Həmrəylik günümüz qutlu olsun!

Həmrəylik günümüz qutlu olsun!

Riyakarlığı heç vaxt bacarmamışam, həmişə necə hiss etmişəm, onu da ifadə etmişəm, indi bu, kiminsə xoşuna gəlir, gəlmir, başqa mövzudur artıq.

İllərdir həmrəylik günü təbriklərini eşidəndə hər zaman sual verirdim ki, necə olur, bayramı keçirdirik, amma həmrəyliyi real hiss edə bilmirik xalq olaraq?! Özlüyümdə fikirləşirdim ki, hamımız özümüzə görə şəxsiyyətik, fərqli xarakterlər sahibiyik, fərqli peşələrdəyik, fərqli dəyər və prinsipləri daşıyırıq, özümüzə görə arzularımız, yanaşma və yaşam tərzimiz var. Fərqlilik gözəllikdir, rəngarənglikdir bu öz yerində! Amma istər-istəməz onu da fikirləşirdim ki, bu xalqın nümayəndələrini, bu qədər fərqli düşüncəli toplumu siyasi görüşündən, dünyagörüşündən, sosial statusundan, milliyətindən, cinsindən, dinindən, ziyalı və ya qeyri-ziyalı olmağından asılı olmayaraq, görəsən, bir araya nə gətirə bilərdi?! Dəyərlər, prinsiplər, hekayələr yoxsa nə?! Bəziləri tənəli sözlər də deyirdi, bu xalq düzələn deyil, burada oyadırsan, gedib orada yatır və s. kimi həvəsdənsalıcı, ruhu öldürən frazaları da eşidirdik cəmiyyət içində...

Nəhayət 2020-ci ildə bu suala cavab tapa bildim,  həmrəyliyi ilk dəfə iliklərimə qədər hiss edə bildim, ən çətin günlərdə xalqın gücünü sezdim: Qarabağ, əsgərlər, şəhidlər - hamının həssas nöqtəsi imiş, müharibəni dəstəkləyən də, dəstəkləməyən də, ömründə status yazmayan adamlar belə biganə qala bilmədi bu mövzuya. Hərə bacardığı qədər yardımda bulundu, əsgərinə dəstək oldu və s. İlk dəfədir ki, həmrəylik təbriklərini bu qədər içdən hiss edə bilirəm, nə mutlu bizə ki bunları səmimi hiss edə bildik, 31 il əvvəlki tarixin nostaljisi ilə yox, yeni hekayə ilə! 

Daha gözəl Azərbaycan üçün, ləyaqətli cəmiyyət qurmaq üçün, insan mərkəzli və insan ləyaqətinə hər yerdə sayğı və sevgi duyan xidmət sahələri qurmaq üçün, minimum problemli, maksimum sevincli günlər üçün də həmrəy olmağı öyrənək! 7-dən 77-yə hər kəs - biz möhtəşəm xalqıq, öz gücümüzü önəmsəyək, onun fərqində olaq, enerjimizi ağıllı və faydalı xərcləyək!

Həmrəylik günümüz qutlu, həmrəylik üçün səbəblərimiz bol olsun!

                                                        Samirə HƏSƏNLİ