilərinə  tətbiqdən istifadəyə davam etmədən əvvəl bəzi məlumatların Facebook ilə paylaşıldığını qəbul etmələrini tələb etdi. Dəyişikliyə görə baş verən qarışıqlıq insanların narahat olmasına səbəb oldu. Buna cavab olaraq Elon Mask şəxsi Twitter səhifəsində "Signal-dan istifadə et" başlığı altında tvit atdı. Nəticədə insanlar bu mesajlaşma tətbiqinə axın etdilər. Bu platforma 2021-ci ilin əvvəlində Elon Mask-dan tutmuş, Twitter-in CEO-su Jack Dorsey-ə qədər hər kəs tərəfindən təsdiqləndi və Apple və Google-un tətbiqetmə xəritələrində zirvələrə imza atdı. 

“Signal” digər mesajlaşma tətbiqlərindən bir çox xüsusiyyətlərinə görə fərqlənir. Bunlardan biri də çoxlu sayda sevimli emoji etiketlərinə sahib olması və daha çox məxfiliyə, təhlükəsizliyə yönəlməsidir. “Signal” platforması “Signal Protocol”u ilə təchiz edilmişdir. Bu o deməkdir ki, şirkət nə mesajlarınızı oxuya, nə də zənglərinizi dinləyə bilər. Onu da qeyd edək ki, “Signal” heç bir istifadəçi məlumatı saxlamadığı üçün hökumət və digər qurumlar şəxsi məlumatlarınıza sıza bilməzlər.

“Signal” da "WhatsApp" kimi sizinlə əlaqə qurmaq üçün mobil nömrənizdən istifadə edir. Əgər mobil telefonunuz Android sistemini dəstəkləyirsə, siz “Signal” ilə   bu platformanı mobil tətbiqinə yükləməyən şəxsə  SMS və MMS mesajlarını göndərə bilərsiniz. Lakin bu mesajlar eyni təhlükəsizlik qorumalarına sahib olmayacaqdır.

Əgər “Signal” sizi qane etmirsə, siz rəqib mesajlaşma proqramı, "Telegram"ı sınaqdan keçirə bilərsiniz. "Telegram" da “Signal”a bənzər şəkildə foto, mesaj, video və digər sənədlər göndərmək üçün məxfiliyi, təhlükəsizliyi qoruyan bir tətbiqdir. “Signal”dan fərqli olaraq “Telegram” bir az daha istifadəyə yararlıdır. Çünki burada mesajları 200.000 nəfərədək qruplara və ya kanallara yayımlamaq üçün istifadəçi adı yarada bilərsiniz. Lakin bu böyük qrup söhbətlərində gizlilik olmayacaq, çünki “Telegram” bu seçimi yalnız individual söhbətlərində dəstəkləyir.  “Telegram”ın  2 GB və daha böyük fayl köçürmə imkanı olduğu halda,  “Signal”ın yalnız 100 MB ölçüsündə fayl göndərmə imkan var. Bir digər fərq də ondan ibarətdir ki, “Signal” cihazınızdakı hər şeyi özündə, “ Telegram” isə söhbətlərinizi serverlərində saxlayacaq.

Son olaraq bunu da qeyd edək ki, “Signal” platforması həm Android, həm də iOS əməliyyat sistemi istifadəçiləri üçün pulsuzdur.