Heç olmasa, bir dəqiqə...

Heç olmasa, bir dəqiqə...

Sən məni tanımazsan, cənab polkovnik. Əslində məni tanıyıb-tanımamağın o qədər vacib deyil. Sən öz doğmaların, əzizlərindən ötrü də, mənim kimi tanımadığın, üzünü bircə dəfə belə, görmədiyin insanlar üçün də eyni fədəkarlığı göstərdin- sinəni sipər etdin. Biz şəhərin mərkəzində gündəlik həyatımıza davam edəndə siz orda atışır, ölümün gözünün içinə dik baxırdınız. Görünür, hərbçiliyin də səciyyəvi xüsusiyyəti bundan ibarətdir-bütöv bir millət uğrunda canından, qanından keçməyə hazır olmaq və lazım gələndə bunu bacarmaq. 
  Amma oğlun Elvin Mirzəyev, yəqin ki, tanıyar. Hər halda mən onu görən andaca kim olduğunu bildim. Hansısa televiziya kanallarından birində səndən danışırdı - gözləri yaşlı, görkəmi məğrur. Ekranda görən kimi  illər əvvələ qayıtdım - o vaxtlar birlikdə eyni müəllimin yanına, riyaziyyat məşğələsinə gedirdik. Nə isə, sözüm onda yox... Elvinin nitqi, xüsusilə bir neçə cümləsi mənə çox təsir etdi. “...Düzü, kiməsə zəng etməyə çəkinirdim. Aprel döyüşlərində də, indi də ancaq atamdan xəbər gözləyirdim. Zəng edirdi. Otuz saniyə, bir dəqiqə danışırdıq. İyirmi dörd saatda maksimum bir dəqiqə danışırdıq...”. O bir dəqiqənin nə qədər qiymətli olduğunu, hansı hisslərlə müşayət olunduğunu təsəvvür etmək mənim üçün elə də çətin deyil. Hər iki tərəfin, necə deyərlər, ürəyinə su səpilirdi. Gözlər arxada qalmırdı...
 Bir dəqiqəlik sonuncu telefon danışığınız nə vaxt olub, bilmirəm. Döyüşlər başlamazdan bir gün əvvəlmi, iki gün əvvəlmi...Əşi...Guya bunun nə əhəmiyyəti var? Əgər həmin zəng sonuncu oldusa, daha bir-birinizin səsini eşitmədinizsə, nə vaxt danışmağınızın heç bir mənası yoxdur. Mən də nəyi qoyub, nəyi soruşuram...Cavabsız o qədər suallar var ki...Məsələn, sizin necə, hansı şəraitdə şəhid edilməyiniz. Kaş bir dəqiqəlik qayıdıb gəlsən, nəyin necə olduğunu, həqiqətən, əsgərlərinizin önündəmi getdiyinizi, yoxsa pusquyamı salındığınızı danışsan. Çünki dezinformasiyalar güllə kimi üstümüzə yağır. Əlbəttə, biz sənin və silahdaşların tək peşəkar deyilik. Ola bilsin, heç düşmən də həmin düşmən deyil...
 Səni bizdən, ailəndən, əsgərlərindən alan həmlədən bir az əvvəl, görəsən, nə düşünürdün? Yoldaşlarınla nə barədə danışır, nəyi müzakirə edirdin. Deyirlər, döyüş planı cızırmışsınız...
  Dörd il əvvəlki Aprel döyüşləri zamanı Lələtəpənin azad olunmasında general-mayor Polad Həşimov qədər sənin də xüsusi xidmətlərin olub. O vaxt bizə-Azərbaycan xalqına mahnıda da deyildiyi kimi xoş müjdəli bir savaşdan pay verməyi bacarmışdın. Daha növbə bizdədir, bu dəfə biz sənə qələbə xəbərini verəcəyik. Lakin sənin bir dəqiqənə çox ehtiyacımız var. Hərbi sirri vermədən o qədər qaranlıq məqama aydınlıq gətirə bilərsən ki...
  Gözdə - qulaqda ol. Qələbə uzaqda deyil...