İdman Jurnalistlərinin II Respublika toplantısı keçirilib

İdman Jurnalistlərinin II Respublika toplantısı keçirilib

Bu gün Azərbaycan İdman Jurnalistlərinin II Respublika Toplantısı baş tutub.

24Media-nın məlumatına görə, tədbir zoom proqramı vasitəsilə videokonfrans formatında gerçəkləşib.

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təşkil etdiyi toplantıda Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Media və Kommunikasiya şöbəsinin müdiri Vamiq Nəsirov, Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova, Milli Olimpiya Komitəsinin (MOK) Mətbuat katibi Günay Malikqızı, AİJF-nin İdarə Heyətinin üzvləri və idman jurnalistləri iştirak edib.

AİJF-nin prezidenti Qabil Mehdiyev ötən ilin bu günündə I Respublika Toplantısının baş tutduğunu xatırladıb: "Ümid edirəm ki, növbəti toplantı karantin məhdudiyyətləri ilə olmayacaq. İlk toplantıda karantin yox idi və Qarabağ da işğalda idi. Artıq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etmişik".

Daha sonra Vətən müharibəsindəki şahidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca, AİJF-nin bir illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Qabil Mehdiyev İdman Jurnalistlərinin II Respublika Toplantısına Vətən müharibəsində iştirak edən idman jurnalistlərinin də qatıldığını söyləyib. O, idman jurnalisti Vüqar Məmmədovun oğlu Ülvü Məmmədovun da Vətən müharbəsində şəhid olduğunu və ailəsinə baş sağlığı verdiklərini xatırladıb. Q.Mehdiyev federasiyanın bir il ərzində qarşıya qoyulan hədəflərə çatmaq istədiyini bildirib: "Bu yöndə Gənclər və İdman Nazirliyi bizə dəstək oldu. Nazir Azad Rəhimova şəfa diləyirəm. Onun özü ilə danışırıq, bizə dəstək və tövsiyələrini verir".

Daha sonra nazirliyin Mətbuat katibi Səmayə Məmmədova çıxış edib. O, Azad Rəhimovun AİJF-yə salamlarını çatdırıb: "Azad müəllim tezliklə qayıdacaq və sizinlə canlı ünsiyyətdə olacaq. AİJF koronavirusa rəğmən bir il ərzində çox uğurlara imza atıb. Nazirlik olaraq dəstək olmağa çalışırıq. Gənclər və İdman Nazirliyi pandemiya dövründə müxtəlif onlayn layihələr həyata keçirib. İdman jurnalistlərinin bir araya gəlməsi təqdirə layiqdir".

MOK-un Mətbuat katibi Günay Malikqızı da AİJF-yə uğurlar arzulayıb: "İdman jurnalistikasında maraq doğuran amillər var. Təbii ki, bir neçə problem də mövcuddur. Bunların həlli sizdən və bizdən asılıdır. MOK idman jurnalistləri ilə birlikdə ortaq layihələr həyata keçirməyə hazırdır. Karantin dönəmi onlayn layihələrin keçirilməsi üçün bizə təcrübə oldu".

Qabil Mehdiyev daha sonra AİJF-nin idman mediasına dəstəklə bağlı təkliflər paketini Medianın İnkişafı Agentliyinə (MEDİA) təqdim etdiyini xatırladıb. O bildirib ki, bu yaxınlarda MEDİA ilə bu mövzuda görüş və müzakirələr olacaq.

Son olaraq idman jurnalistlərinin təklifləri dinlənilib və fikir mübadiləsi aparılıb.