"Hər üç "Pərdə" real hadisələr əsasında çəkilib"- rejissor Emil Quliyevlə MÜSAHİBƏ

24Media-nın budəfəki müsahibi "Pərdə", "İkinci Pərdə", "Sonuncu Pərdə" tammetrajlı, həmçinin bir sıra məşhur qısametrajlı filmləri ilə tanınan rejissor Emil Quliyevdir. 

Emil bəy, hazırda Azərbaycan kinematoqrafiyasında səviyyəli filmlərin azlıq təşkil etməsi peşəkar kadrların, yoxsa sponsorların olmamasından irəli gəlir?

- Peşəkar kadrlarımız az da olsa var. Onlar demək olar ki, filmlərin 90% maliyyəsini özləri axtarıb tapır. Ya dostlardan, ya qohumlardan, ya da ki, gözəgirən formada öz məhsullarını "soxuşdurmağ"a çalışan sponsorlardan. Yaxşı film böyük maliyyə tələb edir və sponsorlar bu halda yalnız əlavə dəstək kimi çıxış etməlidir. Filmin əsas büdcəsi isə böyük studiyalardan, kino şirkətlərindən və nüfuzlu prodüserlərdən gəlməlidir. Təəssüf ki, onların heç biri bizdə tam formalaşmayıb.

Necə düşünürsünüz, sovet dövründə çəkilmiş rejissor işinə və aktyor oyununa görə ən güclü film hansıdır?

- "Bəyin oğurlanması", "Hər şey yaxşılığa doğru" və "Fəryad" filmlərini qeyd edə bilərəm.

Karyeranız boyunca bir çox aktyorlarla işləmisiniz. Onların arasında "Bu, mənim adamımdır" dediyiniz kimsə var?

- Aktyorlarımızın əksəriyyətində böyük potensial var. Mənim hələ bir çoxu ilə iş birliyim olmayıb. Ümid edirəm ki, yaxın gələcəkdə bu fikir məndə tam formalaşacaq.

Bəs filmlərinizdə yer almayan, amma oyunlarını bəyəndiyiniz hansı azərbaycanlı aktyorlar var?

- Bir çox aktyorlar var ki, onlarla iş birliyi qurmaq istəmişəm. Müəyyən səbəblərdən bu, baş tutmayıb. Onların arasında Gülzar Qurbanova, Rasim Cəfər, Qurban İsmayılov, İlqar Cahangir, Mehriban Xanlarova, Fəridə Şahbazova və digərlərini qeyd edə bilərəm.

Sosial şəbəkələrdən görünən qədəri ilə videobloger və aktyor Taleh Yüzbəyovla yaxın münasibətiniz var. İzləyiciləriniz Yüzbəyovu gələcək layihələrinizdə görə biləcəkmi?

- Bəli, münasibətimiz çox yaxşıdır. Mütləq ki, onunla bir filmdə çiyin-çiyinə vuruşacağıq.

Çəkdiyiniz filmlərdə qadın obrazları azlıq təşkil edir, bunun səbəbi nədir?

- Seçdiyim mövzular.

Müsahibələrinizin birində "Pərdə" və "İkinci pərdə"nin çəkilməsinin müəyyən hadisələrlə bağlı olduğunu demisiniz. Bəs "Sonuncu pərdə"ni çəkməyə sizi nə sövq etdi?

- Eyni səbəblər. Hər üç film real həyatdan götürülüb və bir qədər bədiiləşmiş formada ekranlaşdırılıb.

""Pərdə"ni çəkmək üçün komediya çəkməyə məcburam",- demisiniz. Bəs "Pərdə"lər ortaya çıxandan sonra sponsorların ciddi filmlərə olan yanaşmalarında hər hansı dəyişikliklər olubmu?

- Xeyr. Sponsor necə ki əvvəl yox idi, indi də yox kimi bir şeydir.

Hazırda "Mən burada tək olmuşam" filminin üzərində işləyirsiniz. Vəziyyət nə yerdədir?

- Filmin çəkilişləri şükür ki, vaxtında bitdi. Elə çəkilişlər tamamlanandan bir gün sonra da karantin başladı. O vaxtdan bu vaxta film dayanıb. Görək nə olur. Bir ümid yerimiz var, onu da hələ ki, açıqlamaq istəmirəm.

Bu filmin digərlərindən daha ağır və peşəkar çəkildiyini bildirmisiniz. Nümayiş olunduqdan sonra hər hansısa festivala göndərmək fikriniz varmı?

- Tamamilə doğrudur. Çox əziyyətli bir iş oldu. Bu dəfə ali məqsədimiz festivallara düşməkdir.

Belə bir deyim var ki, insanları dinlədiyi musiqilər və baxdığı filmlər formalaşdırır. Bəs Emil Quliyevi formalaşdıran 3 əsas film hansıdır?

- Deməzdim ki, formalaşdırıb, amma çox bəyəndiyim filmlər bunlardır:

Stiven Spilberq - "Şindlerin siyahısı"
Roberto Benini - "Həyat gözəldir" 
Frensis Koppola - "Xaç atası" 

Fəaliyyətə yeni başlayan rejissorlara nə məsləhət görərdiniz?

- Özlərini aldatmasınlar, konstruktiv tənqidə açıq olsunlar. Dayanmadan çalışsınlar və inkişaf etsinlər. Məqsəd varsa, vasitələr tapılacaq.


Bu sahədə arzunuz və məqsədiniz nədir?

- Əslində arzularımın bir çoxu reallaşıb. Məqsədim isə yerli filmlərimizi beynəlxalq arenaya çıxarmaqdır.

Emil bəy, biz də sizə uğurlar arzulayır və məqsədinizə çatmağınızı diləyirik. Vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkürlər!

- Var olun! Bu da sizə öz istehsalımız olan poster.