Heyvanları qorumaq təbiəti qorumaqdır

Heyvanları qorumaq təbiəti qorumaqdır

 Heyvanlar həyatımızın əvəzedilməz parçasıdır. Onlar dünyanın hər bir yerində var. Hələ ilk zamanlardan heyvanlar insanların da həyatda qalmasında mühüm rol oynamışdılar. İnsanlar heyvanların ətindən istifadə etmiş, zamanla onları əhlilləşdirməyi bacarmış və beləliklə, heyvandarlıq təsərrüfatının da əsasını qoymuşdur. Vaxtikən insanların sağ qalmasına kömək edən bu heyvanlar zamanla elə insanlar tərəfindən müxtəlif şiddətlərə məruz qalmışdır. İnsanlar heyvanlardan fərqli olaraq, şüura sahibdirlər. Lakin buna baxmayaraq, onlar bəzən sanki dünyanın sadəcə özlərindən ibarət olduğunu sanmış və heyvanları, sözün əsl mənasında, görməzdən gəlmişlər. Beləki, insanın yaşamasında, sağlamlığında hər zaman heyvanların köməkliyi olmuşdur. İnsan orqanizmində ət və süd məhsulları önəmli mövqe daşıyır ki, bu məhsulları da biz heyvanlardan alırıq. Bəs bu və ya digər səbəbdən faydalana bilmədiyimiz heyvanlar? Elə isə onlar lazımsızdır və öldürülməlidir? Təbii ki, bu belə deyil. Yırtıcı heyvanların, quşların da yaşamağa haqları var, eynilə bir dünyada həm pis, həm də yaxşı insanların yaşadığı kimi. Aparılan müşahidələrə əsasən deyə bilərik ki, son dövrlərdə heyvanların öldürülməsi, heyvanlara verilən işgəncələr olduqca çoxalıb. Əslində, 1978-ci il oktyabrın 15-də Parisdə UNESCO-nun binasında “Beynəlxalq heyvan haqları Bəyannaməsi” qəbul olunub. Bu sənəd 10 bənddən ibarətdir və "Dünya İnsan Haqları Bəyannaməsi"nin əsasında hazırlanaraq heyvanların da müdafiə olunmaq, yaşamaq hüquqlarının olmasını özündə əks etdirir. Təəssüflər olsun ki, dünyada yaşayan bir çox insan belə bir bəyannamədən xəbərsizdir. İnsanlar fauna aləmini məhv edə biləcəklərini düşünmədən, müxtəlif növ heyvanları və quşları ovlayaraq bir çox canlıları nəsillərinin kəsilməsi təhlükəsilə qarşı-qarşıya qoydu. Buna görə də, Azərbaycan 1989-cu ildə nadir və nəsli kəsilmək təhlükəsi olan heyvan və bitki növlərini özündə əks etdirən "Qırmızı Kitab"ın ilk nəşrini çap etdi və bu dövlət sənədi hər 10 ildən bir yenilənir.

 

QAYĞI AİLƏDƏN BAŞLAYIR

 Uşaqlar, adətən, çox şeyi ailələrindən mənimsəyirlər. Belə bir ifadə var: Uşaq evin güzgüsüdür. Əgər bir ailədə sevgi və qayğı yoxdursa, o ailədə böyüyən uşaq da bu hisslərdən uzaq olacaq və bu da onun bütün ətraf aləmə nifrətlə yanaşmasına səbəb olacaq. Uşaqlara erkən yaşlarından ətraf mühiti qorumağı və sevməyi valideyni öyrətməlidir. Əvvəla, heyvanlar uşaqların inkişafında aparıcı rola malikdir. Heyvanlar uşaqların emosiyalarına, zehni, fiziki və sosial inkişafına olduqca xeyirlidir. Lakin bu o demək deyil ki, siz övladınızın yaxşı inkişafı üçün onun məsuliyyət daşıya bilməyəcəyi yaşda ona bir heyvanı əmanət edəsiniz. Çünki heyvanlar oyuncaq deyil. Onların öhdəliyi uşağınızdan əvvəl özünüzün üzərinə düşür. Baxa bilməyəcəyiniz təqdirdə həmin heyvanları sahiblənməyin. Amma sahiblənə bilmədiyiniz üçün də uşaqlarınızı heyvanlardan məhrum etməyin. Ən azından onları fermalara aparın, heyvanlardan bəhs edən kitabları oxuyun və ya filmlərə baxın. Əks halda, uşaqlarınızda heyvana qarşı fobiya yaranacaq. 

 Ailədən sonra, heyvanlara mərhəmət və məhəbbət məktəblərdə də icra olunmalıdır. Məktəblərdə tətbiq olunan "Biologiya" fənni sayəsində uşaqlar heyvanların, bitkilərin orqanizmini öyrənə bilər. Bəs "Heyvanları necə sevmək olar?" sualının cavabını bu kitablarda tapa bilərmi? Fənni tədris edən müəllimin üzərinə burada böyük məsuliyyət düşür. Çünki heyvanın da, quşun da ürəyinin olduğunu bilməsi uşağın həmin heyvanı sevməsi demək deyil. Müasir dövrdə bir çox azyaşlılar heyvanlara işgəncə etməkdən həzz alırlar. Yeni il ərəfəsində satışı qadağan edilməsinə baxmayaraq, hələ də alınması mümkün olan partlayıcıların heyvanların ağızlarına qoyulması, onların üstlərinə atılması çox görünüb. Bu isə zülmdür. Uşaq vaxtında bunu edən biri böyüdüyü zaman nələr etməz? Mövzunun üzücü yanı isə budur ki, təkcə uşaqlar deyil, bəzi böyüklər də heyvanlara qarşı şiddət törədir. Bunlara ən yaxşı nümunələr kimi heyvan döyüşlərini göstərmək olar. Xoruzları, itləri, öküzləri, buğaları döyüşdürmək və bundan zövq almaqla yanaşı, pul da qazanmaq vəhşilikdir. Bu mövzuda müəyyən cərimələrin olmasına baxmayaraq, bunu hələ də edənlər var. Həmçinin heyvanların qulaqlarının, quyruqlarının kəsilməsi, onların öz mühitlərindən uzaqlaşdırılması da qəbuledilməzdir və cərimələr bu mövzuda da keçərlidir. Amma cərimələrin məbləği o qədər azdır ki, onu ödəmək işgəncəyə meyilli insana problem olmur.

 Bundan başqa, qəssab dükanlarının önündə heyvanların insanların gəliş-gediş yolunda kəsilməsi də heç yaxşı bir hal deyil. Nəzərə alsaq ki, oradan uşaqlar da keçir və onlar da bu səhnənin şahidi olur, bu problemin həllinin tapılması daha yaxşı olardı. Çünki bu kimi durumlar uşağın psixologiyasına mənfi təsir edir və ona heyvanların sadəcə kəsilmək, yeyilmək üçün olması düşüncəsi aşılanır. Övladlarınızın gələcəkdə qatil, zülümsevər biri olmasını istəmirsinizsə, bunlara diqqət yetirməli və qarşısını almağa çalışmalısınız.

ONLARA DA "İNSAN" DEYİLİR

 Sosial mediada bir çoxumuz heyvanlara edilən əziyyətləri görmüşük. Dünyanın hər bir yerində insan cildindəki məxluqlar heyvanlara ağılalmaz işgəncələr edir. Heyvanlara edilən təcavüzlər, heyvanların gözlərini çıxartmaq, əl-ayaqlarını, cinsiyyət orqanlarının kəsmək, diri-diri yandırmaq, maşınların arxasına bağlayıb sürümək, daş ilə başlarını yarmaq, zəncirləyib günlərlə ac-susuz saxlamaq, güllələmək, elektrik vermək, pəncələrini deşərək zəncir salmaq, dərilərini soymaq və daha nələr, nələr... Bunlar bizim xəbərimiz olanlardır, amma elələri var ki, mediadan gizlin şəkildə törədilib. Ən dəhşətlisi isə bunları edənlərin də "insan" olmasıdır. İnsan cildindəki insanlıqdan bixəbər bu cür məxluqlar əllərini-qollarını sallayaraq ətrafımızda dolanır və bir çox insan onların etdiklərini gördüyü halda susub izləyir və yaxud videoya çəkib paylaşır. Bəs bunların həmin vəhşilərdən fərqi varmı? Xeyr, zülmə susub tamaşa edən də zülmkardan fərqsizdir. Heyvanlara edilən şiddətlərin başqa növlərini də qeyd etmək istəyirəm. At, eşşək arabalarını görmüşük. Bir diqqətlə baxmısınızmı həmin arabalara? Arabaya nə qədər yük yığılır, hələ bir insanın özü də çıxır onun üstündə oturur, əlinə də bir qamçı alıb heyvanı döyərək sürətli olmağa çağırır. Heyvan da beli sına-sına, ayaqlarında taqət olmadığı halda məcburdur belindəki yükləri daşımağa. Bir dəfə yaxınlaşıb həmin heyvanın gözünə yaxından, diqqətlə baxsanız, bir dəfə empatiya adlanan duyğunuzu işə salıb özünüzü onların yerində hiss etsəniz, bəlkə, o zaman anlayarsınız həmin heyvancığazları.

 Yüzlərlə pul verib kürklər alırsınız, çantalarınızın, ayaqqabılarınızın, təbii dəridən olmasını istəyirsiniz. Həmin heyvanların ölüm səbəbi olduğunuzu düşünmürsünüzmü? İlan, tülkü, dovşan və ya başqa bir heyvan. Onlar da sizlər kimi canlıdır, nəfəs ala bilirlər, onların da eynən sizdə döyünən ürək kimi ürəkləri var, amma ətdən, daşdan yox... Ayıları, şirləri, filləri və başqa heyvanları sirklərdə əyləncə məqsədilə istifadə edirsiniz. Əhlilləşdirib oyuncaq kimi davranırsınız onlarla. Bəzən onlar sizə hücum edir, lakin yenə günahkar olurlar. Halbuki onları öz doğma təbiətlərindən gətirən sizsiniz. Zooparkların gözəl yerlər olduğunumu düşünürsünüz? Sizi öz doğma yurd-yuvanızdan zorla ayırıb başqa bir yerə sırf nümayiş xatirinə aparsalar xoşbəxt olardınızmı? Zooparklar da, heyvanların məsxərəyə qoyulduğu sirklər də düşünürəm ki, ləğv olunmalıdır. Heyvanların da hissləri, duyğuları var.  Onlara qarşı duyarsız olmayın.

 Bəzi insanlarda bir də qara pişik inancı var. Yol gedərkən önlərindən qara pişik keçərsə, işlərinin tərs gedəcəyinə və həmin gün işlərini təxirə salmalı olduqlarına inanırlar. Bu necə də mənasız və cahilcə düşüncədir?! Pişiyin rəngi qara ola bilməzmi? Ağ pişik keçərsə önündən, bütün işlərin qaydasındamı olacaq? Sənin işin uğurlu alınmayıbsa, burada pişiyin nə günahı var? Olduqca gülüncdür. Əgər problem qara rəngdədirsə, qara paltarlı biri də keçə bilər önünüzdən. Onun üçün də eyni şeyimi düşünəcəksiniz? Belə bir şey ağıllı insanlar tərəfindən tamamilə xurafat adlandırılıb. Əgər bir yerə getdiyiniz zaman qarşınızdan qara rəngli pişik keçərsə, təəccüblənməyin, pişik də sizin kimi yol gedə bilər. 

 Heyvanların yaşamı sadəcə quruda və havada yox, suda da mövcuddur. Son dövrlər sudakı heyvanlarının sayının azalması təhlükəsi qaçınılmazdır. Buna səbəb isə yenə də insanlardır. Dəniz kənarlarında, okean sahillərində insanlar istifadə etdikləri məhsulların paketlərini suya atdıqları zaman oradakı canlıları düşünmürlər. Plastik məmulatlar, siqaret kötükləri balıqların, balinaların qarnına gedir və həzm olunmadığına görə canlının ölümünə səbəb olur. Bu məsələlər dəfələrlə işıqlandırılsa da, insanlar hər zamankı kimi öz çirkin əməllərindən əl çəkmir. Beləliklə, insanlar təbiətin bir parçası olmasına baxmayaraq, təbiətin ən böyük düşməninə çevrilirlər.

CƏZALARI BUNUNLA BİTMƏMƏLİDİR

 Bəzi ölkələrdə yuxarıda qeyd etdiyim vəhşiliklərin bir çoxunun bədəlini sadəcə pul verərək ödəmək olur. Yəni yol ilə gedərkən yolun bir tərəfində oturmuş bir heyvanı təpikləmənin, heyvanı maşının arxasına bağlayıb sürümənin, öldürməyin, təcavüzün, doğramanın, bir sözlə, Allahın yaratdığı canı yox etmənin cəzası sadəcə müəyyən qədər pul ilə ödənilir və söhbət bağlanır. Bu ədalətlidirmi? Bu vasitə ilə heyvanları qorumaq mümkün deyil. Nəyə görə bu və bundan daha ağır şiddətləri törədənlər həbs olunmur? Əslində, bəzi Avropa ölkələrində heyvanların hüquqları lazımınca müdafiə olunur. Almaniya Konstitusiyasına görə, əgər çəkilişlər heyvana əziyyət verirsə, onları filmlərə çəkmək qadağandır. Avstraliyada cücələri sıx qəfəslərdə saxlamaq, yırtıcıları sirklərdə saxlamaq, itlərin qulaqlarının, quyruqlarının kəsilməsi, zəncirlənməsi, mal-qaranın sıx iplə bağlanması qadağandır. İtaliyada şəxs öz itini və ya pişiyini küçəyə atarsa, yüklü məbləğdə cərimə olunur. Fərq göz önündədir. Təbii ki, şiddətin azı-çoxu yoxdur. Şiddət hər zaman şiddətdir. Lakin sadalanan ölkələr qeyd olunan növ şiddətlərə olduqca çox cərimə qoyarkən, başqa ölkələrdə heyvanların hətta canlarının alınması ya cüzi cərimə ilə həll olur, ya da görməzdən gəlinilir və heç nə olmamış kimi davranılır. Bəs bu kimi hadisələr onları edənlərin, yaxud yaxınlarının başına gəlsə, bu qədər asan həll olunmasına göz yumardılarmı? 

HEYVANLARIN SƏSSİZLİYİNİ DİNLƏ

 Heyvanlar özlərini bir insana ifadə edə biləcək düşüncəyə sahib deyillər. Lakin insan yaradılışın ən ali məxluqu olaraq onların səssizliyini də eşitməli, görməzdən gəlməməlidir. İstəyir fəsil yay olsun, istəyir qış, küçələr heyvanlarla doludur. Getdiyimiz hər yolda azı bir ya iki it, pişik qarşımıza çıxır. Sahibləri olan heyvanların ehtiyacları öz sahibləri tərəfindən ödənilərkən, küçə heyvanları sırf bir insana aid olmadığı üçün acından, soyuqdan ölməli deyil. Heyvan sahiblənmək məsuliyyətli işdir, lakin çətin deyil. İnsan övlad dünyaya gətirəcəyi halda, ona necə sevgi və qayğı göstərəcəksə, bir heyvan sahiblənmək də bir övlad sahiblənməyə bərabərdir. Nəticədə hər iki halda qarşılıqlı sevgi və bağlılıq yaranır. Soyuq fəsillərdə pişiklərin də, itlərin də küçədən yemək tapması çətinləşir. Həm də onlar da üşüyə bilirlər. Bəzi insanlar düşünür ki, heyvanların tükləri var, bu onları soyuqdan qoruyur. Bu səhv düşüncədir. Əgər elə olsaydı, bizim də dərimiz bizi soyuqdan qoruyardı və qalın paltarlara bürünməyimizə ehtiyac qalmazdı. Əslində isə, heyvanların tükləri onları müəyyən qədər qorusa da, yağış və ya qarda bu tüklər islanır və soyuq artıq bir başa heyvanın yaş bədəninə təsir edir. Qışda itlərin 17 saat, pişiklərin isə 6 saat ac qaldıqları zaman soyuğun da təsirilə ölməsi bilinir. Bir insanın küçədəki heyvanı sahiblənməsi, cins heyvanlara müəyyən qədər pul verib alan insanlardan daha qiymətləndirici haldır. Sahiblənməyə şəraiti olmayan insanlar isə barı qapılarının, binalarının girəcəyindən bir qab yemək və suyu əskik etməsinlər. Həmçinin, bacardıqca heyvanlara taxta və ya kartondan evciklər düzəldib islanmayacağı yerlərdə qoysanız, küçədəki heyvanların həyatda qalmasına müəyyən qədər kömək etmiş olarsınız. Heyvanlara şiddət göstərməyin və şiddət göstərənlərə də biganə olmayın.

HEYVANLAR HAQQINDA BƏZİ İFADƏLƏR

Bütün canlılar şiddət qarşısında titrəyər, hamısı ölümdən qorxar, hamısı həyatı sevər. Özünüzü onlarda görün. O zaman kimi incidə bilərsiniz ki? (Sidartha Buddha)

Heyvanlara qarşı acımasız olan biri yaxşı insan ola bilməz. (Arthur Schopenhauer)

İtlər düz bir yazıdır, pişiklər isə bir şeir. (Jean Burden)

Canlı heyvana işgəncə, əziyyət edənə lənət olsun. (Hz. Məhəmməd)

İnsan ruhunun bir parçası heyvan sevgisini dadana qədər oyanmaz. (Anatole France)

Ən yaxşı dostlarımız heyvanlardır; nə sual verərlər, nə də qüsur, qəbahət görərlər. (George Eliot)

 

Bir millətin büyüklüyü və əxlaqi inkişafı heyvanlara olan davranış şəkli ilə dəyərləndirilir. (Mahatma Gandi)

Unutma ki, heyvanlar öz həyatlarını yaşamaq üçün doğulublar, sənə xidmət etmək üçün yox! Onları tükətmə. Burax, öz həyatlarını yaşasınlar. (Məhməd Murad İldan)

Qürur nədir? Hər kəsin səni yaxşı ,tərbiyəli, insan sevgisiylə dolu sanması istəyidir yalnızca. Təbiətə qarşı sayğı duy bir az. Heyvanlar haqqında olan bir neçə film izlə və necə bir yaşam savaşı verdiklərini gör. (Paulo Coelho)

Həyatlarına bir heyvanı qəbul etmədən yaşayanların əskik yaşadıqlarına inanıram mən. Amma yenə də bu günə qədər bir heyvanınız olmasa da, küçə itlərinin sizə necə baxdıqlarına, gözlərinin içinə sizi necə çəkdiklərinə diqqət edin; bunun fərqinə vardığınızda hər şeyi anlamaya başlayacaqsınız, məncə. (Pakizə Barış)