“Hadisənin təsirindən çıxa bilmirik” - ADNA terrorunun şahidi

“Hadisənin təsirindən çıxa bilmirik” - ADNA terrorunun şahidi

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür.

Hadisənin şahidlərindən biri, universitetin "Kimya və qeyri-üzvi maddələrin texnologiyası" kafedrasının dosenti Afaq Məlikova həmin gün baş verənləri 24Media-ya danışıb: 

“Hadisə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusunda baş vermişdi. Xatırlayıram ki, gözəl və günəşli aprel səhəri idi. Mənim birinci dərsim yox idi. Universitetə gedəndə bir neçə tank yanımdan ötüb keçmişdi. Tankların hərbi bazaya aid olduğunu düşünüb yoluma davam etmişdim. Universitetin əsas korpusuna daxil olanda Cəmil adlı bir tələbəm mənə yaxınlaşıb: “Müəllim, digər korpusda atışma var, tələbələri öldürürlər, qaçıb bura gəldim”,- dedi. Təəccüb içərisində idim. Elə bu vaxt universitetin müəllimlərindən olan Həsən müəllim də tələbənin dediklərini təsdiqlədi. Həmin anda nə baş verdiyini anlamaqda çətinlik çəkirdim. Təcili yardım, polis maşınlarının səsləri həyətdən eşidilirdi.

Hadisədən bir az sonra, təxminən saat 11:00-da bizi evə göndərdilər. Axşam və hadisənin səhəri günü ətraflı məlumat verildi. Məlum oldu ki, bir oğlan binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb, daha sonra isə binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib. Sonralar həmin şəxsin Fərda Qədirov adlı bir gənc olduğunu öyrəndik.  
Terror aktı nəticəsində 12 nəfər qətlə yetirilib, 13 nəfər isə yaralanıb. Ölənlər və yaralananlar içərisində müəllimlər, laborantlar, tələbələr, qapı və yeməkxanaya süd məhsulları gətirən yaşlı, Salyandan gəlmiş Ayna adında qadın da var idi”.


Universitetdə həmin gün dövlət imtahanı keçirilirdi. O tələbələrin bir qisminə 2-ci kursda təhsil aldıqları zaman dərs dediyini bildirən Afaq xanım onları heç zaman unutmayacağını söyləyir:

“Qaz-neft və mədən fakültəsinin tələbələri həmişə savad və dünyagörüşləri ilə fərqlənirlər. Buranı universitetin "qaymaq" fakültəsi hesab etmək olar. O fakültədə dərs deyəndə təkcə öyrətmirəm, özüm də onlardan yeni nələrsə öyrənirəm.

Ölən tələbələrdən Ayaz, Ruslan, Taleh və Savalan da həmin fakültənin tələbələri olublar. 1 il onların qrupuna sevə-sevə dərs demişəm. Savalan çox savadlı tələbə olub. Yadıma gəlir ki, dərsə həmişə vaxtından tez gəlirdi, gələn kimi də dəftər-kitabını açıb dərsini təkrarlayardı.

Ayaz isə Savalandan fərqli olaraq həmişə gecikirdi. Qrup nümayəndəsi idi. Hər dəfə onu məzəmmət edirdim ki,  “Sən axı örnək olmalısan", o isə gülərək “Müəllim, daha gecikməyəcəm" deyirdi. Üzündə həmişə məsum bir gülüş var idi. Bu gün də o gülüş gözümün qarşısından getmir. Ayazın sevdiyi qız da var idi. Düzünü desəm qız haqqında ətraflı məlumatım olmayıb. Bir neçə dəfə dərsdə danışanda eşitmişdim. Amma anladığım qədər qızı çox sevirdi.

Ruslana da dərs demişəm. O, ağlımda digər tələbələrə nisbətən sakit, qaynayıb-qarışmayan biri kimi qalmışdı.

Hadisə baş verən gün imtahan verirdilər. Savalanın bacısı da bu universitetdə oxuyurdu. Bacısı ona zəng edib, atışma olduğunu deyib. Savalan tez özünü bacısının yanına yetirmək üçün qapıdan çıxanda Fərda adlı həmin şəxs onu başından vurmuşdu. Savalanın ardıyca çıxan Ayaz və Talehin də alnından vurmuşdu. Həmin mərdimazar necə xüsusi öyrədilmişdisə hamısının başından vurmuşdu gülləni.

Tələbələrini unudan biri deyiləm. Amma bu tələbələrimi, o qrupu, ümumiyyətlə, heç vaxt unutmayacam. Çünki çox savadlı və xarakterləri gözəl uşaqlar idi. Belə gözəl övladlar da elə mərdimazarın, belə hadisənin qurbanı oldular..."

 

Terror hadisəsindən bir neçə gün sonra universitetdə tədris bərpa edilsə də narahatlıq və təşviş hissi hökm sürməkdə davam edib. Afaq xanım bildirir ki, həmin günlərdə tələbələrə qayıb məsələsində də güzəştlər edilirdi:

“Əksəriyyəti 4-cü kurs tələbəsi olduğu üçün bir çoxumuz onları tanıyırdıq. Eləcə də müəllimlər, ümumiyyətlə, ölən və yaralanan bütün universitet əməkdaşlarına görə dərin kədər hissi var idi. Sarsılmışdıq. Bütün günü ağlayırdıq. Mən özüm evdə olarkən də bu haqda xəbərləri oxuyub saatlarca göz yaşımı saxlaya bilmirdim. İnsan öz doğmasını itirəndə necə pis olursa, eynilə o vəziyyətdəydik. Ölənlərin bir çoxu rayonlardan gələnlər idi. Həmin bölgələrdə də dəfn etmişdilər. Ayazgilin evi mənim yaşadığım yerə yaxın idi. Onların ailəsinə başsağlığı verməyə getmişdik. Rayonlara gedən, hadisədən təsirlənib gələ bilməyən tələbələrə güzəştlər edilirdi. Hər kəs bir-birinə dəstək olmağa çalışırdı. Amma, ümumiyyətlə, bir çoxumuz hələ də hadisənin təsirindən çıxa bilmirik”.

Müsahibimiz hər il bu qanlı hadisəyə xüsusi diqqət ayrıldığını vurğulayır:

"İlk zamanlarda bu hadisəyə beynəlxalq səviyyədə diqqət çox ayrılmadı. Xarici saytların bəziləri bu haqda yazmışdı. Bəzi dövlət başçıları ölkəyə başsağlığı vermişdi. Düşünürəm ki, o hadisə son illərdə olsaydı daha çox işıqlandırılardı. Düzdür, istintaq-əməliyyat qrupu yaradıldı və araşdırmalara başlanıldı.

2017-ci ildə 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunuş barelyefin açılışı oldu. Hər il terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir, barelyefin önünə gül dəstələri qoyulur. Elə həmin il universitetin tələbə təşkilatı tərəfindən hadisə ilə bağlı qısa film də çəkilmişdi. Keçən il təhsil naziri Ceyhun Bayramov terror aktı zamanı həlak olanların yaxınları ilə görüşüb qurbanların xatirəsinə həsr olunmuş barelyefin qarşısına əklil qoymuşdu.  
 

Qeyd edim ki, bu hadisəni unutmaq qeyri-mümkündür. Universitetə daxil olan tələbələr də bu haqda tez-tez maraqlanır, suallar verirlər. Biz özümüz də bacardığımız qədər ətraflı danışmağa çalışırıq. Çünki bu hadisə, doğrudan da, dəhşətli idi". 

 

O, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlanan bu ali təhsil ocağında tələbələrin təhlükəsizliyi ilə bağlı tədbirlərin yüksək səviyyədə görüldüyünü də qeyd edir: 
 

“Ehtiyat igidin yaraşığıdır deyiblər. Hazırda universitetimizdə əməkdaşların və tələbələrin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülüb. Universitetə daxil olarkən hər kəsin vəsiqəsi yoxlanılır. Bütün auditoriyalarda, dəhlizlərdə kameralar quraşdırılıb. Ümumiyyətlə, universitet elektron sistemə artıq illərdir ki, keçib. Yüksək texnologiyalara cavab verən, tələbələrinin maksimum inkişafına çalışan universitetik.

Yeri gəlmişkən, bu qanlı hadisədən sonra Azərbaycanın dövlət orqanları aniterror tədbirlərini daha da gücləndirmişdi.

Ümid edirəm ki, bir daha heç bir universitetdə belə bir hadisə yaşanmaz. Həm ailələr, həm universitet, həm də insanlıq üçün çox faciəli bir hadisə idi. Bizə bu hadisəni unutmamaq və ölənlərə rəhmət diləmək düşür. Hər birinin ruhları şad olsun!"

 

 

Terror aktı nəticəsində ölənlər və yaralananlar;

Əməkdaşlar:

Neft-qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu (1940-ci il təvəllüdlü)

Nəzəri mexanika fakültəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı (1951-ci il təvəllüdlü)

Neft-qaz istehsalı və emalı texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu (1946-ci il təvəllüdlü)

Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı (1978-ci il təvəllüdlü)

 

Tələbələr:
 

Məmmədov Taleh Tariyel oğlu (1988-ci il təvəllüdlü)

Bəndəliyev Yusif Telman oğlu (1989-cu il təvəllüdlü)

Bağırov Ayaz Cavanşir oğlu (1988-ci il təvəllüdlü)

Cabbarov Savalan Allahverdi oğlu (1987-ci il təvəllüdlü)

Abdullayev Emin İmaməli oğlu (1989-cu il təvəllüdlü)

Babaşov Ruslan Cəfər oğlu (1990-ci il təvəllüdlü)

Aslanov Ceyhun Sakit oğlu (1988-ci il təvəllüdlü)

Akademiyaya süd məhsulları gətirən Qurbanova Ayna Abbasqulu qızı (1957-ci il təvəllüdlü)

Yaralananlar:
 

İsayev Kənan
Mustafa Məhəmməd
Rüstəmbəyov Faiq
Şirəliyev İlkin Azər oğlu (1989-cu il təvəllüdlü)
Mustafayev Elşən Elbəy oğlu (1989-cu il təvəllüdlü)
Axundov Rəhman
Cəmiyev Elvin Azər oğlu (1989-cu il təvəllüdlü)
Hüseyinli Zemfira
Daas Muavviyyə 
Seyidəhməd Əmru


Sonda, 24Media olaraq ölənlərə Allahdan rəhmət, yaxınlarına səbir diləyirik. Üzərimizə düşən vəzifə bu hadisəni unutmamaq, unutdurmamaqdır!