''Haqsızlıq nəticəsində məğlub oldum''-MÜSAHİBƏ

''Haqsızlıq nəticəsində məğlub oldum''-MÜSAHİBƏ

Sentyabr ayının 11-də yekun vurulan birinci MDB oyunlarında, Azərbaycan komandası idmanın 13 növündə təmsil olunurdu. Yarışı 60 medalla başa vuran komandamız, medal sayına görə, 9 ölkə arasında 5-ci olub. Altmış medaldan 15-i qızıl, 16-sı gümüş, 29-u isə bürüncdür. Birinci MDB oyunlarında komandamıza gümüş medal qazandıran tayboksçumuz Rəvan Ağazadə, yarış haqqında 24media.az-a danışıb. 

 

 

 

Birinci MDB oyunlarında, muaytay idman növü üzrə gümüş medal qazandınız. Yarış haqqında təəssüratlarınızı bilmək istərdik. 

 

Yarış çox güclü səviyyədə təşkil olunmuşdu. Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB oyunlarına çox güclü hazırlaşmışdıq. Qəbələdə və Bakıda təlim məşq toplanışlarımız oldu. Birinci MDB oyunlarına, 67 kilo çəki dərəcəsində qatıldım. İlk olaraq Kazak idmançısı ilə döyüşdüm. Kazak idmançısını məğlub edərək yarımfinala yüksəldim. Yarımfinalda döyüşdüyüm idmançı Özbəkistan idmançısı idi. Onunla da çox ağır döyüş keçirdim. Yarımfinal mərhələsində də qalib gələrək final mərhələsinə yüksəldim. Finalda Belarusiya idmançısı ilə qarşılaşdım. Çox ağır döyüş keçdi. Belarusiya idmançısı da çox güclü idmançı idi. Təəssüf ki, bu döyüşü məğlubiyyətlə başa vurdum və 2-ci yerə layiq görüldüm. 

 

Bu məğlubiyyətdə hakim haqsızlığı ilə üzləşmisiz?

 

Bəli, final döyüşündə hakimlərin səhv qərarı nəticəsində yarışı 2-ci yerdə bitirdim. Onu da qeyd edim ki, bu mənim yuxarı yaş qrupunda ilk yarışım idi. Yuxarı yaş qrupunda qatıldığım ilk yarışda isə hakim haqqsızlığı nəticəsində məğlub oldum. 

 

Qarşıdakı yarışlara hazırlıq hansı səviyyədə gedir?

 

Nəzərə alsaq ki, komanda 1 il yarım məşqlər etmədi. Məşqə imkan olmadı. Pandemiya dövründə ümumiyətlə biz yarış keçirmədik və cəmi 3 ay, may ayının sonlarından başlayaraq məşqlərə start verdik. Qarşıda bizim yarışlarımız çoxdur. Dekabr ayının əvvəlləri Tailandda dünya çempionatı olacaq. O yarışa da hazırlığımız yüksək səviyyədə gedir. Yəqin ki, təlim məşq toplanışlarımız da müxtəlif yerlərdə olacaq. Bütün bunlara görə də, mən federasiyamızın prezidenti Azər Həsənsoya təşəkkür edirəm ki, bizə bütün bu şəraiti yaradır. Gənclərdən ibarət yığma komandanın və mənim şəxsi məşqçim olan Fəxri müəllimə də təşəkkürümü bildirirəm. Mənim üzərimdə onun əməyi çox böyükdür. 

 

Bildiyimiz kimi, muaytay-ın ifma versiyası üzrə Azərbaycanda ilk və hələ ki, yeganə dünya çempionusuz. Bu yarış haqda təəssüratlarınızı bilmək istərdik. Bir ilkə imza atmaq, ölkəmizin bayrağını beynəlxalq arenalarda dalğalandırmaq, necə bir hissdir?

 

Yarış 2019-cu ildə sentyabrın 28-dən oktyabrın 6-a dək davam etdi.Türkiyənin Antalya şəhərində təşkil olunan bu yarışa da 67 kilo çəki dərəcəsində qatılırdım. 1/8 finalda Amerika idmançısına qalib gələrək ¼ finala yüksəldim. Bu mərhələdə Moldova idmançısına qalib gəldim və yarımfinala yüksəldim. Yarımfinalda qardaş ölkə, Türkiyə idmançısı ilə qarşılaşdım. Bu mərhələni də keçdim və finala yüksəldim. Finalda isə Macarıstan idmançısı ilə qarşılaşdım. Bu döyüşü də qələbə ilə başa vuraraq dünya çempionu oldum. Azərbaycanın yeganə dünya çempionu olmağım, 3 rəngli bayrağımızı dalğalandırmağım, Azərbaycan himnini səsləndirməyim, çox gözəl idi. Bu anda isə, mən göz yaşlarımı saxlaya bilmədim. Çox sevindirici haldır, çox gözəl bir hiss idi.