"Nə qədər ki, gəncəm, ağlıma gələni edəcəyəm" - Döymə ustası ilə MÜSAHİBƏ

24 Media "Nə qədər ki, gəncəm..." rubrikasını davam etdirir. Rubrikanın budəfəki qonağı "Tattooral" brendi ilə tanınan döymə ustası Tural Əhmədovdur.

Özünüz haqqında oxucularımıza məlumat verərdiniz...

- 22 yaşım var, 2016-cı ilə qədər sadəcə həvəskar şəkildə tatu sənəti ilə məşğul olurdum. 2016-cı ildə isə "Tattooral" brendini yaratdım və peşəkar şəkildə fəaliyyət göstərməyə başladım. 

Son illər insanların daha çox maraq göstərdiyi tatunun tarixi barədə nə deyə bilərsiniz?

- Bu, dərinin altına təmas olunaraq edilən sənət növüdür. Tatuetmə ənənəsi xeyli qədimdir. Qədim Misirdə, Qalliyalılarda, Britonlarda, Traklarda döymənin mövcud olması mumiyalardan bəllidir. Qədim Yunanıstanda və Romada tatu barbarlara məxsus məşğuliyyət sayıldığı üçün kölələrə və cinayətkarlara məcburi sayılırdı. Həmin dövrdə xristianlara döymə qadağan edilmişdi. Buna qarşı çıxan xristianlar bədənlərinə xaç və İsanın adını döydürürdülər. 

"Tattoo" sözü Tahiti dilindəki "tautau" sözündən gəlir. Bu, 20-ci əsrin əvvəllərindən sonra, xüsusilə də, dənizçilər arasında məşhurluq qazandı. Hazırda bundan romantik duyğuları, vətənpərvərliyi və ya dindarlığı ifadə etmək məqsədi ilə geniş şəkildə istifadə edilir.
 

Məhz bu sənəti seçməyiniz maraqlıdır... 

- Uşaqlıqdan rəsm çəkməyi çox sevirəm. Həmin illərdə hisslərimi ifadə etmək üçün ən yaxşı yol bu idi. Amma rəsmləri sadəcə kağız üzərində çəkmirdim, meyvə və tərəvəzlərin üzərində də çəkirdim. Rəngli yapışqan kağızların üzərinə müxtəlif təsvirlər çəkib ətrafımdakı insanların qoluna yapışdırırdım. Kiçik bacımın, qohumlarımın uşaqlarının qoluna qələmlə şəkillər çəkməkdən zövq alırdım. Hətta 12 yaşımda bu hərəkətlərimə görə döyülmüşdüm. Amma yaş artıqca bu sahəyə marağım daha da artırdı. 16-17 yaşlarımda tatu barəsində çoxlu məlumatlar öyrənmişdim. Zaman keçdikcə nəzəri cəhətdən topladığım bilikləri təcrübədən keçirməyə başladım. Başlanğıcda süni dəri üzərində məşq edirdim, indi  isə müxtəlif görünüşdə döymələr edə bilirəm.  Artıq 5 ilə yaxındır ki, bu sahədəyəm və hər dəfə yeni tatu edəndə nələrsə öyrənirəm. 

Ailənizin seçiminizə münasibəti necə oldu?

-  Anam seçimlərimə həmişə dəstək olsa da, atam qərarlarımla gec razılaşan biridir. Bu mövzuda da dəfələrlə mübahisələrimiz olub. Hətta vəziyyət o yerə çatıb ki, evdən də getmişəm. Lakin bu kimi hallar məni fikrimdən döndərəcək qədər güclü  olmayıb. Fikrimcə, insan fərd olaraq dünyaya gəlir və seçimlərində sərbəstdir. Məqsədlərini reallaşdırmaq da hər bir kəsin öz əlindədir. Ailə üzvlərimizin düşüncə tərzləri müxtəlif olsa da, insan çox istədiyi şeyi reallaşdırmağa çalışır.  Odur ki, mən də bütüb bu yaşadıqlarıma maneə kimi baxmırdım, hər işə başlayanda çətinliklər olur. Atam da zamanla mənim bu fikirdə qəti olduğumu anladı. Deyə bilmərəm ki,  tam razıdır,  ancaq bunu  problem etmir. Bəlkə də,  istəyimin keçici olmadığını və bu işin məndə yaxşı alındığını görür.
Düşünürəm ki, insan istəklərindən hansısa səbəbə görə imtina edirsə, deməli, həmin şeyi ürəkdən istəmir. Ona görə də, əvvəlcə nə istədiyimizə qərar verməliyik. Daha sonra bu ailəmizi və ətrafımızdakıları seçimimizdə qərarlı olduğumuza inandırmalıyıq. 


İlk dəfə peşəkar şəkildə etdiyiniz tatunu xatırlayırsınızmı?
 

-Bu, ilk etdiyim tatudur. 2016-cı ildə  bu sahədə çalışmağımdan həmişə narazı olan atamın qoluna etmişəm. Bunu atamın diqqətini çəkmək, bu sənətə olan maraq və həvəsimi daha yaxşı göstərmək üçün etdim. başlanğıcda razı olmasa da, şirin dil ilanı da yuvasından çıxarar deyiblər, razı saldım və qoluna balıq tatusunu işlədim. Balıq bürcüdür və ona görə də bunu uyğun gördüm.

Növbəti gün 2-ci təcrübəni öz üzərimdə etdim.

Tatu edərkən hansı məqamlara  xüsusi diqqət edirsiniz?
 

-Tatu etdirənlər nəyi və niyə istədiyini dəqiq bilməlidir. Seçim arasında qalan insanlara tatu etmirəm. Əvvəlcə qərarlarını dəqiqləşdirməli olduqlarını bildirirəm. Əks halda elə insanlar bir müddət sonra peşman ola bilərlər. Onların öncədən keçirdikləri xəstəliklərlə maraqlanıram. Ciddi dəri xəstəlikləri, xüsusən də şəkər xəstəliyi keçirmiş insanlara tatu yalnız həkim məsləhəti ilə edilir. Çünki elə insanlarda yaranın sağalma prosesi uzun çəkir və tatu etdirmək müəyyən problemlə nəticələnə bilər. İlk dəfə tatu elətdirən insanlarda tatuya qarşı alergiyanın olub-olmaması  yoxlanılır. Bundan başqa, yaş məhdudiyyəti  də var, 18 yaşdan aşağılara tatu etmirəm. Hətta çalışıram ki, daha çox yetkin insanlara edim. Çünki insan yaşa dolduqca seçimlərini daha da dəqiq etməyi bacarır. 
Gənclər arasında qəlibləşmiş, standart döymə formalarını etməkdən imtina edirəm. Bunlara canavar, ulduz kimi simvollar daxildir. Bir dəfə etdiyim tatunu 2-ci dəfə işləmirəm. Belə olanda ya imtina edir, ya da ona oxşar, amma fərqli şəkildə tatular tövsiyə edirəm. Düşünürəm ki, hər kəsin tatusu özünəməxsus və fərqli olmalıdır. 

 

 

Daha çox hansı yaşda insanlar müraciət edirlər?
 

-Müxtəlif yaşlarda olur. Əsasən, gənclər üstünlük təşkil edirlər, belə ki, həmyaşıdlarında görüb, həvəslənib, etdirmək qərarına gəlirlər. Lakin 50, 60 hətta 70 yaşlarında olan insanlar da müraciət ediblər. Məncə, tatu insanı tamamlayan bir şeydir. İnsanın seçdiyi tatuya əsasən, düşüncə tərzini, xarakterini də qismən müəyyən etmək olur.

Daha çox qadınlar tatu etdirir, yoxsa kişilər? 
 

- Həm qadınlar, həm də kişilər tatu etdirməkdə maraqlıdırlar.Təəssüf hissi ilə qeyd edirəm ki, cəmiyyətimizdə hələ də qadın və kişi arasındakı bərabərliyin pozulduğu məqamlar çoxdur. "Qadına tatu olmaz, yaraşmır",- deyə düşünənlər də var. Bu və digər səbəblərə görə kişilər nisbətən üstünlük təşkil edirlər. Onlar tatu etdirmək mövzusunda daha rahatdırlar və hər hansı məhdudiyyətləri olmur. Adətən, xanımlar tatunu görünməyəcək yerlərə vurdururlar. Oğlanlarda isə bu, tam əksidir, onlar mümkün qədər görünən yerə tatu etdirmək istəyirlər. Əsasən, qol, çiyin və sinə nahiyələri daxildir. Qadınlar daha çox kiçik ölçülü tatulara üstünlük verirlər. Onların seçdikləri tatular daha maraqlı olur. Onu da qeyd edim ki, qadınlarla işləmək daha rahat və zövqvericidir. Qadınlar daha dözümlü olurlar. Kişilərin isə əksəriyyətinin ağrıya dözümü olmur. Bəzən yarımçıq saxlatdırıb gedənlər də olub. Ümumiyyətlə, digər illərlə müqayisədə müraciət edən qadınların sayı artıb

Tatu üçün iynə və boyaları necə əldə edirsiniz, istənilən yerdən almaq doğrudurmu?
 

- Mən, əsasən, boyaları istehsal edən şirkətdən sifarişlə əldə etməyə üstünlük verirəm. Bu boyalar həm təbii əsaslı olur, həm də insan dərisinə mənfi təsir göstərmir. Tatu edərkən istifadə olunan ləvazimatlar sterilizə olunur. 
Azərbaycanda da keyfiyyətli boyaların satıldığı mağazalar var. Keyfiyyətli məhsulla görülən iş mükəmməl hesab olunur. Keyfiyyətsiz məhsullar isə dəridə  bir çox fəsadlar yaradır. Ona görə də, tatu etdirəndə peşəkar insanlara müraciət edilməsi məsləhətdir. 

 

İnsan bədəninin hər yerinə tatu etmək olarmı?
 

- Demək olar ki, bədənin istənilən nahiyyəsinə tatu etmək mümkündür. Bəzi nahiyələr  isə tatunun sağalma müddəti nəzərə alındığından tövsiyə olunmur. Gigiyena baxımından həmin bölgələri qorumaq daha çox məsuliyyət tələb edir. Bunlara cinsi orqanların ətrafı, ovucun içi, ayağın altı və s. bölgələr daxildir.

Tatuları sildirmək mümkündürmü?
 

- Dediyim kimi, döymə zaman dərinin altına təmas olunur. Silmək və ya dəyişmək mümkündür. Silinməsi  ağrılı, qat-qat çətin və uzun prosedurdur. Bəzən, nahiyədən asılı olaraq, tamamilə silinməyə də bilər. Buna görə də, tatu etdirməmişdən qabaq yaxşıca götür-qoy etmək lazımdır.

Sevgisini tatu ilə göstərən insanlar olur. Bunun haqqında nə deyə bilərsiniz?
 

-Zövqlər müxtəlifdir. Müraciət edən insanlar arasında cütlüklər də olub. Eyni tatunu və yaxud da hər hansı tarixi döydürmək istəyiblər. Bu halda da fərqliliyə can atıram.

Şəkildə gördüyünüz tatunu jurnalist cütlüyə özəl etmişəm. 
Mənə görə isə sevgindən və özündən əmin olandan sonra onunla bağlı tatu etdirmək daha məqsədəuyğundur. Çünki xoşagəlməz hallar baş verəndə sildirmək istəyirlər.

Bu sahəyə yeni başlayanlara nə məsləhət görürsünüz?
 

- Təəssüflər olsun ki, Azərbaycanda bu sahə  ancaq fərdi şəkildə öyrədilir. Mənə də müraciət edənlər olur. Öyrənmək istəyənlər az deyil. Asan iş deyil, məsuliyyət, diqqət və səbr tələb edir. Bu o demək deyil ki, əl qabiliyyətin varsa, cızma-qara edə bilirsənsə tatu etməyi öyrənə bilərsən. Çünki buraxacağın izlər bir ömür boyu kiminsə bədəninin bir parçası olur. Əl qabiliyyəti, istedad olması üstünlükdür, amma vərəq üzərində çəkilən rəsmlə dəri arasında çox fərq var. Öyrənmək üçün peşəkarlara müraciət etmək məsləhətdir. Nəzəri cəhətdən biliklər öyrənməlidir. İlk təcrübənizi süni dəri üzərində etməyinizi tövsiyə edirəm. Təzə öyrənəndə təsadüfən əlinizə tatu aparatı düşsə, qəti şəkildə bunu insanlar üzərində sınaqdan keçirməyin

Oxucularımıza nə demək istəyərdiniz?
 

-Mənə görə həyat yaxşı və pis xatirələrdən ibarətdir. Yaşadıqlarından geriyə sadəcə xatirələr qalır. Bu xatirələri də yadda qalan etməyin yolları musiqilər, şəkillər, tatu və s olur. Pis xatirələri isə yadda qalan etmək mənasızdır. Bu, insanı hər dəfə incidəcək. Yaxşı xatirələrlə bağlı təsvirləri isə götür-qoy edəndən sonra döydürmək daha uyğundur. Şablon tatulardan qaçmağa çalışın. Hər hansı təsviri dəb xatirinə etdirməyin. Tatu sizi ifadə etsin, hiss və düşüncələrinizdən xəbər versin. Məqsədlərinizi reallaşdırmaq üçün hər şeyi edin. İstəmək əldə etməyin 80 faizidir, geriyə qalan 20 faizə isə hərəkət etmək daxildir. İstəyin, inanın və icra edin. 

Sonda rubrikanın ənənəsinə uyğun olaraq cümləni tamamlayın: "Nə qədər ki, gəncəm..."

"Nə qədər ki, gəncəm, ağlıma gələni edəcəyəm".