“İkinci sinif materiallarını təkrarlayıram” - AKTYORLA MÜSAHİBƏ

“İkinci sinif materiallarını təkrarlayıram” - AKTYORLA MÜSAHİBƏ
“İkinci sinif materiallarını təkrarlayıram” - AKTYORLA MÜSAHİBƏ
“İkinci sinif materiallarını təkrarlayıram” - AKTYORLA MÜSAHİBƏ

24Media-nın "Evdə qal, sənə qurban" rubrikası davam edir. Rubrikamızın növbəti həmsöhbəti tanınmış aktyor, əməkdar artist Anar Heybətovdur.

 İşləriniz necə gedir? Yaradıcılığınızda nə kimi yeniliklər var?

 - İşlərimiz hələ ki, getmir. Hazırda teatr bağlıdır, iş yoxdur. Hamı kimi evdəyik, çalışırıq özümüzü və yaxınlarımızı qoruyaq. Birtəhər bu bəladan canımızı qurtaraq. İnşallah ki, bu virus tezliklə bitəcək.

 Onu da qeyd edim ki, karantin olmasına baxmayaraq, Akademik Milli Teatrının rəsmi "Facebook" səhifəsində virtual repertuarımız var. Demək olar ki, hər gün onlayn tamaşalar göstərilir. Saat 19:00-da teatr sevənlər, bizi izləmək istəyən tamaşaçılar həmin rəsmi səhifədə tamaşaları izləyə bilirlər.

Karantin sizi teatr mühitindən kənar salıb. Evdə qalaraq vaxtınızı necə dəyərləndirirsiniz?

- Açığı, evdə oturmağa öyrəşməmişik. Nə etmək olar, bütün dünyada belədir. Mütaliə edirəm, daha çox filmlərə baxıram. Elə filmlər var idi ki, baxmaq istəyirdim, lakin vaxt olmurdu. Qızımla vaxt keçirirəm. Məktəblər də bağlı olduğu üçün onlayn dərslər var. Çalışıram ki, qızıma nədəsə kömək edim. Mənim qızım ikinci sinifdə oxuyur. Eyni zamanda, özüm də ikinci sinif materiallarını təkrarlayıram. Təbii ki, bilmədiyim şeylər var. Biz məktəbdə oxuyan vaxtlar bu sistemlə dərs almamışıq. Mənə maraqlı olan mövzular var ki, özüm üçün təkrarlayıram.   

Anar bəy, hər mənfi hadisənin ardında müsbət anlar da olur. Karantin müddətinin müsbət tərəfləri nədir, sizcə?

- Bir çox müsbət tərəflərini demək olar. Mənə elə gəlir ki, insanlar bir az daha mehribanlaşıblar. Birinci növbədə, dostlar, ailələr, qohumlar arasındakı mehribanlıq artıb.

Bir az da yaradıcılığınızdan bəhs edək. Sənət yolunuz Akademik Milli Teatrdan başlayıb. İlk səhnə günlərinizi necə xatırlayırsınız?

- Müsahibələrimdə bir neçə dəfə qeyd etmişəm ki, 1999-cu ildə İncəsənət Universitetinin dram-kino aktyorluq fakültəsini bitirdikdən sonra respublikanın xalq artisti, görkəmli rejissor Azərpaşa Nemətovun kursunu başa vurmuşam. Həmən il Azər müəllim məni teatrla tanış edib. O illərdən bəri teatrda çalışıram.

Yadıma gəlir, ilk tamaşada böyük sənətkarlarla bir səhnəni bölüşürdük. Onlardan özümə dəstək görürdüm. Xoş xatirələrlə yadımda qalıb. O vaxtdan teatrda hamı ilə mehriban ünsiyyətdəyik. İlk səhnəyə çıxdığım vaxtları pis bir şey kimi xatırlamıram.

 

Son çəkildiyiniz serialların reytinqi yüksək olub. Rol aldığınız obrazlar ciddiyəti ilə seçilirdi. Dəvət aldığınız verilişlərdə deyib-gülən, hazırcavab insan təsiri bağışlayırsınız. Sizin film və serial yaradıcılığınız əsasən ciddi rollardan ibarətdir. Əgər rejissorlar komediya janrında olan rola dəvət etsələr, necə qarşılayarsınız?

- Son çəkildiyim "Sevgi naminə" Samir Qulamovun rejissorluğu altında, ondan öncə "Sən olmasaydın" serialı var idi ki, "Oscar production"nın, Yaşar Əhmədovun rəhbərliyi ilə çəkilirdi. Sevda Yəhyayeva ilə tərəf müqabili idik. 

Hazırcavablığım ola bilsin ki, uşaqlıq illərimdən var. 

Komediya janrında olan tamaşalarda yer almışam. Serial və yaxud film təklifi edilərsə, uyğun və maraqlı mövzu olarsa, yəqin ki, qəbul edərəm.

Bu vaxta qədər canladırdığınız obrazlarda özünüzü görmüsünüzmü?

- Yox, dəqiq deyə bilmərəm. Amma hər bir aktyor oynadığı rola özündən nə isə qatır. Xarakterimə, təbiətimə yaxın obrazlar olub. Sadalamaq istəmirəm.

Anar Heybətov öz arzularının ardınca gedib, aktyor olub. Bəs, aktyor olmasaydınız hansı peşəni seçərdiniz?

- Ümumiyyətlə, hansı peşə sahibi olursan ol, gərək onu sevəsən, ciddi məşğul olasan. Bilmirəm, hansı peşə sahibi olardım. Düşünürəm ki, hər hansı bir peşə sahibi olmuş olsaydım, peşəmi sevərək icra edərdim.

İzolyasiya tədbirlərindən sonra televiziyada film və ya seriallarda rol alacaqsınızmı?

- Karantin bitsin, təbii ki. Əgər serialdan, filmdən təklif olunarsa, bu haqda məlumat verərəm. Amma, hazırda belə bir şey gözlənilmir. Yeni mövsüm üçün belə bir şey olmuş olsa, məlumatlandıracam.

Bir aktyor kimi sahənizdə hansı problemlərin olduğunu düşünürsünüz?

- Hər bir sahədə olduğu kimi bizim də sahədə problemlər var. İndi problemlərdən danışmaq istəməzdim. Çünki, səhnəmiz, işimiz, ən çox da tamaşaçılarımız üçün darıxmışıq. Bu dönəmdə problemlərdən gileylənmək istəməzdim. Karantindən sonra teatr açılsın, işə çıxaq və müəyyən problemlər olarsa, onları bütün kollektiv olaraq əl-ələ verib aradan qaldırarıq. Yeni tamaşalarımızla izləyənləri sevindirəcəyik. Qismət olarsa, film və serial üzərində də işləyəcəyik.

Sonda, rubrikamızın adına uyğun olaraq, sizi sevənlərə və oxucularımıza nə demək istərdiniz?

- İlk növbədə sizə işinizdə, peşənizdə uğurlar arzu edirəm. Rubrikanın oxucularına, ümumiyyətlə, bizi izləyənlərə, evdə qalmağı məsləhət görürəm. Biz evdə qalırıqsa, özümüzü, yaxınlarımızı, bu virusdan qoruyarıqsa, bütünlükdə Azərbaycan xalqını qorumuş olarıq. Hamıya can sağlığı arzu edirəm, səbirli olaq. Artıq demək olar ki, karantinin bitməsinə az müddət qalıb. İnşallah, bu virusdan üzü ağ, alnı açıq qurtulacağıq.