HİSS: “İndi yaddaşlarda qalmaq elə də asan deyil”- MÜSAHİBƏ

HİSS: “İndi yaddaşlarda qalmaq elə də asan deyil”- MÜSAHİBƏ

24Media-nın bu dəfəki qonağı gənc və istedadlı müğənni, “Youtube”da yerləşdirdiyi kliplərlə məşhurluq qazanan “Hiss" ləqəbli Röya Məmmədovadır.

- Salam, Röya xanım, əvvəlcə, oxucularımıza özünüz haqqında məlumat verə bilərsiniz? 

Salam, dəvətiniz üçün təşəkkür edirəm. 24 yaşım var. Neft və qaz mühəndisliyini bitirmişəm. Təhsil aldığım müddətdə bir neçə şirkətdə resepşn, mühasib, biznes analitik kimi işləmişəm. Lakin bir müddət sonra başa düşdüm ki, gördüyüm işlər məni xoşbəxt etmir. Bu səbəbdən də 2018-ci ildən öz arzularımın ardınca getməyə qərar verdim. İşlərim ilə paralel olaraq yaradıcılığa başladım. Hazırda yalnız yaradıcılıq ilə məşğulam, bütün diqqətimi bu sahəyə yönəltmişəm.

- Müğənniliyə necə başladınız? 

Müğənni olmaq istəyim konkret bir məqamdan, faktordan qaynaqlanmır. Bu,bir günə verdiyim qərar deyil. Uşaqlıqdan bəri bu sahəni arzulamışam. Xüsusən də,  kiçik yaşlarımda səhnəyə çıxmağım şüuraltı olaraq məndə bu işə sevgi oyadıb. İstək, sevgi təkanverici qüvvə rolunu oynayır, indi isə uğurlu olub-olmayacığımı sərf etdiyim əmək və zəhmət müəyyən edəcək. 

- Musiqi istedadı çox vaxt ailədən, gendən gəlir, sizdə də belədirmi?

Məncə, hər zaman belə olmur. Ailəmdə musiqiçi yoxdur.

-  Bu sənətə başladığınız ilk zamanlarda hansı çətinliklərlə qarşılaşdınız?

Yaradıcılığımın ilk vaxtlarında maddi resurs və vaxt ilə bağlı problemlərim çox olurdu. Şəxsi büdcəmin böyük hissəsini yaradıcılığıma sərf edirdim. Əvvəl bu işdən heç bir gəlir əldə etmirdim deyə maddi cəhətdən problemlər yaranırdı. Zaman baxımından da çətinliklərim olurdu. İşdən sonra səsyazmalar, klip çəkilişləri səbəbi ilə gecə gec saatlara qədər çalışırdım. İstirahətimə az vaxt qalırdı.

- Niyə məhz "Hiss"i seçdiniz? 

Yaradıcılığımın insanların beynində unikal bir ləqəb ilə assosiasiya olunmasını istəyirəm. Düşünürəm ki, ortaya çıxardığın işi düzgün təqdim etmək çox vacibdir. Ona görə, gördüyüm işlərin dinləyicilərin beynində  heç bir çaşqınlıq yaratmadan sırf mənimlə əlaqələndirilməsini istəyirəm.

- Sizcə, “Hiss” hansı addımına görə tanınır və insanlar tərəfindən sevilir?

"İstəmirəm" mənim tanınmağıma çox kömək oldu, hətta Azərbaycandan kənarda da. Qonşu ölkələr arasında daha çox Türkiyədən diqqət görürəm. Hazırda Türkiyədə "Shazam" olunan mahnılar siyahısında qeyd etdiyim mahnı ilk 25-likdə yer alır. 4 ən böyük Türkiyə radiosu da bu mahnımın yayımı üçün mənə müraciət edib

- Türkiyədə çəkilən, fiziki məhdudiyyətli dostlarımıza həsr olunan filmdə türk ulduzlarla bərabər Azərbaycanı siz təmsil edəcəksiniz. Oxucularımıza bu iş haqqında danışa bilərsiniz? Necə oldu ki, təklif aldınız, dəstəklərə siz də qoşuldunuz? 

Proyekt müəllifi türklərdir. Məni layihədə görmək istədiklərini dedilər və dəvət etdilər. İlkin baxışdan çox bəyəndim və müsbət cavab verdim. Ətraflı məlumata sahib deyiləm. Avqust ayında İstanbulda layihə təşkilatçıları ilə görüşümüz olacaq. Onda daha ətraflı məlumat əldə edəcəm. Bu barədə yenilikləri sosial şəbəkə hesablarımdan paylaşacam.

- Kariyeranızda ilhamlandığınız kimlər var? Kimi örnək hesab edirsiniz?

Sevdiklərim, dinlədiklərim çoxdur, ancaq səmimi olsam, bu işə sevgim kimdənsə ilhamlanaraq yaranmayıb. Ola bilsin, kimdəsə yeniliyi, fərqliliyi görüb bəyənim. Amma nümunə hesab etdiyim konkret bir şəxs, bir sənətçi yoxdur. 

- Hansı müğənni ilə duet etmək istərdiniz?

Hələ ki, belə bir fikrim yoxdur. Amma olsa, çox güman ki, Zamiq olar, çünki tərzini sevirəm və maraqlı layihə ərsəyə gətirə biləcəyimizə əminəm. 

- Musiqi həyatımızın ayrılmaz parçasıdır. Sizcə, bir mahnı insanın fikirlərini dəyişə bilərmi?

Məncə, bu vəziyyətə görə dəyişər. Tam dəyişə bilməsə belə fikirlərimizi toparlamağa kömək edər. 

- Ən çox sevdiyiniz və sizin düşüncə, xarakterinizi əks etdirən mahnınız hansıdır?

Məncə, heç biri tam mən deyiləm. Amma hər mahnıda, əlbəttə ki, bir və yaxud iki cümlə mənə aid olur. Bütün musiqilərimi sevirəm və sevə-sevə oxumuşam, amma “Sevdim” mahnısını daha çox sevirəm.

- Həyatınızda "Yaxşı ki..." dediyiniz nə var?

Bu, sirr qalsın, bəlkə, nə vaxtsa bu mövzuya açıqlıq gətirərəm. 

- Bir müsahibənizdə qeyd etmisiniz ki, aktrisalığa da həvəsiniz var. Sizi aktrisa kimi layihələrdə görə bilərikmi?

Təbii ki, düzgün, keyfiyyətli bir iş olsa, niyə də yox? Yenilik etməyi sevirəm. 

- Bu gün bəstələnən mahnıların əksəriyyəti yaddaşlarda uzun müddət qalmır. Bunun günahı, sizcə, bəstəkardadır, yoxsa müğənnidə?

Məncə, burada günah axtarmağa ehtiyac yoxdur.  Texnoloji inkişaf, qlobalizasiya bu sahəyə də öz təsirini göstərib. Yüksək rəqabəti hiss etmək olur. Texnologiyanın inkişafı ilə bu sahədə debüt edənlərin sayı hər gün çoxalır. Yeni bəstələnən, yayımlanan o qədər çox mahnı olur ki, trendlər də davamlı olaraq yenilənir. Dinləyici bir mahnını tam dinləyib sevənə qədər trendlər dəfələrlə dəyişilir. İndi yaddaşlarda qalmaq elə də asan deyil. 

- Özünəməxsus bir üslubunuz var. Bəs gələcəkdə sizi tam fərqli obrazlarda görə bilərik?

Bunu zaman göstərər. Dəyişikliyi, yeniliyi sevən biriyəm. Hər zaman maraqlı, fərqli proyektlər axtarışındayam. 

- Sosial şəbəkələrdə tərziniz və geyiminiz haqqında xeyli şərhlər alırsınız. Bu, sizin üçün önəmlidirmi? Elə bir şərh olub ki ondan sonra özünüzdə nə isə dəyişmisiniz? 

Təbii ki, rəylər mənim üçün önəmlidir və mütəmadi oxuyuram. Fikrini doğru ifadə edə bilən insanın yazdığı rəyi analiz edib bir növ özümə dərs götürürəm.  

- Sizi motivasiya edən nədir?

Dinləyicilərin diqqəti, sevgisi, müsbət rəylər... Gördüyüm işin dəyərləndirilməsi məni yeni layihələr üçün daha çox həvəsləndirir. 

- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?

Əsas məqsədim qlobal müstəviyə çıxmaqdır. Yerli yaradıcılıq işlərimdə topladığım təcrübədən qlobal müstəvidə daha yaxşı işlər ortaya qoymaq üçün istifadə edəcəm. 

 - Son olaraq, oxucularımıza nə demək istəyirsiniz?

Müsahibəni sona qədər oxuyan hər bir oxucuya öz dərin təşəkkürümü bildirirəm, Göstərdikləri diqqət və sevgi üçün minnətdaram.